Azərbaycan futbolunda növbəti BİABIRÇILIQ: Futbolçunun ayağı qırıldı, Qusarda ona kömək etməyə həkim tapılmadı!

00:05 - 12 Sentyabr 2014

"Həkim də deyir ki, get kimə nə deyirsən, de..."

 

Bu gün I Divizionun II turunda keçirilən "Şahdağ" - "Qaradağ Lökbatan" qarşılaşmasında qonaqların heyətindəTimur Dadaşovun kobud oyun nəticəsində ayağı sınıb. QL-ın baş məşqçisi Adil Mahmudovun fikirlərini öyrəndik, hadisə barədə bunları bildirdi: "Oyun haqda heç nə demək istəmirəm. Bir epizod mənə çox təsir etdi. Rəqibin 12 nömrəli futbolçusu bizim oyunçunun ayağını dəhşətli dərəcədə sındırıb. Ayaq sallanır, sümük sınıbdı. Özü qəsdən sındırıb. Oyunda bir neçə epizodlar oldu ki, bunlara qarışmaq istəmirəm. Artıq bu futbolçum karyerasını bitirdi. Ayağı təmiz pis vəziyyətdədir. Və bu epizoda hakimlər biganə yanaşır. Demək istəyirəm ki, belə futbolçu Azərbaycan çempionatında iştirak etməli deyil".

 

Qaradağ təmsilçisinin çalışdırıcısı Qusarda futbolçuya göstərilən təcili tibbi yardımdan da narazı olduqlarını söylədi: "Təcili tibbi yardım gəlib, futbolçunu xəstəxanaya apardı. Xəstəxanada həkim olmadı, gətirib qaldığımız otelə qoydular. Azərbaycan Respublikasının cənab prezidenti tibbə lazım olan diqqəti göstərir. Ancaq bunlar biganə yanaşır. Futbolçunu avtobusla apara bilmərik, əgər şoka düşsə, onun qarşısını kim alacaq? Komandanın da həkimi var, ancaq bu sadə sınıq deyil. Komanda da o hadisədən sonra pis vəziyyətə düşdü, psixoloji sarsıntı yarandı. İsrail çempionatında bir futbolçu bu cür hərəkət etmişdi, onu 10 il futboldan uzaqlaşdırdılar. Bizim oyunçu topa çatan anda rəqib ayağına vurur. Mən hakimin işinə qarışa bilmərəm, FİFA referisidir. Mənim Rəhim Həsənova hakim kimi simpatiyam var. Ancaq hakimlik haqda danışmayacam, bir epizod mənə bəs etdi. Aparıcı oyunçumun ayağı getdi, bununla barışa bilmərəm. İndi iynə vurublar ki, futbolçu şoka düşməsin. 40 dəqiqədən sonra ayılacaq. Bir dənə "Vilis" veriblər, 1938-ci ilin maşınıdır. Tibbə bu qədər diqqət ayrılır. O "Vilis"in təkərinin biri də yoxdur. Onun yerinə velosiped təkəri yerləşdiriblər. Xəstəxanada həkim yox, növbətçi yox. Qusarda Mərkəzi xəstəxanaya müraciət etdik. Həkim də deyir ki, get kimə nə deyirsən, de..."

 

MƏNBƏ: AUT.AZ

Xəbər xətti