Ayaqları ilə tarix yazan komandanın sözcüsü Nurlan İbrahimov: "2009-cu ildə bizi Avropa miqyasında ciddi qəbul etmirdilər"
Hollandiya təmsilçisi “Tvente” ilə oyunu sayəsində tarix yazmış “Qarabağ” futbol klubu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə çıxdı.
Ölkə miqyasında böyük sevinclə qarşılanan bu hadisənin ilkin təəssüratlarını bizimlə bölüşən “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla görüşdük. N.İbrahimov klubla bağlı özəl məqamlardan, qarşıdakı hədəflərdən söz açdı.
- Nurlan bəy, böyük bir uğura imza atdınız. Özünüzü necə hiss edirsiniz?
- Zənnimizcə, bu, Azərbaycan futbol tarixində ən böyük uğurdur. Düzdü, bizə qədər “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı, amma “Qarabağ”ın ideya istiqamətini, Qarabağ həqiqətlərini dünya miqyasında təbliğatçısı olmasını nəzərə alsaq bunu daha böyük uğur kimi təqdim etmək mümkündür. Klubda əhval-ruhiyyə təbii ki, əladır. Amma biz bununla kifayətlənmirik. Hələ yolun başlanğıcındayıq, qarşıda bizi uzun yol gözləyir.
- Klubda ümumi əhval necədir? “Qarabağ”ın Avroliqaya çıxacağını gözləyirdinizmi?
- Bəli, biz bunu gözləyirdik. 2009-cu ildə Avrokuboka vəsiqə qazandığımız zaman heç kəs bizi Avropa miqyasında ciddi qəbul etmirdi. “Qarabağ”ın uğur qazanacağına heç kəs inanmırdı. Və biz son 6 ildə 4 dəfə pley-offda uğur qazanmaqla göstərdik ki, “Qarabağ”ın uğurları təsadüfi deyil. Qarşımıza qoyduğumuz hədəflər var ki, əzmlə, pillə-pillə o hədəflərə çatırıq.
Odur ki, “Qarabağ”ın Avroliqaya çıxacağını nəinki yalnız bizlər, bütün Azərbaycan gözləyirdi.
- Qələbənizə gələn reaksiyalar necə oldu – həm müsbət, həm də mənfi?
- Bu qələbə ilə bağlı nəinki tək Azərbaycanda, eləcə də Azərbaycandan kənarda yaşayan soydaşlarımızdan çox pozitiv reaksiyalar aldıq. Sevinən hər kəs bu qələbəni öz qələbəsi kimi qarşıladı. Mənfi reaksiyalara gəldikdə isə bu da qaçılmazdır. “Qarabağ”ı, Azərbaycanı sevməyən qüvvələr təbii ki, buna sevinmədi. Hətta məyus oldu.
- Rəqiblərinizi necə dəyərləndirirsiniz?
- Biz heç zaman bir uğurla kifayətlənmirik. Qarşımıza yeni məqsədlər qoyaraq klub olaraq irəliləyirik. İtaliyanın “İnter” klubu məlum olduğu kimi dünya səviyyəsində bir komandadır. “Sent-Etyen” də Fransanın ən titullu komandasıdır. Hazırda da liderlik qrupunda qərarlaşıb. “Dnepr” isə ötən mövsüm tarixinin ən yaxşı dönəmini yaşadı. Bu nəticələrə baxsaq necə bir rəqiblərlə qarşılaşacağımız barədə fikir formalaşdırmaq olar.
Kiminlə oynamağımızdan asılı olmayaraq deyim ki, bizim üçün ən vacib məqam Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Bizim klubun strategiyası buna əsaslanır.
- Azarkeşlərin dəstəyi ürəyinizcədir?
- Bəli. Biz bu gün qürurla deyə bilərik ki, Azərbaycanda ən çox dəstəklənən klub “Qarabağ”dır. Azarkeşlərin dəstəyindən çox razıyıq. Cari mövsüm Cempionlar Liqasında “Valetta” ilə oyunda ilk oyunda qələbə qazansaq da, cavab oyununda komandaya diqqət azalmadı. Oyunumuza 22 min azarkeş gəlmişdi. Həm “Zalsburq”, həm də “Tvente” ilə oyunlarda 32 minlik stadion tam dolmuşdu. Bu, Azərbaycan futbolunda bir ilkdi. İnanırıq, qrup oyunlarında da stadionumuz tam dolacaq. Etiraf etmək lazımdı ki, azarkeş dəstəyi komandamıza əla stimul verir.
- Hazırda klubun maddi durumu hansı səviyyədədir?
- Maddiyyat baxımdan “Qarabağ”da durum qənaətbəxşdir. Heç bir zaman futbolçuların maaşları bir gün belə gecikdirilməyib. Bu baxımdan maddi vəziyyətimiz sabitdir. “Qarabağ”da oynamış, ya oynayan, eləcə də çalışan kimsədən maddi durumla bağlı problem eşidə bilməzsiniz. Bunu tam əminliklə söyləyirəm. Müəyyən bir büdcəmiz var. Onun əsasında da komanda öz strategiyasını müəyyən edir.
- Bu yaxınlarda açıqlamalarının birində baş məşqçiniz Qurban Qurbanov bildirib: “Bəzi oyunçuların xarakterinə görə narahatam”. Komanda üzvləri arasında dəymədüşər olanlar var, ya?
- Son dövrlər qazandığımız uğurların miqyası o qədər böyükdür ki, bütün diqqətlər oyunçulara, komandaya yönəlibdir. Buna görə də işdə diqqətlərini mərkəzə cəmləməkdə bəzi problemlər yaşana bilər. Amma inanmıram ki, bu ciddi bir problem olsun. Qurban Qurbanovun da xarakteri belədir ki, o, futbolçularla çox işləyir, onları formada saxlayır. Mən əminəm ki, bu məsələlərlə bağlı da problemləri Qurban Qurbanov tezliklə aradan qaldıracaq.
- Futbolçuların tibbi və psixoloji müayinələri mütəmadi aparılır? Bu sahələr üzrə mütəxəssisləriniz kimlərdir?
- Tibbi müayinələr AFFA və UEFA-nın reqlamentinə əsasən müəyyən edilir. Təyin edilmiş bu zamanlarda futbolçular mütləq bu müayinələrdən keçir. Yalnız bu müayinələrdən sonra onların futbol oynamasına icazə verilir. Psixoloq məsələsində isə bu funksiyanı Qurban Qurbanov yerinə yetirir. Bir nüansı da qeyd edim ki, azərbaycanlı futbolçuların psixologiyası da digərlərindən fərqlənir. Bizdə millət psixoloqa çox da yaxşı yanaşmır. Psixoloqla, psixiatrı qarışdırırlar.
- Bundan sonra hədəfləriniz nələrdir?
- Hədəflər sırasında ilk “İnter”lə oyun dayanır. “İnter”in dünya nəhəngi olmasını nəzərə alsaq diqqətlər həm də “Qarabağ”ın üzərində olacaq. Beləliklə, illərlə məğlub olduğumuz erməni lobbisinə ağır zərbə vurmuş olacağıq. Nəzərə alsaq ki, siyasətlə hər kəs maraqlanmasa da çoxu futbolla maraqlanır. Buna görə də “İnter”lə “Qarabağ”ın adının bir arada çəkilməsi bizim uğurumuzdur. Hədəflərimiz arasında təbii ki, Azərbaycanı, “Qarabağ”ı qruplarda ən yaxşı formada təmsil etmək olacaqdır. “Qarabağ” heç vaxt meydana məğlubiyyət üçün çıxmır. Yenə belə olacaq.
- Mətbuat katibi olaraq ağır missiyanı həyata keçirdirsiniz. Heç bu sahədə anlaşılmazlıqlar yaşanıb? Son qələbəniz zamanı xəbərlərin təqdimatında sizi narahat edən məqamlar oldumu?
- Mətbuat katibi olaraq başqa həmkarlarla müqayisədə işim daha ağırdır. Çünki “Qarabağ” sadəcə futbol klubu deyil. Biz Qarabağ həqiqətlərini özümüzdə ehtiva edərək, dünyaya çatdırırıq. Nəzərə alsaq ki, ermənilərin lobbisi xaricdə çox güclüdür, biz tez-tez hücumlarla qarşılaşırıq. Ona görə də çalışırıq ki, mətbuat konfranslarında jurnalistlərə Qarabağla bağlı mümkün qədər çox informasiya verək. Bəzən anlaşılmazlıqlar yaşanıb. Bu da erməni lobbisinin dezinformasiya siyasəti ilə bağlı olub. Ölkə daxilində də bir-iki xırda mətbuat orqanını nəzərə almasaq “Qarabağ”ın qələbəsini hamı öz qələbəsi kimi yayımladı.
- Yekunda sözləriniz.
- 8 ildir “Qarabağ”da çalışıram. Xüsusən son 5 ildə bütün uğurlarının, inkişaf dönəminin şahidiyəm. Və mən bununla qürur duyuram. Çünki mən həm də Qarabağ həqiqətlərinin azından Avropaya çatdırılması missiyasının daşıyıcısıyam. Bu, çox məsuliyyətli, eyni zamanda qürurludur.
Fəridə ABDIYEVA
“Yeni Müsavat” qəzeti
saytlarin hazirlanmasi