"Bavariya"nın hücumçusu Harri Keyn gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, ingiltərəli futbolçu uzun müddətdir "Mançester Yunayted"in maraq göstərməsinə baxmayaraq, klubunu dəyişmək niyyətində deyil. Bu barədə "Football Insider" məlumat yayıb.
Keyn karyerasını Münhendə davam etdirmək istəyir. 32 yaşlı forvard müqaviləni vaxtından əvvəl pozmaq imkanından imtina edib. O, Almaniyadakı həyatından və klubun ən nüfuzlu titullar uğrunda mübarizə aparmaq ambisiyalarından tam razıdır. Yaxın zamanda tərəflərin yeni uzunmüddətli müqavilə ilə bağlı razılığa gələcəyi gözlənilir.
Xatırladaq ki, Harri Keyn hələ 2023-cü ildə "Tottenhem"də çıxış edərkən "Mançester Yunayted"ə keçməyə yaxın olsa da, sonda seçimini "Bavariya"dan yana etmişdi. İngiltərə millisinin üzvünün Almaniya nəhəngi ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Təcrübəli hücumçu cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 54 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
