Rövnəq Abdullayev futboldan gedir? YAZI

12:21 - 27 İyun 2015

Durğunluq bitəcəkmi?

 

Onu nə “Qarabağ”a çempionluq kuboku təqdim olunanda, nə də kubokun finalında görən olmuşdu. Rövnəq Abdullayev heç millinin Noveçlə oyununa da getmədi. Abdullayev heç bir zaman futbola yaxın olmayıb, ancaq heç vaxt da bu qədər uzaq düşməyib futboldan. Ən azından tədbirlərdə, millinin oyununlarda həmişə yuxarı başda əyləşirdi. Camaat da görürdü ki, bu ölkənin futbolu bu kişiyə əmanətdi.

 

Əmanət demişkən, Azərbaycan futbolu ona Ramiz Mirzəyevdən miras qalmışdı, özü də İmkanlı klublarla birlikdə. O vaxt kim deyə bilərdi ki, yağ-bal içində yaşayan klublarımız bir gün dilənçi kökünə düşəcək. Ancaq indi belədir... Rövnəq Abdullayevin üzərinə götürdüyü daha bir məsuliyyət dövlət proqramını həyata keçirmək idi. Amma... Rövnəq Abdullayev bunu da yarıtmadı. AFFA tərəfindən ölkə futbolu üçün ciddi infrastruktur qurulmadı, bölgələrdə olan futbolu da yoxa çıxartdılar, nə əsas, nə də aşağı yaş qrupları üzrə millilər bir nəticə verdi. Yalnız iki dəfə klublarımızın Avroliqanın qrup mərhələsinə düşdüyünü deyə bilərik ki, bunu Moldova, Gürcüstan, Qazaxıstan kimi ölkələrin klubları belə bacarıblar. Futbolun inkişafına dair 10 illik dövlət proqramı fiaskoya uğradı. Ortada milyonlarla pul havaya sovruldu...

 

Rövnəq Abdullayev Azərbaycan futboluna nə verdi? Böyük ölçüdə heç nə! Onu ən yaxşı halda AFFA-nın ən səxavətli prezidenti kimi xatırlayacaqlar. Abdullayevdən sonra federasiyanın başına keçən adam çətin ki, milli üzvlərinə onun qədər “premya” versin. Rövnəq müəllim futbolçulardan heç vaxt pul gizlətmədi, elə federasiyada işləyənlərdən də. Hamısına pul qazanmaq üçün şərait yaratdı. Kimi əcnəbilərin əli ilə, kimi xaricdə yaradılan futbol məktəbindən, kimisi də kiçik maliyyə ilə ərsəyə gələn qəzetə ayrılan böyük vəsait hesabına cibini doldurdu. Rövnəq müəllim buna xeyirxahlıq, biz isə biabırçılıq dedik. Nə edək? O, özünün həqiqətləri ilə yaşayır, biz də özümüzün.

 

Yəqin ki, başqa həqiqətlərlə yaşadığımızi bildiyi üçün də, Rövnəq müəllim həmişə jurnalistlərdən yan gəzdi. AFFA-ya rəhbərlik elədiyi bu illər ərzində bir dəfə də olsun jurnalistləri çay masası arxasına yığıb futbolumuzun problemləri haqqında danışmağı özünə sığışdırmadı. Hərçənd, deyirlər ki, ona qədər AFFA prezidenti olmuş  Fuad Musayev də, Ramiz Mirzəyev də media nümayəndələri ilə zaman-zaman fikir mübadiləsi aparırdı. Rövnəq müəllim isə...

 

Problem ondadır ki, yuxarı dairələrin nə futbola marağı var, nə də bu sahənin nə vaxtsa inkişaf edəcəyinə inamı. Ona görə də, futbolumuzda uzun illərdir ki, durğunluq yaşanır. Rövnəq Abdullayevin gedişi ilə bu durğunluq bitəcəkmi? Çətin...

 

Emin ABBASOV

 

 

Xəbər xətti