Yunis Hüseynov millidən niyə imtina edib? - "AÇ-2020-yə vəsiqə qazanmaq nağıldır"

11:43 - 23 Yanvar 2019

"Kəpəz"dən ayrıldıqdan sonra işsiz olan Yunis Hüseynov bir müddət öncə AFFA-dan təklif alıb. Federasiya 53 yaşlı mütəxəssisə aşağı yaş millilərində işləməyi təklif edib. Lakin Hüseynov təklifi qəbul etməyib.

 

Sportal.az saytına açıqlama verən təcrübəli mütəxəssis bunun səbəbini açıqlayıb:

 

"AFFA-dan aşağı yaş qruplarından ibarət milli komandalarda işləmək üçün təklif aldım. Ancaq mən U-21 və əsas komandada çalışmaq istəyirəm. U-21 millisinə baş məşqçi Milan Obradoviç təyin edildi. Aşağı millilərdə işləmək isə mənə çətin olacaq. Çünki bundan öncə belə təcrübəm olmayıb, mənə çətin olacaqdı. Ona görə aşağı yaş qruplarında işləmək təklifini qəbul etmədim. Bundan əlavə, Elxan Məmmədov mənə Məşqçilər Komitəsində üzv olmağı da təklif etdi, ancaq razı olmadım".

 

Yunis Hüseynov U-21 millisinə serbiyalı baş məşqçi Milan Obradoviçin təyinatını yanlış addım hesab edir:

 

"Serbiyalı mütəxəssisin gəlişini düzgün hesab etmirəm. Çünki əldə olan heyət budur. Bu işin öhdəsindən yerli məşqçi də gələ bilər. Öz məşqçimiz azərbaycanlı futbolçuların psixologiyasını daha yaxşı başa düşür. Bu qərarı yanlış hesab edirəm".

 

Federasiya ilə danışıqlar aparan bir çox mütəxəssislər əsas millidə işləmək təklifini geri çevirirlər. AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmağı şərt qoyan AFFA baş məşqçilərdən "yox" cavabını alır. Azərbaycan millisində uğur qazanmaq potensialı görməyən məşqçilər yığmamızı çalışdırmaqdan imtina edirlər. Hüseynov AÇ-2020-yə vəsiqə qazanmağın reallıqdan uzaq olduğunu vurğulayıb:

 

"Bəli, həddindən artıq gecikirik. Seçmə mərhələyə çox az qalıb. Bu məsələ 2018-ci ilin sonunda həll olunmalı idi. Yeni baş məşqçi futbolçuları tanımaq üçün toplanış keçməli idi. İndi vaxt çox az qalıb. AÇ-2020-yə vəsiqə qazanmaq nağıldır. Bu, real görünmür. Kənarda oynayan futbolçularımız yoxdur. Çempionatımızda da rəqabət yoxdur. Reallığı qəbul edək ki, Azərbaycan millisi dünya və Avropa çempionatlarının final mərhələsinə vəsiqə qazanmaq gücündə deyil. Millətlər Liqası göstərdi ki, bizim hələ final mərhələsinə gücümüz yetmir. Xorvatiya, Uels, Macarıstan, Slovakiyanı üstələmək bizim gücümüz deyil. Milli komandaları yerli məşqçilərə tapşırmaq və vaxt vermək lazımdır".

 

Mehman ƏŞRƏFOV

Xəbər xətti