"Biz problemlər içində üzürük"
"Bakı"nın qapıçısı Aqil Məmmədovun futbolinfo.az saytına müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir.
- "Sumqayıt"la oyuna hazırlıq nece gedir?
- Hər zaman olduğu kimi.
- Komandada ab-hava necədi?
- Vallah, klubda olan maliyyə problemi futbolçuların oyuna köklənməsinə imkan vermir. Klub rəhbərliyinin maliyyə cəhətdən kömək etməsini gözlədik. Ancaq hələki, ortalıqda heçnə yoxdu.
- Yenə də maaş almırsız ki? Klub prezidenti Hafiz Məmmədov çempionatın əvvəlində futbolçularla iclas keçirib, vəziyyətin düzələcəyini bildirmişdi. Ondan sonra futbolçulara pul verilməyib ki?
- Xeyr, ondan sonra uşaqlara pul verilməyib. Uşaqlar gör neçə aydı ki, maaş almır. Maaş verilmir deyə uşaqların da ciblərindəməşqə gəlib-getmək üçün pulları yoxdu.
- Məşq də etmirsiz?
- Hər futbolçunun cibində1-2 manat pul var. Premyer Liqada çıxış edən futbolçunun məşqə gəlməyi-getməyi var. Heç kimin pulu yoxdu. Nə həvəslə çıxıb məşq etsin?
- Bəs nə etməyi düşünürsüz? Yəqin ki, bu gün də məşqə çıxmayacaqsız?
- Bunu zaman göstərəcək. Vallah, bilmirəm.Görək də nə olur.
- Ümumiyyətlə bu barədə sizinlə söhbət edən yoxdu ki?
- Bir Yaşar Seyidovdu. Ondan başqa heç kim yoxdu.
- "Transfer pəncərəsi" də bağlanılıb. Bundan sonra nə etməyi düşünürsüz?
- Bilirsiz necədi? Biz qaldıq ki, komandaya kömək edək. Baxırsan ki, bizə heç kim dəstək göstərmək istəmir.
- Bu duruma nə qədər dözmək fikirindəsiz?
- Nəbilim? Qalmışam fikirləşə-fikirləşə. Uşaqların vəziyyəti çox pisdi. Mən özümü qoyuram bir kənara. 8 aydı ki, maaş almırıq. Deyən yoxdu ki, ay bala, nə yeyirsiz, nə içirsiz. Vəziyyət heç də yaxşı deyil. Futbolçu oyuna çıxanda gərək problemi olmasın. Amma biz problemlər içində üzürük.
- Düşünmürsüz ki, artıq bu qədər fədakarlıq yetər?
- Dedik ki, burada böyümüşük, burada futbolla tanış olmuşuq. Əlimizdən gələni inidyəkimi etmişik. 3 oyun oynamışıq. Üçündədəçox gözəl çıxış etmişik. Dünyanın heç bir yerindəbeləbir şey yoxdu.
- Bəs etiraz etməli kim var?
- Dərdimizi kimə deyək ki? Adam dərdini danışmağa heç kimi tapmır. Gedirsən Yaşar Seyidovun yanına. O da nə etsin? O da elə bizim kimidi. Bir nəfər yoxdu ki, gəlib desin ay bala, elədi-belədi. Bir həftə, bir həftə deyirlər... 8 aydı ki, bir həftə ilə fırlanırıq. Dünyada belə bir komanda yoxdu ki, 8 aydı maaş almaya-almaya çıxıb gözəl oyun nümayiş etdirsin.Sizə deyirəm ki, futbolçuların cibində məşqə gəlməyə pulları yoxdu. Nə etsin? Gedib axşamlar mühafizəçi işləsin, səhər də gəlib, futbol oynasın?
- Bəlkə həvəsdi, bəsdi?
- Allaha and olsun, bilmirsən futbol oynayasan, yoxsa öz problemlərini həll edəsən. Vallah, belə olmaz.
- Yəqin ki, bu durumda olan komandanı tərk edən yerli futbolçulara haqq qazandırırsız?
- Onlar onsuz da haqlı olaraq getmişdi. Haqsız olaraq getməmişdilər ki. Onlar mənə görə "Bakı"da 2 ay qaldılar. Ancaq uşaqlar gəlib konkret söz deyən olmadı. Deyən yoxdu ki, sizin pulunuzu bu vaxt verəcəyik. Biz problemlərin belə olacağını bilə-bilə komandada qaldıq. Dedik yəqin gətirib 2-3 aylıq maaşımızı verərlər. O gün uşaqlar gəlib deyirlər ki, cibimizdə bir qəpik də olsun pul yoxdu. Bu durumda futbolçunu məşqə necə çıxarım? Futbolçu məşqə gəlir, evə getməyə pulu yoxdu.
- Qeyd etdiz ki, futbolçular sizin sözünüzü eşidib, komandada qalır. Belə çıxır ki, Aqil Məmmədov komandadan getsə, "Bakı" dağılacaq?
- Mən belə demək istəmirəm. Uşaqlar sağ olsun ki, mənə böyük hörmət qoyurlar. Bu da qarşılıqlıdı.
- Perspektivli bir qapıçı kimi pulsuz komandada oynamaq sizin gələcək karyeranızı sual altında qoymayacaq?
- Camaatın ailəsi var. Biz nə üçün futbol oynayırıq? Karyera üçün dəbir yerəqədər oynayırsan da. Messinin maaşını vermə, görüm meydana çıxıb, oynayacaq? Deyəcək ki, gətir pulumu ver.
- Real bir addım atmaq istəmirsiz?
- İndi nə addım atım axı? Qışa kimi dözək də. Bəlkə yaxşı oldu. Onsuz da bu vaxta kimi qalmışıq da. Amma uşaqlara baxanda adamın ürəyi ağrıyır.
- "Bakı"nın futbolçuları maaş almadıqları üçün, azad agent kimi digər klublara üz tutdu. Siz də belə bir addım atmaq fikirində deyilsiz?
- Mən "Bakı"da böyümüşəm. İstəmirəm ki, gedim şikayət edim. Belə bir şeyi xoşlamıram. Dilimiz də var, ağzımız da. Özümüz də azərbaycanlıyıq. Gedib söhbət edib, vəziyyəti izah edərəm.
- Bu durumda "Sumqayıt"la oyuna çıxmağınız da inandırıcı görünmür...
- Onu bir Allah bilir. Vallah, sabahın necə olacağını bilmək olmaz. Bəlkə pullarımızı verəcəklər.
- Bəs verməsələr?
- Onu da zaman göstərəcək. Oyuna hələ bir-iki gün var da. Görək başımıza nə iş gəlir.
saytlarin hazirlanmasi