Famil Xəlilov: "Bəzi futbolçular bu tapşırığı bacarmadı"

17:13 - 24 Oktyabr 2019

UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” - APOEL (Kipr) matçından (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Famil Xəlilov qarşılaşma barədə fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti şərh edib:

 

“Oyunu istədiyimiz kimi başlasaq da, sonunu gətirə bilmədik. Hücum futbolu oynamaq istəyirdik. Müdafiəyə çəkilmək fikrimiz yox idi. Bilirdik ki, APOEL təhlükəli rəqibdir. Cərimə meydançamıza nə qədər yaxın oynasalar, qol vurmaq şansları olacaq. Bu səbəbdən də kiprliləri öndə qarşılamağı fikirləşirdik. Bəzi futbolçularımız bu tapşırığı yerinə yetirsələr də, digərləri bunu bacarmadılar. Buna görə də sıxıntı ilə üzləşdik və qol buraxdıq. Rəqibin heyətində Giannis Satsiasın oyununu analiz etmişdik. Bilirdik ki, hansı səviyyədə oynayır. Ona bir nəfər ayırmışdıq ki, sonadək onu nəzarətdə saxlasın. Lakin futbolçumuz bunu bacarmadı. Rəqib oyunu həmin futbolçunun üzərində qurmuşdu. Qolu da həmin oyunçu vurdu. Komandamızı mübarizə apardığı, istəkli olduğu üçün təbrik edirəm. Bu futboldur. Biz hər şeyə - qələbəyə də, məğlubiyyətə də hazır idik. Mərhələni keçsəydik, daha yaxşı olardı. Futbolçulara da dedim ki, məğlubiyyəti unudub, ölkə çempionatına köklənməliyik. Gələn il eyni hissi yaşamaq üçün yenə çempion olmaq vacibdir”.

Xəbər xətti