Rəşad Abdullayev: “Artıq hesab 2:0 olanda oyunu çevirmək çətin idi”
“Qarabağ”a 0:3 hesabı ilə məğlubiyyətdən sonra AZAL-ın kapitanı Rəşad Abdullayev oyunla bağılı fikirlərini bildirib.
Sportal.az-a açıqlama verən yarımmüdafiəçi uğursuzluğa belə şərh verib:
“Birinci hissədə istənilən kimi topa nəzarət edə bilmədik. Düzdü, qol vurmağa yaxın olduq. “Qarabağ”ın müdafiə xəttində anlaşılmazlıqdan istifadə etmək lazım idi. Çünki, “Qarabağ” kimi güclü komandayla oyunda qol vurmaq üçün bir-iki epizod yarana bilər. Biz də ondan istifadə edə bilmədik. Ondan sonra rəqib üstünlüyü ələ aldı. Artıq hesab 2:0 olanda oyunu çevirmək çətin idi. Etiraf etmək lazımdır ki, “Qarabağ” bu gün Azərbaycanda ən güclü komandadır”.
Rəşad Abdullayev komandanın qeyri-sabit çıxışına belə münasibət bildirib:
“AZAL-ın əsasını yerli oyunçular təşkil edir. Onların əksəriyyəti də gənclər olduğundan hələ tam komandaya uyğunlaşmayıblar. Komanda hücuma çıxmaqda çətinlik çəkir. İstənilən kimi də topa nəzarət edə bilmirik. Baş məşqçi futbolçulara tapşırır ki, bacardığınız qədər topa hakim olun. O, komandadan baxımlı oyun gözləyir. Hələ ki bunun öhdəsindən lazımınca gələ bilmirik. Açığı, bir komandanın formalaşması üçün vaxt lazımdır. “Qarabağ” komandasından nümunə götürmək lazımdır. Bu komanda neçə ildir ki, heyətin özəyini qoruyur. Artıq demək olar ki, futbolçular bir-birlərini yaxşı başa düşürlər. AZAL-da heyət yeni qurulub. Belə olan halda qısa müddətdə komandadan nəticə gözləmək düzgün deyil. Sözsüz ki, indidən təslim olmaq fikrində deyilik. İlk beşlikdə yer almaq üçün sona qədər mübarizə aparacağıq. Artıq “Qarabağ”la oyunu unudub növbəti matçlara hazırlaşmaq lazımdır”.
saytlarin hazirlanmasi