Türkiyə çempionatında yeni qaydalar

16:55 - 16 Avqust 2013

Yeni mövsümdə bəzi dəyişikliklər olacaq
 
Türkiyə Superliqası 2013-2014-cü il mövsümünə bəzi yeniliklərlə başlayır.
 
Sportal.az xəbər verir ki, çempionatın yeni mövsümündə aşağıdakı dəyişikliklər tətbiq olunacaq:
 
Yeni mövsümdə həyata keçiriləcək ən əhəmiyyətli dəyişiklik legioner limitinin məhdudlaşdırılması olacaq. Türkiyə Futbol Federasiyasının (TFF) qərarına əsasən çempionatda 6+0+4 sistemi tətbiq ediləcək. Yəni yalnız 6 əcnəbi futbolçunun meydana çıxmaq şansı olacaq. Qalan legionerlər isə oyunu tribunadan izləyəcək. 
 
Başqa bir qərara görə, oyunlarda 6 hakim iştirak edəcək. “Xətt hakimi” adlandırılan əlavə köməkçi hakimin olması Türkiyədə ilk dəfə həyata keçiriləcək. Oyun boyunca iki hakim qapı xətlərinə nəzarət edəcək. Topun qapı xəttini keçib-keçməməyi barədə baş hakimə məlumat verəcək. 
 
Bundan sonra Türkiyədə elektron biletlər satışa çıxarılacaq. Futbolda şiddətin qarşısını almaq məqsədilə ən əhəmiyyəli qərarlardan olan elektron biletlərin satışı “Beşiktaş” – “Trabzonspor” oyunu ilə həyata keçiriləcək. Belə ki, azarkeşlər şəxsiyyət vəsiqələrinin seriya nömrələrinə əsasən internet vasitəsilə bilet alacaq. Kütləvi davalara, xoşagəlməz hadisələrə qarışanlar həmin bilet və şəxsiyyət nömrəsi ilə təsbit edilə biləcək. Bu layihə ilə futbolda xoşagəlməz hadisələrin azaldılması və klubların yüksək gəlirlər əldə etməsi planlaşdırılır. 
 
“Qalatasaray” – “Fənərbaxça” derbisində aparılan spirtli içki müayinəsi çempionatda da tətbiq ediləcək. Spirtli içki qəbul edən azarkeşlər stadionlara buraxılmayacaq. 

Xəbər xətti