Səndən yazdım, Rüfət! YAZI

Adi günlərdən biri. Bakıxanovdakı xeyir-şər evinin qarşısında xeyli insan toplaşıb. İçəri keçmək üçün növbələrini gözləyirlər. İçəridə isə qələbəlikdi. Kimi süfrəyə düzülmüş ehsandan dadır, kimi çay içir, kimi çoxdandır görmədiyi dost-tanışı ilə dərdləşir, kimi məclisi aparmağa çalşan mollanı dinləyir, arada fatihəyə qulaq asıb, salavat çevirir... Bakının adi yas məclislərindən biri...

 

Zalın bir başında gələnlərin başsağlığını qəbul edib qarşılayan, gedənləri yola salan qoca daha çox gözə dəyir. Yaşının 60-ı keçdiyi dərhal hiss olunur. Oğul dərdi olmasaydı, bəlkə də daha cavan görünərdi. Zalın digər başında isə ilk gözə çarpan divardan asılmış kişi şəklidi. Cavandı, cəmi 32 yaşı var. Ölümü ilə qocanı dərdə salan, qocaldan cavan...

 

xxx

 

2000-ci illərin əvvəlləri. Bakıda futbol azarkeşlərinin ən böyük əyləncələrindən biri həftəsonu Türkiyə çempionatının oyunlarını izləmək idi. “Qalatasaray", “Beşiktaş", “Fənərbaxça"... Fərqi yoxdur, bütün türk klublarının azarkeşləri Superliqanın oyunlarını göstərən kafelərə, çayxanalara axışırdılar. Çempionata maraq böyük idi. Rüfətlə ilk tanışlığım “Qalatasaray"ın oyunlarının birinə təsadüf edir. Haradasa, 15-16 il əvvəl. Mənimlə qonşu məhəllədə yaşayırdı. Demək olar ki, qonşuyduq. “Qalatasaray" azarkeşi idi. Məhz bu amil onunla daha tez dil tapmağımıza, istiqanlı, ünsiyyətcil olması isə dostlaşmağımıza nədən oldu. Mətbuatda işlədiyimi bilirdi. Hərdən yarızarafat-yarıgerçək “İlqar əmi, bir dəfə də məndən yaz..." atmacasına eyni tərzdə “yazacam, Rüfət, təki sən nəsə elə" deyib cavab verirdim. Yazıram...

 

xxx

 

Musayev Rüfət 1986-cı il iyulun 26-da Sədərək rayonunun Sədərək kəndində anadan olub. Qafar kişi və Züleyxa xanımın gözünün ağı-qarası idi. Rüfətin uşaqlığı Sədərəkdə keçib. Sədərək rayon İcra Hakimiyyətində işləyən Qafar kişi bircə oğluna bütün valideynlər kimi yaxşı təhsil vermək arzusunda idi. Amma Rüfət futbolu daha çox sevirdi. 

 

Rüfət 10-11 yaşından Sədərəkdə Faiq Cəfərovun rəhbərliyi altında futbolla məşğul olmağa başlayıb. Bacarığı, istedadı ilə yaşıdlarından seçilib. Uğurları da olub. 12 yaşında Qaxda Sədərək komandasının heyətində respublika birinciliyinin qalibi olub. 15 yaşı olanda ailəsi Bakıya köçüb. NZS qəsəbəsində yaşayırdılar. Həmin dövrdə futbolda durğunluq yeni-yeni başlamışdı. 

 

Futbolu dayanan ölkədə zavallı nə ilə məşğul olmalı idi? Məcburiyyətdən çoxları kimi bir müddət mini-futbol komandalarında oynayıb. Daha sonra yenidən böyük futbola dönüb. 2004/05-ci illər mövsümündə Naxçıvana gedən Musayev 1 mövsüm Elxan Abbasovun çalışdırdığı Sədərək yığmasının heyətində Naxçıvan birinciliyində çıxış edib. Ardınca Bakıya qayıdıb və AZAL-ın əvəzedici heyətinə götürülüb. Daha sonra bir müddət “Neftçi" İSM, “Neftçala" komandalarında forma geyinib. 2014/15-ci illər mövsümündə bu komanda ilə 1-ci Divizionun qalibi adını qazanıb. Bu, Rüfətin peşəkar futbolçu karyerasında yeganə tituludu. 

 

2015-ci ildə Tərlan Əhmədov Rüfəti AZAL-a dəvət etdi. Bir müddət əvəzedici komandada oynayan Musayev arada kubok oyunlarında da komandasına yardımçı oldu. Əsas heyətdə çempionat oyunlarında isə debüt etmək onun qismətində yox imiş. Sonuncu rəsmi oyununa 2015-ci il dekabrın 6-da “Rəvan"a qarşı çıxıb. Daha sonra canında gəzdirdiyi mərəz özünü göstərdi. Rüfət Premyer Liqanı “dadmadı". Daha da irəli getməsinə səbəb özünün də etiraf etdiyi kimi uşaq vaxtı yaxşı məktəb keçməməsiydi. Vaxtında öyrətsəydilər, azından Premyer Liqa səviyyəsində futbolçu idi. Amma buna rəğmən, onu “Divizionun bəlası" adlandırırdılar. Həqiqətən, 1-ci Divizionda çıxış edən futbolçular arasında seçilirdi.

 

2016-cı ilin əvvəllərində həkimlər Rüfətə xərçəng diaqnozu qoydular. Bu xəstəliyin təməli 2-3 il əvvələ gedib çıxırdı. “Neftçala"da oynadığı vaxtlar oyunların birində qolundan və qabırğasından zədə almışdı. Qabırğasındakı şiş tez yatsa da, qolundakı şiş xeyli qaldı. Bir müddət oynaya-oynaya müalicə aldı. Kimin ağlına gələrdi ki, futbolçu üçün adi hesab olunacaq zədə nə vaxtsa onun ölümünə səbəb ola bilər? Məşqlərin birində qabırğasındakı zədənin təzələnməsi ölümünün başlanğıcı oldu. Qanında xərcəng hüceyrələri aşkarlandığından məcburən futbolu atıb müalicə olunmağa başladı. İlk vaxtlar hər şey qaydasında gedirmiş kimi görünürdü. Kimyaterapiya alan Rüfət tezliklə sağalıb futbola qayıtmağı düşünürdü. Amma çifayda. Müalicə üçün getdiyi Moskvada həkimlər ona 3-4 il vaxt qoymuşdular. Düzdür, bu barədə özü bilmirdi. Yalnız yaxınları xəbərdar idi. Bir ara yaxşılaşmışdı, kökəlmişdi. Kimyaterapiyalardan sonra tökülmüş saçları yerində idi. Ağarmış olsalar da. Deyirlər, xərçəng xəstələrinin əksəriyyəti belə olur. 

 

32 yaşını dostları ilə birgə qeyd etdi. Bundan sonra ağrılar başladı. Ağciyəri artıq sözə baxmırdı. Sentyabrın 6-da haqqa qovuşdu. Rüfət bu dünyadan subay getdi. Ailənin tək övladı əvvəl futbola, sonra isə xəstəliyə görə evlənməmişdi. Barı özündən sonra bir yadigarı qalsaydı... Qafar dayıya, Züleyxa xalaya təsəlli olardı.

 

xxx

 

Rüfət istiqanlı, ədəbli, yerini, oturuşunu-duruşunu bilən, deyib-gülən insan idi. Bunu dünyasını dəyişdiyinə görə yazmıram. Həqiqətdi. Onun kiminsə xətrinə dəydiyini, kimisə özündən küskün saldığını bir dəfə də olsun eşitməmişəm. Yəqin ki, indən belə də eşitməyəcəm.

 

Əmrah İbrahimov (qohumu, hakim-inspektor): “Rüfət gözümün qarşısında böyüyüb. Sifət quruluşu elə idi ki, sanki həmişə gülürdü. Ondan ancaq müsbət enerji almaq olardı. Kollektivdə hamının sevimlisi idi. İstənilən mənfi ab-havanı bir hərəkət, bir sözlə müsbət yöndə dəyişmək, qeyri-adi hərəkətlə hamının təəccübünə səbəb olmaq, diqqətini cəlb etmək bacarığı vardı. Məsələn, “Neftçala"da oynadığı vaxtlar Naxçıvanda “Araz"la qarşılaşırmışlar. Qol vurduqdan sonra fəxri tribunaya tərəf qaçaraq formasındakı nömrəni göstərib. Rüfət naxçıvanlı olduğu üçün 85 nömrəli forma geyinirdi. Fəxri tribunada oturan vəzifəli şəxslərdən biri dərhal tapşırıq verib ki, görün bu uşaq kimdi bizə nömrəsini  göstərir? Sonradan Rüfətin naxçıvanlı olduğunu bilən həmin şəxs qarşılaşdığı hərəkətdən xoşhallanıbmış. Bir dəfə də Qusarda “Şahdağ"ın qapısına qol vuran Rüfət “Neftçala"nın keçmiş baş məşqçisi, həmin vaxt “Şahdağ"ı çalışdıran Kamran Əlibabayevin qarşısında ləzginka oynamışdı. Bu da hamının təbəssümünə səbəb olmuşdu. Belə olduğu üçün, şirinliyinə görə uşaqlıqdan ona bir növ əzizləmə mənasında “Danaş" ləqəbi qoymuşdular... 

 

Rüfətlə bağlı xatirələrimdən birini də danışım. “Neftçala"da ilk oyununa çıxırdı. Matçın hakimi mən idim. Oyundan əvvəl mənə yaxınlaşdı ki, “Əmrah əmi, ilk oyunumdu ha, birdən mənə xəbərdarlıq-zad edərsən". Tərslikdən elə birinci hissənin gedişində Rüfəti kobud sürüşmə fəndinə görə qovdum. Burnunu “sallaya-sallaya" meydanı tərk elədi. Bilirdim ki, məndən inciyib. Nə etməliydim ki? Qaydalar hamı üçün eynidi. Oyundan sonra heç nə olmayıbmış kimi yaxınlaşdı, görüşdü. Səhvin özündə olduğunu bilirdi. Ömrünün son günlərinə kimi olduğu kimi göründü. Deyib-gülən, pozitiv... Sağalacağına inanırdı. Namaz əhli idi, xəstə olduğu halda bir dəfə də namazından qalmadı. Allah “Danaş"a rəhmət eləsin!"

 

Nakim Vəliyev (“Neftçala"nın sabiq kapitanı): “Rüfətlə ilk tanışlığın “Neftçala"da olub. Bir yerdə o qədər də çox oynamadıq. Amma bu qısa zamanda özünü hamıya sevdirməyi ba-cardı. İstiqanlı, qanacaqlı, böyük-kiçik yeri bilən idi. Onunla yaş fərqimiz olduğu üçün aramızda pərdə var idi. Amma buna baxmayaraq, zarafatından qalmırdı. Təbii ki, həddində. İnsanlığından başqa həm də yaxşı futbolçu idi. O qədər həvəsli idi ki. Sadəcə, yaxşı məktəb keçməməsi daha da irəli getməsinə imkan vermədi. Xəstəlik aşkarlanandan sonra tez-tez əlaqə saxlayırdıq, hal-əhval tuturduq. Sonuncu dəfə 1 ay əvvəl köhnə futbolçular yığışıb ona baş çəkdik. Düzü, vəziyyəti o qədər də yaxşı deyildi. Arıqlamışdı, çətinliklə nəfəs alırdı. Hiss olunurdu ki..."

 

Mirhüseyn Seyidov (uşaqlıq dostu): “10-11 yaşımız olardı. Rüfət Sədərək mən isə Şərur komandasında oynayırdım. Oyunu 2:3 hesabı ilə uduzduq. Rəqibdən hər 3 qolu Rüfət vurmuşdu. Həmin vaxt hamı ondan danışırdı, gələcəkdə yaxşı futbolçu olacağını düşünürdülər. Rüfətlə tanışlığım belə başlayıb. İllər sonra ailəsi ilə Bakıya köçəndən sonra əlaqələrimiz daha da sıxlaşmağa başladı. Düzdür, o, 1-ci Divizion komandalarında oynayırdı. Amma buna baxmayraq Premyer Liqada oynayan futbolçular arasında dostları çox idi. Bu da onun ünsiyyətçil, özünü çox istətmək bacarığından irəli gəlirdi. Onunla dost olduğum müddətdə bir dəfə də olsun kiminsə xətrinə dəydiyini nə gördüm, nə də eşitdim. Rüfət, başqa oğul idi.

 

Tərlan Əhmədov Rüfəti AZAL-a çağıranda çox sevinmişdi. Premyer Liqada debüt etməyi gözləyirdi. Xəstəlik aman vermədi. 2 ildən çox müalicə aldı. Təbii ki, bu qədər müalicə böyük xərc deməkdir. Sağ olsun, dostları, komanda yoldaşları, klub rəhbərləri, bir sözlə, Rüfətə həm maddi, həm də mənəvi tərəfdən dəstək olan hamı. Adlarını çəkməyi lazım bilmirəm, kim necə bacarırdısa, ona yardım etdi. Bu da həmin insanların onu sevdiyindən irəli gəlirdi. Gözəl insanı itirdik!"

 

xxx

 

Adi gecələrdən biri. Sübh namazına az qalıb. Masanın üstündə siqaret, alışqan, dəfələrlə dolub-boşalmış çay stəkanı və noutbuk... İndiyə kimi bu noutbukda müxtəlif mövzularda yüzlərlə yazı yazmışam. Beləsi səhv etmirəmsə, dördüncüdü. Alim Malikoğlu, Hüseyn İsmayılov, Sakit Alıyev və... 

 

xxx

 

- İlqar əmi, bir dəfə də məndən yaz...
- Yazdım, balaca qaqam, yazdım!

 

İlqar TAĞIYEV
“Het-trik news” qəzeti

Tarix: 19 Sentyabr [13:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio