Robert Prosineçki istefa verə bilər

12:12 - 16 Oktyabr 2019

AÇ-2020-nin seçmə mərhələsinin 8-ci turunda Afinada Yunanıstana 1:2 hesabı ilə uduzan Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçki fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis məğlubiyyəti şərh edib və komandadan ayrılmaq üçün federasiya başçısı ilə görüşəcəyini deyib:

 

"Yunanıstan bizdən daha yaxşı idi. Çox problemlə üzləşdik. Nə deyəcəyimi bilmirəm. Finlandiya ilə oyunda möhtəşəm idik. Yunanıstanla matçda baş verənləri anlamıram. Əsl fəlakətdir. Öz səviyyəmizdə deyildik. Rəqib daha yaxşı mübarizə aparırdı. Bu da mənim üçün qəribə idi, çünki Avropa çempionatına yollanmaq şansları yox idi. Yetərincə yaxşı oynamadıq. Bizim üçün də şanslar bitdi. Federasiya prezidenti və rəhbər şəxslərlə görüşəcəyimdən əminəm. Bundan sonra nə qərar veriləcəyini görəcəksiniz".

 

Prosineçki Ermənistana məğlub olduqları oyundan sonra istefa versə də, rəhbərlik onu fikrindən daşındırmışdı. Bosniya və Herseqovina AÇ-2020-nin seçmə mərhələsində 8 oyuna 10 xal toplayıb.

 

50 yaşlı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. Prosineçki 2018-ci ildən Bosniya və Herseqovinanı çalışdırır.

Xəbər xətti