Bir uğurun tarixçəsi

13:41 - 15 İyun 2015

Radikal dəyişiklik

 

Uğurlu-uğursuz gunlər, gozlənilməz hadisə və sürprizlərlə dolu mövsüm yaşadıq.

 

Sportal.az xəbər verir ki, bu yazıda Premyer Liqanın 2014/15 mövsümünün “Qəbələ” üçün necə kecdiyinə və komandanın nəyin sayəsində bürünc medal qazandığına toxunacağıq. Sonda məlum olacaq ki, “qırmızı-qaralar” rekordlar, qələbə seriyalarının hesabına Azərbaycan çempionatında əsl inqilab ediblər.

 

Radikal dəyişiklik

Əslində, mövsüm “Qəbələ” üçün heç də yaxşı başlamamışdı. Komandaya tarixində ilk dəfə bürünc medal qazandıran, kubokun finalına qədər daşıyan rusiyalı baş məşqçi Yuri Syomin Avroliqa yarışına qalmayaraq, vətəninə qayıtmışdı. Üstəlik, heyəti 18 (!) futbolçu tərk etmişdi. Bəli, 18 oyunçu, bir matçın protokolu qədər. Doğrudur, gedənlərin əvəzinə layiqli futbolçular transfer olunmuşdu: Ruslan Abışov, Ekiqo Ehiosun, Cavid Hüseynov, Ruslan Əmircanov və başqaları. Ancaq vaxt lap az idi. Ona görə də yeni baş məşqçi Dorinel Muntyanudan Avropa Liqasında heç kim möcüzə gözləmirdi. Onun debütdə məğlubiyyətə düçar olacağı məntiqəuyğun sayılırdı. Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu ilə oyunların hesablarına baxmaq kifayətdir: 0:2; 0:3.

 

Muntyanunun problemi

Təbii ki, “Qəbələ” rəhbərliyi əsas diqqəti yeni mövsümə – Azərbaycan çempionatı və kubok yarışlarına yönəltmişdi.
Topaz Premyer Liqasında məqsəd 2013/14 mövsümündəki nailiyyəti ən azı təkrarlamaq, yəni ilk “üçlük”də yer almaq, kubok mübarizəsində isə mümkün qədər irəliləmək idi. Şübhəsiz ki, Premyer Liqa prioritet təşkil edirdi. Bu səbəbdən Muntyanu Avroliqadakı uğursuzluqdan sonra qollarını çırmalayaraq, çempionat hazırlıqlarına başladı. Ancaq çi fayda! Rumıniyalı məşqçi öz vəzifəsində cəmi 15 tur duruş gətirə bildi. Komandanın ilk turlardan qeyri-sabit çıxışı hər kəsin diqqətini çəkirdi. Məsələn, səfərdə “İnter”ə 0:4 hesabı ilə uduzan kollektiv bir neçə tur sonra evdə AZAL-a da boyun əyməli olmuşdu (1:2). Yaxud səfərdə “Bakı”nı məğlub etdiyi halda, doğma meydançada 1 xalla kifayətlənirdi. O vaxt “Qəbələ”nin gücü yalnız çempionatın debütantı “Araz Naxçıvan”a çatırdı. Naxçıvan təmsilçisini həm birinci, həm də ikinci dövrədə 1:0 hesabı ilə üstələməyi bacardıq. Ancaq günlərin bir günü “Araz Naxçıvan”ın Premyer Liqada çıxışını dayandırması, bu komandanın iştirakı ilə keçirilən bütün oyunların nəticələrinin ləğvinə səbəb oldu. 6 xal da beləcə gedər-gəlməzə yollandı… Bu qərarla “Qəbələ”nin turnir cədvəlindəki mövqeyi bir qədər də pisləşdi. Nəhayət, dekabrın 7-də Premyer Liqanın XV turunda “Xəzər Lənkəran”a 0:3 hesablı məğlubiyyət “Qəbələ” rəhbərliyinin səbr kasasını daşdırdı və Muntyanu ilə əməkdaşlığa son verildi.

 

“Trio”nun gücü

Qış fasiləsinə 3 tur qalırdı və yeni baş məşqçi təyinatını məhz dövrələrarası fasilədə gözləmək lazım idi. Muntyanudan sonra komanda müvəqqəti olaraq, məşqçi Sənan Qurbanova həvalə olundu. Ona əsas komandanın qapıçı məşqçisi Dmitri Kramarenko və “Qəbələ” Futbol Akademiyasının U-17 komandasının məşqçisi Ramin Quliyev yardım edirdilər. Nə qədər qəribə olsa da, bu azərbaycanlı “trio” Muntyanudan yaxşı nəticə verdi: “Qəbələ” son və gələcək çempion “Qarabağ”ı məğlub etdi (2:1), səfərdə “Sumqayıt”dan xal aldı (1:1) və evdə gələcək gümüş medalçı “İnter”i büdrətdi (1:1). “Qırmızı-qaralar” Yeni ilə 19 xalla 6-cı pillədə yollandılar, lider “Qarabağ”dan 15 xal geridə... Vəziyyəti mütləq dəyişmək lazım idi!

 

Uğurlu seçim

Azərbaycan futbol ictimaiyyəti ukraynalı Roman Qriqorçukun adını elə o ərəfələrdə eşitdi. “Qəbələ”nin 2-ci dövrədə “İnter”lə ev oyununu stadiondan izləyən 50 yaşlı mütəxəssis tezliklə baş məşqçi postuna rəsmən təyinat aldı. Qriqorçuk Muntyanunun tərs variant idi: yəni, rumıniyalıdan fərqli olaraq, o, adlı-sanlı klublarda futbol oynamamışdı. Görüb-görəcəyi ən güclü klublar Rusiya “Saturn”u, Latviya “Dinaburq”u olmuşdu. Ancaq futbol cameəsi Qriqorçuku “məhsuldar məşqçi” kimi tanıyır. O, işlədiyi klubda qısa zamanda müsbət ab-hava yaratmağı, vəziyyəti müsbətə
doğru dəyişməyi, ümumi məqsədə doğru getməyi bacarır. Dediklərimizə əyani sübut olaraq, Latviyada “Ventspils”ə 3 dəfə ölkə çempionluğu, 2 dəfə kuboku qazandırmasını, “Birlik kuboku” nun finalına çıxarmasını göstərmək olar. 2010-14-cü illərdə işlədiyi Odessa “Çernomorets”i isə onun sayəsində 1 ilin içərisində Ukrayna çempionatının I divizionundan güclülər dəstəsinə yüksəlib, daha sonra Avroliqanın 1/16 finalına qədər irəliləyib. Bir sözlə, “Qəbələ” rəhbərliyi zərgər dəqiqliyi ilə seçim etdi və Qriqorçuka etimad göstərdi.

 

Tənqidçilər fəallaşır…

Hərçənd, ilk aylar pan Roman Azərbaycan çempionatında çox əziyyət çəkdi. Çalışdırıcı sərəncamında olan futbolçulara fərqli yanaşır, onları psixoloji, taktiki, texniki, fiziki cəhətdən hazırlayırdı. Amma bu proses dərhal bəhrəsini vermədi. Xüsusilə, bu ilin fevral ayının ilk yarısında Qriqorçuk kəskin tənqidlərlə, iradlarla üzləşdi. Premyer Liqada ardıcıl 3 məğlubiyyətdən sonra futbol veteranları, məşqçilər, bəzi jurnalistlər ukraynalı çalışdırıcını sərt tənqid atəşinə tutdular, onu istefaya səslədilər. Qriqorçuka Ukraynadan dəvət etdiyi futbolçulara görə də nöqsan tutanlar tapıldı. Komanda daxilindəki vəziyyəti təsəvvür etmək çətin deyildi: ardıcıl məğlubiyyətlər, psixoloji gərginlik, güclü təzyiqlər... Ancaq bu həssas dövrdə “Qəbələ” rəhbərliyi müdrik davranışı ilə çoxlarına nümunə oldu. Klub rəsmiləri Qriqorçuka və futbolçulara dəstək verərək, tələsməyə ehtiyac olmadığını göstərdilər. “Qəbələ”nin məşqçi və futbolçu heyəti üçün bundan yaxşı stimul ola bilməzdi. Güclü tənqidlərə sinə gərən komanda ruhdan düşmədi.

 

Zəfər yürüşü

Beləlliklə, “Qəbələ” fantastik nəticələr silsiləsinə start verdi. Fevralın 19-da “Xəzər Lənkəran” üzərində qələbə ilə başlayan (3:1) zəfər yürüşü 8 tur davam etdi. Qələbə seriyası çərçivəsində “Qarabağ”a (1:0), “Sumqayıt”a (2:0), “İnter”ə (2:1), AZAL-a (4:0), “Simurq”a (1:0), “Neftçi”yə (3:1) və təkrar “Xəzər Lənkəran”a (1:0) qalib gəldik. Bu, klub tarixində ən uzun qələbə seriyası oldu. Üstəlik, 2014/15 mövsümündə də “Qəbələ”dən başqa heç bir klub ardıcıl 8 matçda qələbə qazana bilmədi.

 

Çempionun kabusu

Qələbə seriyası XXXII turda “Qarabağ”la görüşdə qırılsa da (1:1), rekordların davamı gəlməkdə idi. Axırıncı dəfə fevralın 15-də uduzan komandamız mövsümün sonunadək - 102 gün və ya 12 tur məğlubiyyətin nə olduğunu bilmədi. “Qırmızı-qaralar”ın məhsuldarlığı da diqqətçəkən statistikğ göstəricilərdən biridir. Komandamız 22-36-cı turlar arasında ardıcıl 13 oyunda rəqib qapısına yol tapmağı bacarıb. Elə indicə qeyd etdik ki, “Qəbələ”nin Premyer Liqada zəfər yürüşünü “Qarabağ” dayandırdı. Olsun!

Əvəzində, “Qəbələ”nin Ağdam klubu ilə görüşlərdə elə bir nailiyyəti var ki, bunu çempionatın qalan klublarından heç biri təkrarlaya bilməyib. Belə ki, “qırmızı-qaralar” 2014/15 mövsümündə çempionu, Avropa Liqasının qrup mərhələsinin son iştirakçısı “Qarabağ” ı 2 dəfə məğlub edib. Maraq üçün əlavə edək ki, Qurban Qurbanovun yetirmələri çempionat ərzində cəmi 4 dəfə məğlubiyyətə düçar olublar. İkisi “Qəbələ” ilə oyunlarda, biri “İnter”lə matçda, daha biri isə “Sumqayıt”a texniki məğlubiyyət.

 

İndi də Avropaya doğru

Çempionatın sonluğu, yəqin ki, bütün “Qəbələ”sevərlərə ötən ili xatırlatdı. “Qırmızı-qaralar” finişə doğru xal ehtiyatlarını artırır, 3-cü pillədə qərarlaşan “Neftçi”ni təqib edir, rəqibinə çatır, onu 3-cü yerdən sıxışdırır və son turda bürünc medalı rəsmən qazanır.

Bəli, Roman Qriqorçuk güclü psixoloq olduğunu qısa zamanda sübuta yetirdi. Onun şəninə çox təriflər yağdırmaq olar. Çünki komandanı çətin vəziyyətdə qəbul edən, ümidini heç zaman itirməyən, kollektivi vahid bir məqsəd uğrunda yumruq kimi toparlayan və yekunda rəhbərliyin etimadını tam doğruldan çalışdırıcı xoş sözlərə layiqdir. Ancaq necə deyərlər, “iştah diş altındadır”. “Qəbələ” fanatları Roman Qriqorçukun və onun top ustalarının daha böyük uğura nail olacağına ümid edirlər. Azarkeşlər artıq Avropa Liqasında qələbə şərqiləri oxumağı səbirsizliklə gözləyirlər. Cənab Qriqorçuk, siz ki inqilab etməyi sevirsiniz. Haydı Avropaya doğru zəfər yürüşünə!

 

"Qəbələ" İK qəzeti

Xəbər xətti