U-21-in yanvarın 21-24-ü aralığında Antalyada baş tutacaq toplanışında iştirak üçün dəvət olunan futbolçuların siyahısına baxanda bir məqam xüsusilə diqqəti çəkdi. “Sumqayıt-2”dən nə az, nə çox - 7 nəfərin milliyə çağrılması. Yəni ümumi sayın təxminən 30 faizi. Təbii, bu komanda birinci divizionun lideridisə, üstünlük təşkil etməsi normaldı. Amma bu qədər olmaz axı.
Halbuki ilk “6-lıq”da yer alanlar arasında “Zaqatala” və “Qaradağ Lökbatan” da var ki, aşağı dəstənin oyunlarını izləyənlərin dediyinə görə, bu komandalarda yetərincə bacarıqlı gənclər top qovur. Turnir cədvəlindəki mövqeyi ürəkaçan olmasa da, “Kəpəz”in özündə də yığmada oynaya biləcək futbolçuların varlığına şübhə etməyə dəyməz.
Siyahını təyinatı 5-10 gün əvvəl gerçəkləşən Milan Obradoviçin tərtib etdiyinə inanmaq ağılsızlıq olar. Dəvət göndərdiyi 23 nəfəri qarşısına düzsən, 3-nü üzdən tanımayacaq. O ki qalmışdı oyunlarını görə, kimlərsə diqqətini çəkə. Heç şübhəsiz, köməkçisi, həm də “Sumqayıt-2”ni çalışdıran Elbrus Məmmədovun məsləhəti əsasında addım atıb. Məmmədov da üstünlüyü sərəncamında olanlara verib.
Bəlkə yuxarıda adını sadaladığımız komandalarda U-21-ə layiq görülən oyunçular yoxdu, biz yalan danışırıq. Bəlkə AFFA-dan məktub göndərilib, klublar hazırlıq prosesinə görə buraxmaqdan imtina edib. Hər halda, istənilən ehtimal mümkündü. Odu ki, komandaların baş məşqçiləri ilə danışdıq.
Rüstəm Məmmədov (Zaqatala): “Ötən seçmə mərhələdə iki futbolçumuzu gözaltı edib, oyunlarını izləyirdilər. U-21-in məşqçiləri klub rəhbərliyi ilə söhbətdə qış toplanışında həmin futbolçulara dəvət göndərəcəklərini demişdilər. O uşaqların əsas heyətdə oynamalı olduqlarını demirəm. Amma toplanışa dəvət olunub, sınaqdan keçmək onların haqqıdı. Yığmadakı baş məşqçi dəyişikliyindən sonra açıqlanan siyahıda 4-cü pillədə yer alan “Zaqatala”dan heç kimin olmaması xoş hal deyil. Bu gün sərəncamımda 4-5 nəfər var ki, U-21-ə dəvət alanlardan nəinki geri qalmırlar, hətta üstündülər. Birinci divizion gözümüzün qabağındadı, hamını görürük. Bəlkə də siyahının açıqlanmasında Elbrus Məmmədovun namizədləri əsas götürülüb. Halbuki Zaqatalada “Sumqayıt-2” ilə oynamışdıq və 3:0 hesabı ilə qələbə qazanmışdıq. Bəzi oyunçularımız Elbrus müəllimin yadında qalmalıydı. 5 nəfər demirəm, azı 2 nəfəri çağırıb yoxlamaq olardı. Eybi yox, qarşıda toplanışlar olacaq. Yəqin ki, baş məşqçi oyunları izlədikdən sonra layiq olanlara dəvət göndərəcək”.
Etibar İbrahimov (Kəpəz): “Milan Obradoviç heç kimi tanımır. Ancaq köməkçisi Elbrus Məmmədov uşaqları görüb, kimin nəyə qadir olduğunu bilir. Toplanışa 1998-99 doğumlu gənclər çağrılıb. Bu yaş qrupunda futbolçular çoxdu. Hamısını birdən-birə dəvət etmək isə mümkünsüzdü. Düşünürəm ki, növbəti toplanışda “Kəpəz”lilərə də dəvət göndərilər. Ən azı yoxlanmağa layiq uşaqlarımız var”.
Elçin Dərgahquliyev (Qaradağ Lökbatan): “Siyahıya yaxşı-yaxşı baxmışam. Ötən il bu qədər uşaq “Qarabağ”dan idi, bu il “Sumqayıt”dan. Mənə maraqlıdı ki, Obradoviç bunları harda görüb, bəyəndi? Bu gün bizdə ordakılardan da bacarıqlı futbolçular var. İnanın, telefonumuza ediləcək zəngi, yaxud kluba göndəriləcək məktubu səbirsizliklə gözləyirdik. Xəyal Əmirli, Rövşən Şahmuradov, Camal Camalov, İlkin Abdullayev – hər biri bacarıqlı uşaqlardı, yığmaya kömək edə biləcək gücdədilər. Mərkəz müdafiəçisi olan Xəyal rahat U-21-də oynaya bilər. Mütləq hamısının oynamalı olduqlarını demirəm. Hər məşqçinin öz oyun fəlsəfəsi var. Amma dəvət edib, nəyə qadir olduqlarını görmək olardı. İnanın, uşaqlar özləri də soruşur ki, Elçin müəllim, bilmirsiz, biz niyə kənarda qaldıq? Siyahını Elbrus Məmmədov tərtib edibsə, bizdəki uşaqların nəyə qadir olduğunu bilir axı. Eybi yox, yəqin ki, növbəti toplanışlarda “Qaradağ Lökbatan”ın futbolçuları da yada düşər”. (Futbol+)
saytlarin hazirlanmasi