Tahir Mustafayev "Şahdağ"ın prezidentinə səsləndi: "Bu qədər yalan olmaz"

17:24 - 13 Sentyabr 2014

"Ölçü götürülməlidir ki, o daha heç kimi şikəst etməsin"

 

Ölkəmizin 1-ci divizionunda ikinci tur çərçivəsində keçirilən “Şahdağ” – “Qaradağ Lökbatan” matçında baş verən hadisə hələ çox müzakirələrə səbəb olacaq. Sportal.az xəbər verir ki, oyunun 13-cü dəqiqəsində “Şahdağ” klubunun futbolçusu Məhəmməd Hüseynov “Qaradağ Lökbatan” klubunun futbolçusu Timur Dadaşova qarşı sərt oynayıb. Sürüşmə fəndini yerinə yetirmək istəyən “Şahdağ”lı futbolçu rəqibin üstünə açıq ayaqla gedib. Nəticədə Timur Dadaşovun ayağı qırılıb.

 

Dərhal ayağı sınan futbolçu təcili tibbi yardım maşını ilə Qusar xəstəxanalarından birinə aparılıb. “Qarabağ Lökbatan”ın prezidenti Tahir Mustafayev  saytımıza açıqlamasında bildirib ki, xəstəxanada futbolçuya yardım etməkdə həvəsli olmayıblar.

 

“Əslində mən danışmaq istəmirdim. Ancaq qarşı tərəfin bizi yalançılıqda suçlamasına göz yuma bilmərəm. Timur Dadaşovun ayağı qırılan kimi məşqçimiz tibbi yardım maşınında onunla birlikdə xəstəxanaya yollanıb. Ancaq həmin xəstəxananın həkimi ayağı qırılan futbolçumuza kömək etmək istəyib. Buna səbəb kimi vaxt azlığını göstərib. Sonra görüb ki, məşqçimiz etiraz eləyir, deyib ki, 15 dəqiqə vaxtınız var, gedin spirt, bint və s. lazım olan dərmanları alın, gətirin. Bunlar alındıqdan sonra həkim kömək göstərib.

 

“Şahdağ”ın prezidenti Ərəstun bəy deyir ki, ayağı sınan futbolçunun bütün xərclərini  onlar ödəyiblər. Bu qədər yalan olmaz. Onlar yalnız Bakıya qədər təcili tibbi maşını təşkil ediblər. Əslində həmin maşında həkim də olmalıydı. Bunu tələb etsək də, həkim gəlmədi zədəli futbolçumuzla. Sınıq isə elə şeydi ki, adamın hər an ürəyi gedə bilər. Timurun halı pisləşsəydi, bunun cavabını kim verəcəkdi?. Nə isə...

 

“Şahdağ”lı futbolçunun cəzalanması üçün PFL-ə müraciət edəcəyik. Belə bir hadisəİsraildə də baş vermişdi. Həmin futbolçunu 10 il futboldan uzaqlaşdırdılar. PFL “Şahdağ"ın oyunçusu ilə bağlı öılçü götürülməlidir ki, o daha heç kimi şikəst etməsin”.

Xəbər xətti