Millimizin baş məşqçi postuna namizəd olan Nikola Yurçeviç AFFA ilə danışıqlar aparmaq üçün Bakıya gəlib.
52 yaşlı mütəxəssislə bağlı "Germanijak.hr" saytının əməkdaşı, Xorvatiyada tanınmış jurnalist olan Andriya Vukoviçin münasibətini öyrəndik. Sportal.az saytına danışan təcrübəli həmkarımız Nikola Yurçeviçlə bağlı ətraflı məlumat verib:
"Nikola Yurçeviçin Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olması mənim üçün sürpriz oldu. Deyərdim ki, xorvatiyalı məşqçilər Azərbaycanda məşhurdur. Robert Prosineçki Azərbaycanda yaxşı işlər gördü.
Yurçeviçin yaxşı CV-si var və bu diqqət çəkir. Ancaq o, baş məşqçi kimi kifayət yaxşı olduğunu sübut edə bilməyib. Slaven Biliçin yanında "Vest Hem" və digər komandalarda işləməklə təcrübə toplayıb. Ancaq baş məşqçi kimi Zaqreb "Dinamo"sunda işi az çəkdi.
O, "Dinamo"da xüsusi bir şeylə yadda qalmadı. Daha çox rəqabətə tab gətirən və qolsuz heç-heçə edən komanda formalaşdırmışdı. Lakin klub rəhbərliyi belə davam edə bilməzdi.
Sizə Xorvatiyanın ən güclü komandasından bəhs edirəm. Bu komandanın keçmiş icraçı direktoru Zdravko Mamiçin yaxşı misalı var idi: "Dinamo"da hər şey o qədər mükəmməl təşkil edilib ki, anam da bu klubda baş məşqçi kimi Xorvatiya çempionu olar".
Təbii ki, şişirdilmiş ifadədir, ancaq həqiqətlər var. Yurçeviçdən sonra "Dinamo"ya gələn Nenad Byelitsa həmin heyətlə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Komanda indi Xorvatiyada ölkə kubokuna və çempionatına iddialıdır.
Yurçeviç sadə söyləsək, belə bir idarəçiliyə sahib deyildi. Onun komandada imzası olmadı. Uzun illər Biliçin yanında əyləşdi, ancaq baş məşqçinin necə olmalı olduğunu unutdu. Siz onun danışığına da fikir verərsiniz. O, general deyil, bir əsgərdir.
Baş məşqçiliyə ilk başladığı günlərdə heç də pis olmadığı üçün karyerasının ilk dönəmi barədə fikir bildirməyəcəm. Bu, onun son iş yerindəki uğursuzluq barədədir. "Dinamo" hər zaman favoritdir, ancaq o, müdafiə oyunu nümayiş etdirən komandalara qarşı necə oynamağı müəyyən edə bilmədi.
Azərbaycan millisinin baş məşqçisi olsa, yığmanız müdafiə futbolu oynayacaq, hərdən vaxt tapıb 1-2 dəfə hücuma çıxacaq. Ancaq futboldur, bəlkə də belə olmadı. Kim bilir, bu təyinat onun üçün yaxşı da ola bilər. Biz sadəcə, gözləməliyik.
O, Biliçin yanında uzun müddət olub. Məncə, Yurçeviç hazırda baş məşqçidənsə, daha yaxşı köməkçidir".
Mehman Əşrəfov
saytlarin hazirlanmasi