Flavinyo: "Böyükağa Hacıyev "Neftçi"dən getməli idi"

17:00 - 13 Sentyabr 2014

"Əslində lənkəranlı azarkeşlərin stadionda olması daha yaxşı olardı"

 

Neftçi”nin braziliyalı kapitanı Flavinyonun apasport.az saytına müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir.

 

- Bu gün Topaz Premyer Liqasının V turunda “Xəzər Lənkəran”la üz-üzə gələcəksiniz. Bu oyun haqqında nə deyə bilərsiniz?

- Bizi gərgin qarşılaşma gözləyir. Bu oyuna çox ciddi hazırlaşmışıq. Düşünürük ki, qələbə qazanmalıyıq. Prinsipial bir matçda qalib gəlmək yaxşı olardı. Yeni baş məşqçimizlə ilk 3 xalı qazanmaq fikrindəyik.

 

- Komandanız bu gərgin qarşılaşmaya tam hazırdır?

- Hər şey qaydasındadır. Artıq özümüz tam hazır hiss edirik. Amma heyətdə müəyyən zədəlilər var. Sadəcə onların yoxluğunu hiss etdirməməliyik. Tam gücümüzü ortaya qoyub doğma meydanda azarkeşlərimizi sevindirməliyik.

 

- “Neftçi”də baş məşqçi dəyişikliyi oldu: Böyükağa Hacıyevi Arif Əsədov əvəzlədi. Bu barədə fikirləriniz necədir?

- Böyükağa Hacıyev çox yaxşı məşqçi idi. Ona böyük hörmətim var. Amma “Neftçi”də “Partizan” məğlubiyyətindən sonra dəyişikliyə ehtiyac var idi. Böyükağa Hacıyev komandadan getməli idi. Bu ən düzgün qərar idi.

 

- Arif Əsədov bir dəfə “Neftçi”ni çempion edib və həmin komandada siz də olmusunuz. O, yenə eyni uğuru təkrarlaya biləcək?

- İnanıram ki, bacaracaq. Gənc və perspektivli məşqçidir. Mən bir dəfə onun rəhbərliyi altında oynamışam. Biz həmin mövsüm çempion olduq. Düşünürəm ki, yenə eyni uğuru təkrarlaya bilərik.

 

- Ernest Nforun yoxluğu sizin üçün problem olacaq?

- Hər bir futbolçuya ehtiyacımız var. Amma Nfor yoxdursa, başqası onu sığorta etməlidir. Nfor olmayacaqsa, Nikolas Kanales var.

 

- Bundan öncəki müsahibənizdə demişdiniz ki, Nikolas Kanales “Neftçi”yə qayıtsa, hücum xətti əvvəlki gücünə qayıdacaq. Ancaq çilili forvard hələ də qol vura bilməyib…

- Düzdür, belə bir şey demişdim. Kanalesin bir az zamana ehtiyacı var. O bura tam uyğunlaşdıqda hər şey qaydasında olacaq. Nikolas qollar vuracaq və bizə kömək edəcək.

 

- “Böyük oyun” İsmət Qayıbov adına Bakıxanov stadionunda keçiriləcək. Bu barədə nə deyə bilərsiniz?

- Bilirəm. Düşünürəm ki, digər stadionların vəziyyəti yaxşı deyil. Nə “Bakcell Arena”, nə də Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq mümkün deyildi. İndiki vəziyyətdə ən yaxşı qərar bu idi.

 

- Rəqib komandanın azarkeşləri stadiona buraxılmayacaqlar. Sizcə, bu qərarın davam etdirilməsi düzgündür?

- Əslində lənkəranlı azarkeşlərin stadionda olması daha yaxşı olardı. Amma AFFA-nın qərarına hər birimiz hörmət etməliyik. Ümid edirəm ki, qarşıdakı oyunlar üçün bu qərar aradan qaldırılacaq.

Xəbər xətti