Vaxtı ilə gələcəyinə böyük ümidlər bəslənilən və gənc yaşlarında “Qarabağ”da çıxış etmiş Nodar Məmmədov hazırda I Divizionda oynayır. 19 yaşında Azərbaycanın əsas millisinə dəvət edilən və oyunlarda meydana çıxan müdafiəçi Sportal.az saytına müsahibə verib. O, karyerasının son illərinin istədiyi kimi getməməsinin səbəblərindən söz açıb.
- I Divizionda işlərin necə gedir? 10 oyundan 9 xal qazanmısınız. Bunu yaxşı hesab edirsən?
- Xeyr, yaxşı nəticə deyil. Komandada böyük dəyişikliklər olub. Yeni gələn uşaqlar var. Bu il ən gec yığılan komanda biz olduq. Ancaq keçən il iki ay əvvəl yığılmışdıq. Hər halda, bunun da təsiri var.
- Komandanın kapitanlıq sarğısını daşıyırsan. Ötən mövsüm çempion olsanız da yüksək liqaya çıxmadınız. Maraqlıdı, yayda ən azından sənə Premyer Liqa klublarından təklif oldu?
- Xeyr, heç bir təklifim olmadı. Məncə, bu, yaşa görədi.
- Neçə ildir ki, aşağı liqada oynayırsan. Səncə, niyə son illərdə yüksək liqa klublarından sənə təklif gəlmir? Yəqin ki, bundan sonra da çətin gəlsin...
- Nəyə görə təklif gəlmədiyini bilmirəm. Düz deyirsiniz, bundan sonra da gələcəyinə heç özüm də inanmıram. Əgər karyeramın ən yaxşı vaxtında birinci diviziona düşdümsə, indiki vəziyyətdə nəyinsə dəyişəcəyinə inanmıram.
- Ümumiyyətlə, birinci divizionun səviyyəsi, şəraiti hansı durumdadı? Maliyyə də aşağıdı. Məsələn, hər gün evdən məşqə hansı həvəslə gedirsiz, oyunlara hansı hədəflə çıxırsız?
- Düzdü, maliyyə aşağıdı. Amma mən hər zaman oyuna çıxanda bütün məsələləri unuduram. Futbol bu belədi, yəni, meydana çıxdınsa, maliyyəni, hər şey də unudursan, ancaq futbol oynamaq istəyirsən.
- Son illərdə Lökbatan stadionunun adı gələndə, əksəriyyət sünii örtüyə görə artıq qorxmağa başlayır. Siz isə oyunlar bir yana, orada hər gün məşq edirsiz. Həmin stadionda məşq etmək futbolçu üçün bir növ "özünəqəsd" deyil?
- Biz orada balaca şipli ketlərlə məşq edirik. Amma oyuna butsı geyinirik. Biz orada məşq etdiyimiz halda, bizim üçün də oynamaq çətindi. Çünki topla oynayan komandaya həmin meydanda oynamaq çox çətindi.
- Premyer Liqa ilə birinci diviziona maraq, diqqət çox fərqlidi. Birinci divizion sanki məcburiyyətdən var. Yəni, kənardan belə təəssürüt yaranır...
- Fərq əlbəttə ki, çoxdu. Ancaq məcburiyyətdən heç nə yoxdu.
- Ümumiyyətlə, necə fikirləşirsən, birinci liqaya marağı və səviyyəni necə artırmaq olar?
- Bunu mən yox, yuxarıdakılar fikirləşməlidilər. Yəni, necə edək ki, fərq çox olmasın, birinci liqaya maraq artsın. Mən bu barədə bir söz deyə bilmərəm.
- Vaxtı ilə gələcəyinə böyük ümidlər bəslənilən futbolçulardan idin. Gənc yaşlarında "Qarabağ" və Azərbaycanın əsas millisinə cəlb edilirdin. Maksim Medvedev, Rauf Əliyev, Əfran İsmayılovla birlikdə əsas komandada oynayırdın. Səncə nəyə görə karyeran onlardakı kimi uğurlu olmadı?
- Bəzi qərarlarım var ki, düzgün deyildi. Həmin vaxtı gərək düzgün qərarlar verərdim. Sadəcə olaraq, cavan idim, oynamaq üçün başqa cür hərəkət edirdim. Artıq gecdi. Bir də, bəzi məşqçilər var, "sağolsunlar" imkan vermədilər də.
- "Qarabağ"ın çıxışı haqda fikrin necədi? Həm avrokuboklarda, həm də daxili liqada uğurlu çıxış edən Ağdam təmsilçisinin çıxışını necə dəyərləndirirsən?
- Onlar əla çıxış edir. İstəyərdim ki, "Qarabağ" qrupdan çıxsın. Çempionatda da çox uğurlu çıxış edirlər. Həm avrokuboklarda, həm də daxili liqada eyni anda uğurlu oynamaq asan deyil. "Frayburq"a qarşı çətin oyun olacaq. Qrupun ən güclüsü "Frayburq"du. Allah qoysa, "Qarabağ" "Frayburq"a ilk məğlubiyyətini yaşadar və qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanar. Almaniya klubunun qrup liderliyini təmin etməsi, növbəti mərhələyə vəsiqə qazanması bizə heç bir üstünlük qazandırmır. Çünki onlar üçün fərqi yoxdu, onsuzda hər oyuna qələbə üçün çıxırlar.
- Sən oynadığın "Qarabağ"ın illər sonra bu qədər güclü komandaya çevriləcəyini ehtimal edirdin?
- Əlbəttə ki, o vaxtkı komanda ilə indiki arasında çox fərq var. Biz oynayan vaxtı komandanın bünövrəsi qoyulurdu. Üstündən 12-13 il keçib və "Qarabağ" hər il inkişaf edir. Bu cür davam etsələr, Avropanın ən yaxşı komandalarından birinə çevriləcəklər.
- Gənc yaşlarında Berti Foqts səni Azərbaycan milli komandasına dəvət etmişdi, oyunlara da çıxırdın...
- O vaxtı millidə təcrübəli futbolçular daha çox idi. İndi isə əsasən cavan oyunçular oynayır millidə. Berti Foqtsun zamanında isə millidə üç gənc futbolçu var idi. Mənimlə yanaşı Elvin Məmmədov və Cavid Hüseynov yığmaya cəlb edilirdi. Həqiqətən yaxşı vaxtlar idi.
Mirbağırağa