İlqar Tağıyev: "2-3 futbolçu var ki, böyük məmnuniyyətlə, "qanını sovuraram" - MÜSAHİBƏ

18:39 - 9 Avqust 2019

Sport7.az saytı yeni rubrikaya start verir. Bu dəfə idmançılar, məşçilər deyil, idman mətbuatının "qaymaqlar"ından yazacağıq. Hər həftə bir tanınmış jurnalist qonağımız olacaq. 

 

Rubrikamızın ilk qonağı tanınmış jurnalist İlqar Tağıyevdi. Qeyd edək ki, İlqar Tağıyevi mətbuatdan tanısaq da, əslində o, həm də keçmiş futbolçudu…

 

«Turan»da cəmi 1 dəfə maaş aldım, onu da…»

 

- Futbola marağım 9 yaşımdan başlayıb. 1986-cı ildəki mundialla futbolu sevmişəm. Hamı kimi mən də topla məhəllə futbolunda tanış olmuşam. Qonşu uşaqların təklifi və təkidi ilə valideynlərimdən xəbərsiz futbol məşğələlərinə gedəndə 11 yaşım var idi. Atamgil xəbər tutanda isə… Düzü, bir o qədər etiraz etmədilər. Sadəcə, dərslərimə fikir verməyimi qarşıma şərt kimi qoydular.
 


İlk məşqçim rəhmətlik Hüseyn İsmayılov olub. Ehtiyat Əmək Qüvvələri Cəmiyyətinin nəzdindəki komandada futbolun sirlərini öyrənməyə başlamışam. Məşq elədiyimiz yer metronun Qara Qarayev stansiyasının yaxınlığındakı motobol stadionu idi. İndi orada «Sarı gəlin» şadlıq evi yerləşir. 


1990-cı il 20 yanvar hadisələrindən sonra istər-istəməz futboldan uzaq düşdüm. Bir daha 2 il sonra bu dəfə Valeri Hacıyevin rəhbəri olduğu komandaya qoşuldum. 1 il də orda oynadıqdan sonra sırf təsadüf nəticəsində «Turan»a düşdüm.

 

- Necə yəni təsadüf?
-
Hər il dincəlmək üçün Tovuza gedirdim. Elə oldu ki, orada olduğum müddətdə «Turan-2»ə seçimlər keçirilirdi. Qəşəm adlı oğlan mənə seçimlərə qoşulmağı təklif elədi. Forma yox, buts yox… Qəşəmin 43 ölçülü butsu, qış idman geyişi ilə məşqlərə başladım. Seçimlərdə Tovuzdan və ətraf rayonlardan 70-ə yaxın futbolçu iştirak edirdi. Hər gün də 4-5-i göndərilirdi. 3-4 həftə məşq etdikdən sonra özümdə cürət tapıb baş məşqçimiz Xanoğlan Abbasova yaxınlaşdım ki, dərslər başlayır, gedim, ya qalım? 2 gün vaxt verdi ki, sənədlərini götür, qayıt Tovuza. Dünyanın ən xoşbəxt adamı idim. «Turan» kimi klubun futbolçusu olmaq mənim üçün əlçatmaz görünürdü. 
 


- Amma arzunuzun komandasında cəmi 1 il oynadınız.
- 1994-cü ilin yayında universitətə qəbul oldum. Belə də Bakıda qaldım, Tovuza qayıtmadım.

 

- Orda sizin üçün rahat idi?
- Deməzdim. 16 yaşım olmasına baxmayaraq, «Turan-2»də əsas heyət üzvü idim. Ordan-burdan eşitmişdim ki, yayda 2-3 nəfər gənc futbolçunu əsas komandaya göndərəcəklər. Onlardan biri də mən olmalıydım. Yəni, futbol baxımından hər şey qaydasındaydı. Yeganə narazı qaldığım məqam maaşla bağlı idi. Düzü, o vaxt məni pul qətiyyən maraqlandırmırdı. Amma evdəkilərdən pul istəməyə də utanırdım. İnanırsan, «Turan-2»də cəmi 1 dəfə maaş aldım – 500 rubl. Onu da rəhmətlik Sakit Alıyevin toyuna yazdırdım. Komandamızın rəisi Məzahir adlı biri uşaq idim deyə, pulumun arxasına keçdi. Nə maaş, nə mükafat üzü görmədim. 
 


O ki qaldı futboldankənar vəziyyətimə… Həmin dövr dolanışıq çətin idi. Müharibə şəraitində, işıqsız, susuz, qazsız bir yerdə yaşamaq əlbəttə çətin idi. Təsəvvür edin ki, gündə cəmi 2 saat elektrik enerjisi verilirdi. Su pulla alınırdı. Çörək kartoçka ilə iləydi. Dərslər cəmi 15 dəqiqə... Sinif otaqlarında soyuqdan oturmaq olmurdu. Bibimgildə qalırdım. Külfət idilər. Nədənsə doyunca yemək hər dəfə olmurdu… Əlavə istəməyə utanırdım. Amma bir şey deyim, həmin 1 ildə gördüyüm çətinliklər həyata baxımışı dəyişdirdi. Xeyli «böyüdüm».

 

- «Naxçıvan»a gəlişiniz necə oldu?
-  «Naxçıvan»ı ilk məşqçim Hüseyn İsmayılov təsis etmişdi. Komanda 1-ci dəstədə çıxış edirdi. Tələbə olandan sonra o komandaya qoşuldum. Komandanın 15-16 yaşlı uşaqlardan qurulmuşdu. Ən yaşlı futbolçu mən idim. Amma əla kollektivimiz var idi – Samir Əliyev, Samir Musayev, Rizvan Fərzəliyev, Müşfiq Qəmbərov, Zaur Ramazanov, Fərrux İsmayılov… Sonradan onların hamısı futbolumuzda ad qoydular. Yeri gəlmişkən, Fərruxla uşaqlıq dostuyam. 12-13 yaşında futbola gəlişimiz eyni vaxta təsadüf edib, bir komandada oynamışıq.
 


- Bildiyim qədər futbolu 19 yaşınızda zədə səbəbindən atmısınız. 
- 19 tamam olmamışdı. 1995-ci il noyabrın 1-i. Keşmiş «Razin»də «Bakı fəhləsi» ilə kubok oyunu idi. İlk oyunda 2:3 hesabı ilə məğlub olmuşduq. Cavab qarşılaşmasında Samir Musayevin qolu ilə qalib gəlsək də, rəqib səfər qolları hesabına mərhələ adlayan tərəf oldu. Elə həmin oyunun əvvəllərində sevimli «podkat» ayağımın 3 yerdən sınmasına nədən oldu. Ardınca 68 günlük «gips həyatı», 1 ay çəliklə «dostluq»… 

 

- Yenidən futbola qayıtmaq olmazdı ki?
- Əlbəttə olardı. Sadəcə, yol göstərənim olmadı. Rəhmətlik atam futbolla maraqlanmırdı. Bir dəfə də olsun oyunumu izləməmişdi. Bəlkə də atam futbol həvəskarı olsaydı… Düzü, futbola qayıtmamağımın başqa səbəbi də var idi. Jurnalistika. Tovuzdan qayıtdıqdan sonra «525-ci qəzet»də işləyirdim. Jurnalistika mənə daha maraqlı gəlirdi. Həm də ayağım sındıqdan sonra düşünürdüm ki, yenidən futbola qayıtmaq, əvvəlki kimi oynamaq çətin olacaq. Səhv etmişəm… Peşəkar futboldan uşaqlaşsam da, tez-tez həvəskar səviyyədə «qurdumu öldürmüşəm». 4 il BDU-nun yığmasının üzvü olmuşam, müxtəlif turnirlərdə çıxış etmişəm. Maraqlıdır ki, jurnalistlər arasında keçirilən turnirlərdə bir dəfə də olsun qalib adını qazana bilməmişəm. Səbəbini deyim. O vaxt ən üclü komanda AZTV idi. Təbii ki, bütün komandalarda olduğu kimi orada da "lipa"lar vardı. Onlar da yığırdı, biz də yığırdıq. O vaxt kənar şəxslərə vəsiqə vermək adi bir şey idi. Hər 3 turnirdən birində finalda onlarla qarşılaşırdıq. Və həmişə də böyük çətinliklə bizi udurdular. Dəfələrlə turnirlərin ən yaxşı oyunçusu seçilmişəm. Hətta mənim oynamağıma etiraz edənlər də olurdu ki, bu köhnə futbolçudu. Ancaq hamı görürdü ki, jurnalistəm, qəzetdə imzam çıxır. Amma onu deyim ki, məni imzamdan çox futbolçu olmağım məşhurlaşdırmışdı. Köhnə jurnalistlərin çoxunun yaddaşında futbolçu kimi qalmışam. O vaxtı mənə "Maradona" deyirdilər. Bu ləqəbi sevimli şairimiz Seyran Səxavət qoymuşdu. Bir də baxırsan ki, indi də elə "Maradona" deyə çağırırlar məni. Həqiqətən yaxşı oynayırdım. Hərdən təəssüf edirəm. Ki, bəlkə də futbolda qalsaydım, həyatım başqa cür olardı. Amma jurnalistikanı seçməyimə görə peşman deyiləm. Azından savadlandım, peşə sahibi oldum. İndi futbolçulara baxıram, elələri var ki, oyunları superdi, amma danışanda ağızlarından «horra tökülür». Statuslarına, yazışmalarına baxanda utanıram. Savadsız futbolçudansa savadlı fəhlə olmaq daha yaxşıdı.

 


«1 ilə yaxındır ki, «Het-trik news» dərc olunmur»

 

Qısa arayış: Tağıyev İlqar Vaqif oğlu 1977-ci ilin fevralın 1-də Bakıda anadan olub. Əslən tovuzludu. 1983-1993-cü illərdə Bakıda 159 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi 1994-cü ildə Tovuz rayonu Bozalqanlı kənd orta məktəbində bitirib və elə həmin il Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakultəsinə qəbul olub. 1998-ci ildə isə ali təhsilini başa vurub. 

 

Futbolla 1988-ci ildən məşğul olmağa başlayıb. Peşəkar futbola gəlişi 16 yaşına təsadüf edir. 1993-94-cü illər mövsümündə «Turan-2»nin şərəfini qoruyub. Növbəti mövsüm Bakının «Naxçıvan» komandasında çıxış edən müsahibimin futbol karyerası uzun sürməyib. 1995-ci ildə aldığı ağır zədə onu peşəkar futboldan birdəfəlik uzaq salıb.

 

Jurnalistikaya isə gəlişi hələ orta məktəb illərinə təsadüf edir. 1993-cü ildən «525-ci qəzet»də ilk imzası çıxan İlqar Tağıyevın bu günə kimi həmin qəzetin əməkdaşıdır. Paralel olaraq 2012-ci ildə özünün təsis etdiyi «Het-trik news» qəzetinin baş redaktorudur. 

 

Ailəlidir, 2 oğlu var. Övladları futbolla məşğuldurlar.

 

- "525"-ci qəzetdə sırf idman jurnalisti kimi çalışırdınız?
- Əsasən idmandan yazırdım. Çünki bilirdilər ki, futbol oynamışam, futboldan xəbərim var. O vaxtlar xəbər toplamaq çətin idi. İndi qəzetin bütün materiallarını internetdən götürmək olar, informasiya bolluğudu. Ancaq o vaxt vəziyyət fərqli idi. Ən birinci informasiya mənbəyi televiziya idi. Bir-iki kanal vardı. Orada da futbolu az-az verirdilər. Mən nə edirdim? Rus, ingilis jurnallarından maraqlı materiallar tərcümə edib "525"ə verirdim. Özüm futbolla bağlı yazılar yazırdım. "525"in arxivini vərəqləyəndə yadımdan çıxan yazılarıma rast gəlirəm, maraqla oxuyuram. Amma idmandan başqa mövzular da olurdu. Redaksiyadan tapşırıq olurdu ki, fılan tədbirə get, reportaj hazırla. Təbii ki, gedirdim. Belə deyək, öyrənirdim. Yazılarımı əsasən Yusif Rzayev oxuyurdu. İlk vaxtlar redaktədən sonra ağ vərəq göm-göy olurdu, hörümçək toruna bənzəyirdi. Əvvəlcə özüm səhvlərimə baxırdım. İkinci dəfə çalışırdım o səhvi təkrar etməyim. Axırda elə vəziyyət yarandı ki, Yusif müəllim deyirdi ki, ehtiyac yoxdu oxumağa, apar çapa versinlər. «525»in, Yusif Rzayevin sayəsində çox şey öyrəndim. 
 


Bir müddət sonra baş redaktorumuz Rəşad müəllim ehtimad göstərdi və  "525"in yayımını mənə verdilər. Gənc, enerjili idim, işləməyə həvəsim çoxuydu. Satış mənə verildikdən sonra jurnalistikadan uzaqlaşdım. Ondan sonra bizə cavan uşaqlar gəldi. Onların sırasında Altay Əliyev, Aydın Bağırov vardı. Hər ikisi idman jurnalistikasında ad qoyub. Rəşad müəllim də dedi ki, bəsdi daha, get işinlə məşğul ol, idmandan gənclər yazsın. İdmandan elə uzaqlaşdım. Ara-sıra, ildə bir-iki dəfə ürəyimdən keçəndə yazırdım, xəbərlər hazırlayırdım. Amma ümumi götürəndə, passiv olmuşam. 

 

- O vaxt da qalmaqallı yazılardan uzaq idiniz?
- Arada olurdu. Bir dəfə Valeri Hacıyevdən müsahibə götürmüşdüm. Başlıq «Prezident diplomat çantasını məşqçinin başına çırpdı» idi. Müsahibə dərs olunduqdan sonra AFFA-dan zəng elədilər ki, belə hadisə olmayıb. Bir az səs-küy qalxdı. Amma hamı bilirdi ki, rəhmətlik Fuad Musayev Valeri Hacıyevi diplomatla vurmuşdu. Cəmi 1 həftə sonra Şahmat Federasiyasından tənqidi yazı yazdım. Bu dəfə də şahmat rəsmiləri üzümüzə durdular. Hüsü Hacıyev küçəsindəki qərargahlarında az qala məni birtəhər edəcəkdilər…

 

- Heç jurnalistikaya gəlişinizdən danışmadınız.
- Orta məktəbdən qəzetə böyük həvəsim var idi. Cibxərcliyimin yarıdan çoxu qəzetlərə xərclənirdi. «Səhər», «Zaman», «Sovetskiy sport» qəzetlərinin hər sayını oxuyurdum. 10-cu sinifi bitirdikdən sonra yayda boş qalmamaq üçün işləmək istədim. Özü də qəzet göşkundə. Ki, həm pul qazanım, həm də pulsuz qəzet oxuyum. «525»in baş redaktoru Rəşad Məcidlə ailəvi tanış idik. Valideynlərimin məsləhəti ilə Rəşad müəllimin yanına getdim. O isə məni köşkə qəzet satmağa yox, «525»in redaksiyasına göndərdi. Beləcə, jurnalistika həyatım başladı. İlk dəfə 1993-cü il iyulun 17-də qəzetdə imzam çıxanda nə qədər sevinmişdim, bir Allah bilir. Krossvord yazmışdım. Sonradan kiçik müsahibələr, xəbərlər hazırlamağa başladım. «Turan»da oynadığım vaxt təbii ki, qəzetdən kənar qaldım. Amma tələbə olan kimi yenidən «525»ə qayıtdım. 

 

- Bəs necə oldu ki, özünüz qəzet təsis etdiniz?
- Qəzet çıxarmağa həvəsli idim.  2012-ci ildə həftəlik futbol qəzeti "Het-trik news"u təsis etdim. Bu da mənim üçün bişqa bir məktəb oldu. 

 

- Həftəlik? Bildiyim qədər indi dövrilik xeyli aşağı düşüb.
- Qəzet 3-4 il həftəlik çıxdı. Sonradan maliyyə vəziyyəti ilə əlaqədar dövrilik zəiflədi. Ayda 1-2 dəfə. Gizlətməyəcəm, artıq, 1 ilə yaxındır ki, «Het-trik news» dərc olunmur. Qəzetin adı var, özü yox.

 

- Maliyyəyə görə?
- Maliyyə bir səbəbdi. Digər səbəb isə çatdıra bilməməyimdi. Son 3-4 ildə qəzeti demək olar ki, tək çıxarırdım. Yazıları yazmaq, xəbərlər toplamaq, dizan etmək, çapa aparmaq, yayımla məşğul olmaq. Yorulmuşdum. Daha bir səbəb isə həvəssiz olmağımdı. Amma qəzet çıxmasa da, bir növ fəaliyyəti dayanmayıb. Son 2 ildir ki, mütəmadi olaraq uşaq liqalarının gedişi ilə bağlı yazılar hazırlayıb saytlara göndərirəm. Sağ olsunlar, təmənnasız-filan yerləşdirirlər. Hərdən araşdırma yazılar, müsahibələr də olur.

 

- Qəzeti yenidən əvvəlki rejiminə qaytarmaq olmaz?
- Bir nömrəni ərsəyə gətirmək üçün 500 manata yaxın vəsait lazımdı. Qəzet sayt kimi deyil, xərci də, əziyyəti də çoxdu. İndən belə çətin görünür. Həm də 7 il əvvəlki kimi də həvəsli deyiləm. 

 

- Bəs nəcəb sayt rejiminə keçməyi düşünmürsünüz? İndi demək olar ki, hər kəsin saytı var.
- Çox adam mənə bu sualı verib. Birincisi, insan bildiyi işin qulpundan yapışmalıdı. Qəzetçilikdə mənim görə bilməyəcəyim iş yoxdu. Bir mühasibatlıqdı, ona da baş qoşsam, bacararam. Hətta mətbəədə qəzeti çap da eləyə bilərəm. "525"də bunların hamısını öyrənmişdim. Ona görə qəzet təsis etmək mənə asan idi. Sayta gəlincə, bu iş məni heç vaxt özünə çəkməyib. İkincisi, sayt açsam, qəzet qədər uğurlu olacağına inanmıram. Çünki saytlar çoxdu. Üçüncüsü, sayt mənim günümün çox hissəsini alacaqdı. Yəni, bir əlim saytda olmalı idi. Dördüncüsü, sayt açsaydım, məsələn indi sənlə oturub rahat söhbət edə bilməyəcəkdim. Bir gözüm telefonda olacaqdı, görüm nə var, nə yox, tez sayta yerləşdirim. Və təbii ki, maliyyə dəstəyi olmayandan sonra saytı özüm işlətməliyəm. Belədə ki, yazılarım olanda idman mediasında nə qədər sayt var, yarısından çoxuna ərkim çatır. Dost münasibəti qurmuşuq. Yazım olsa, sizin saytda daxil əksəriyyəti verir, sağ olsunlar. Bunun özü böyük bir şeydi. Belə deyək, saytım olmasa da, ancaq 15-20 saytı özümünkü hesab edirəm.

 

- Bir sıra saytlar o vaxtlar klubların verdiyi reklamlara görə yaradılmışdı. Klublar dağıldı, reklamlar kəsildi, idman mətbautı qaldı yaman günə...
- İndi klublar saytlara reklamı xeyli azaldıb. Kimsə deyə bilər ki, İlqar Tağıyev də "Het-trik news"u açanda klubların reklamına arxalanıb. Amma mən sənə bir söz deyim, Röya, mən qəzet nəşrə başlayandan sonra yarım ilə yaxın müddətdə bir qəpik qazancım olmayıb. Futboldan, jurnalistikadan kənar iş qurmuşdum, kiçik biznesim vardı, ordan gələn gəlirlərlə qəzeti ərsəyə gətirdim. Qəzeti indi də çıxara bilərəm, ancaq perspektiv görmürəm. Bilmirəm, sabah bəlkə çox pulum olsa... Düzdü, heç vaxt çox pul arzulamamışam. Yetərincə arzulamışam. Şükür Allaha, verib. Əlavə gəlirim olsa, tək yox, amma bir kollektiv şəklində istəyərəm "Het-trik" qalsın.

 

"Het-trik news"un bütün sayları Axundov kitabxanasında var, axivləşdirilib, özümdə də saxlamışam. 10, 15, 20, 100 ildən sonra kimsə Axundov kitabxanasına baş vursa, "Het-trik news"un bütün saylarını ordan götürə bilər. Arada yolumu kitabxanadan salıram. Bir dəfə maraq üçün soruşdum, dərhal gətirdilər. Təkcə "Het-trik news" deyil, həm də "525"in bütün sayları Axundov adına kitabxanada var.
 


«Həvəsdən düşmüşəm!»

 

- Yadımdadı, illər əvvəl sizdən müsahibə alanda təvazökarlıqla demişdiniz ki, "Özümdən razılıq edib, deyə bilmirəm ki, peşəkar jurnalistəm". 
- Əslində, təvəzökarlıq deyil, reallıqdı. Belə deyək, hamı özünə jurnalist deyir, mən də deyim və jurnalistikada məndən çox tanınan, məndən çox ad qoyan adamlar da özünə jurnalist desinlər. Bu, bir az düz gəlmir axı. Necə ki, hərbdə rütbələr var, jurnalistikada da elə rütbələr olsaydı, çox gözəl olardı. Hərbi rütbələrlə hesablasaq, mən özümü bəlkə də leytenantdan, mayordan hesab edə bilərəm. Ancaq, polkovnik, podpolkovnik, general var. Hərənin bir qələmi var... Hərdən elə uşaqlar özlərinə jurnalist deyirlər ki, onlara görə özümə jurnalist saymağa utanıram. Həm də jurnalistikanın adını "reketlər" batırıb. İdman mediasında elələri az deyil. Onlar da özlərinə jurnalist desinlər, vicdanı təmiz olanlar da? Ən rahatı - həmişə özümə "qəzetçi" demişəm. Siz də yəqin yazacaqsız ki, jurnalist İlqar Tağıyev...  Nəsə fərqli 4-5 ad fikirləşsələr, onu kateqoriyalara bölsələr, əla olardı. Bu, təkcə jurnalistikayla bağlı deyil, həm də futbol veteranlarına aiddi. Vaxtilə mənlə oynamış futbolçular - götürək, Samir Əliyev, Fərrux İsmayılov və digərlərini... Onlar da futbol veteranı sayılır, mən də. Bəli, peşəkar səviyyədə oynamışam. Amma onların yanında deməyə ki, mən də futbol oynamışam. 2-3 il birinci liqada «qaçmışam», heç yüksək dəstə üzü görməmişəm. Amma onlar? İndi mən də futbol veteranı olduğumu deyim, Samir Əliyev də? Düz gəlmir axı. Hər şeyin əndazəsi, çərçivəsi var. O cümlədən jurnalistikanın. Hə, təvəzökarlıqdan uzaq olsa da, çoxundan yaxşı yazıram. Amma əsl jurnalist deyiləm. Çünki indinin özündə də öyrənirəm. Adicə bir faktı deyim. Bu gün mənim 42 yaşım var, 26 ildi jurnalistikadayam, nəsə bir yazı yazanda, fərqi yoxdu - idman, araşdırma mövzusunda və s. Yazını stajlı həmkarlarımdan birinə göndərirəm ki, oxu, çəkinmədən redaktə elə səhvləri düzəlt. 

 

- Yönünüz də fərqlidi. Çox jurnalistlərə baxırsan ki, çoxu tənqidi, daha çox neqativ tərəfləri yazırlar. Amma siz daha çox xatirələrə, keçmiş futbolçuların həyatına yer verirdiniz, neqativdən uzaq... Bu öz ideyanız idi?
- Bəli, mənim üçün də maraqlı idi. Bir insanı nə qədər tənqid eləmək olar? İki nəfər oturub biri öz uşaqlığından danışanda qarşı tərəf onu maraqla dinləyər, nəinki kimisə tənqid eləyəndə. Ümumiyyətlə, xatirələr, nostalgiya həmişə maraqlı olub. Əsas məqsədim köhnə futbolçuları yeni nəsilə tanıtmaq olub. Müsahiblərimin bir hissəsi 80-ci illərin "Neftçi"sinin futbolçuları olub. Onlara bir kumir kimi, əlçatmaz biri kimi baxmışam. Vaxt, zəmanə yeyişib və onlardan müsahibə götürmüşəm. İndiyə kimi bu tip 50-dən çox müsahibə götürmüşəm. Futbol veteranlarının arasında münasibət qurduğum xeyli insanlar var. Amma elə müsahiblər də olub ki, onlardan müsahibə götürdüyümə peşman olmuşam. Baxmışam ki, bunlar konkret adam deyillər. Onlara itirdiyim vaxta, çəkdiyim əziyyətə heyfim gəlib. İnsani keyfiyyətləri yoxdu. Yalançı, pulgir, rüşvətxor, ya da kiminsə haqqına girənlərdi. Əvvəl tanımamışam, sonradan başa düşmüşəm ki, onların futbol ictimaiyyəti arasında da hörməti yoxdu. Çoxdandı belə müsahibə götürmürəm, kiminləsə söhbət eləmirəm. Düzü, həm qəzet çıxmır deyə, həm də təbim gəlmir. Həvəsdən düşmüşəm. Amma müsahibə götürəsi olsam, 2-3 futbolçu var ki, böyük məmuniyyətlə, "qanını sovuraram".

 

- Bax, deyirsiz təb gəlmir, həvəs yoxdu. Bu sırf ölkə futbolunun vəziyyəti ilə bağlıdı, yoxsa son dövrlər insanların bir-birinə münasibətlərinin dəyişməsi sizi həvəsdən salıb?
- Sırf ölkə futbolu ilə bağlı. İnsanlarda dəyişikliklər hər zaman olub. Mirzə Cəlilin hekayələrinin birində sitat var: "zəmanə get-gedə dəyişir, pisləşir". 20-25 ildi bu bir zərbi-məsəl kimi beynimə həkk olunub. Mirzə Cəlil bunu yazıb 20-ci əsrin əvvəllərində. Zəmanə pisləşə-pisləşə gedirsə, hələki pisi görmürük. Mən indiki vəziyyətə şükür eləyirəm. 

Sənədli filmlərə çox baxıram, nostalji artıq mənim qanımdadı. Təkcə futbolçular, jurnalistika yox, belə deyək, mən I və II dünya müharibəsi, tarixlər bağlı faktlar... Bunlar artıq mənim üçün bir hobbiyə çevrilib. II dünya müharibəsi ilə bağlı filmlər izləyəndən sonra mənim dünyaya baxışım bir xeyli dəyişdi. Leninqradın blokadası, Stalinqrad, Moskva uğrunda döyüşlər, soyqırımlar... İnsanların çəkdikləri  əziyyəti gördükcə anlayırsan ki, əmin-əmanlıq böyük sərvətdi.

 

«Çox istəyirəm ki, futbolumuza əkiz futbolçular bəxş eləyim»

 

- Allah saxlasın, iki oğlunuz var. Onların futbolçu seçməsində sizin rolunuz olub?
- Uşaqlarım Allahın mənə verdiyi hədiyyədi. İlk övladım 2002-ci ilin martın 3-də dünyasını dəyişib. Şükür Allaha ki, bir ilin tamamında birinin əvəzinə ikisini verib. Adlarını da Məhəmməd və Əli qoymuşuq. Fikrimcə, ən gözəl adlardı. Hər bir valideyn istəyir uşağı savadlı olsun, bir sənət sahibi olsun. 2012-ci il mənim üçün düşərli oldu. "Het-trik news"u açdım, həmin il Avropa çempionatından sonra uşaqların futbola maraq yarandı. Uşaqlara dedim ki, dərslərinizi yaxşı oxusanız, sizi futbola yazdıracam. Bir müddət «Neftçi»də məşq elədilər. Sonra uşaq futbolunda hamının tanıdığı İslam Kərimovun məsləhətilə "İnter"ə (indiki "Keşlə" - red.) apardım.İlk məşqçiləri Eldar Ağaxanovdu Uşaqların başlarını qatmaları, enerjilərini «xərcləmələri», pis vərdişlərə aludə olmamaları və ən əsası sağlamlıq baxımından idman ən gözəl vasitədi. 2016-ci ildə Əli ilk dəfə milliyə çağırılanda anladım ki, nəsə edə bilərlər, potensialları var. Bir valideyn kimi dəstək olmağa başladım.
 
 

 

Bizdə uşaq futbolu doğrudan bərbad vəziyyətdədi. "Qəbələ"ni çıxmaq şərtiylə, digər klublar uşaq futboluna diqqət yetirmirlər. İstər mütəxəssis, istər infrastruktur, istərsə də inventar baxımından uşaq futbolunda böyük problemlər var. Demirəm, uşaqlarım nə pisdilər, nə də istedadlıdılar. Materialdılar, düzgün yararalanmaq lazımdı. Açıq danışsaq, inanmıram, dünya səviyyəli futbolçu olsunlar. Guya Azərbaycanda dünya səviyyəli futbolçu var? Ancaq respublika səviyyəsində yaxşı futbolçu ola bilərlər. Özlərindən asılıdı.

 

- Hal-hazırda "Keşlə"dədilər?
- 7 il "Keşlə"nin aşağı yaş qruplarında oynadılar. Əli üç dəfə, Məhəmməd isə bir dəfə milliyə çağırıldı. Düzdü, yığmada möhkəmlənə bilmədilər.  Artıq, 3-4 aydı «Keşlə»dən ayrılmışıq. İndi «Səbail»dədilər. Belə məsləhətdi.
 


- Hansı mövqedə oynayırlar?
- Əli yarımmüdafiəçi, Məhəmməd isə mənim kimi cinah müdafiəçisidi.

 

- Sizcə, Məhəmməd sizdən yaxşıdı, yoxsa sizin kimi oynamır hələ?
- Fikrimcə, məndən bir az yaxşıdı.
 


- 11-ci sinifdə oxuyacaqlar. Təhsillə bağlı gözləntiləriniz nələrdi?  Ali təhsili düşünülürmü?
- Universitetə daxil olmaq, təhsillərini davam etdirmək ən vacib şeylərdən biridi. Hər zaman ailədə bu barədə danışırıq, özlərinə də deyirəm. Bilirlər ki, təhsil vacibdi. Hazırlıqlara gedirlər. Qismət olsa, təhsillərini ADBTİA-da davam etdirəcəklər. Əsas məqsəd ali təhsil almaqdı. Bu da bəlkə bizim mentalitetdən irəli gəlir. Ən böyük arzum övladlarımın Premyer Liqa klublarında oynaması, millidə çıxış etmələridi. Azərbaycan millisində indiyədək yeganə əkiz futbolçular Mikayıl və Rafael Namazovlar olublar. Artıq üstündən 20 ilə yaxın vaxt keçib. Çox istəyirəm ki, futbolumuza əkiz futbolçular bəxş eləyim. Onda missiyamı bitmiş hesab edəcəm.

 


«Gözəl ev inşa etmişik, amma oradan uşaq səsi gəlməyəcəksə…»

 

- İlqar müəllim, bizim klubların məqsədi nədi? Futbolçu yetişdirmirlər, ölkə futboluna fayda vermirlər, milliyə göndərdikləri futbolçular da göz qabağındadı...
- Məqsədlərini, vallah bilmirəm. Çoxları məcburiyyətdən, bəziləri də həvəsdən. Sadəcə, say düzəlsin, görüntü olsun ki, çempionat var. 10 milyon əhalisi olan ölkənin çempionatında 8 komandanın olması biabırçılıqdı. Vaxtında dövlət proqramına əməl olunsaydı, vəziyyət fərqli idi. Günahı sırf klublarda görürəm. Premyer Liqa təmsilçilərinin yarısı məcburiyyətdən uşaq futboluna pul ayırır. Reqlamentdə dəyişiklik olsa ki, elitada oynamaq üçün uşaq futboluna ehtiyac yoxdu, klubların çoxu akademiyanı ləğv edər. Uşaq futbolunda məşqçilər düz-əməlli maaş almırlar. Ona görə də bəzilərinin gözləri valideynlərin əllərindədi. Uşaqlarım "Keşlə"də olanda da demişəm, yenə də deyirəm - "ASK Arena"nın 4-cü meydanı konkret uşaqları məhv eləyir. Hansıki bütün yaş qrupları orada məşq keçirlər. Uşaqların 1-2 ildən sonra dizlərində, oynaqlarında, bellərində problemlər yaranacaq və məcbur olub futbolu atacaqlar. Bundan başqa, Binə qəsəbəsindəki, "Neftçi baza"dakı meydanlar, Aviasiya Akademiyasının stadionu uşaqları məhv eləyir. 

 

 

- Çox futbolçu 17 yaşa qədər yaxşı gəlirlər, perspektivləri var. Ancaq sonra əsgərliyə gedib qayıdırlar, həm formadan düşürlər, həm də oynamağa klub tapmırlar. Tapanda da gedib I divizionda oynayırlar, Premyer Liqaya da yüksələ bilmirlər.
- 18-19 yaşına çatan futbolçuların çoxu komanda tapa bilmir. Təsəvvür edin ki, 1997-ci il təvəllüdlü futbolçular limitə düşürlər. Başqa sözlə, 22 yaşlı futbolçu artıq, yaşlı hesab edilir. Oynamağa isə komanda yoxdu. Çoxları bu üzdən futbolu atmağa məcbür olurlar. Ancaq komanda sayı artsa, onlar kənarda qalmayacaqlar.  Çox gözəl nəsil yetişir. 2002, 2003 və 2004-cü il təvəllüdlü futbolçulardan qurulmuş komandaların yarışlarını mütəmadi izləyirəm. İstedadlı futbolçular var. Əksəriyyəti gələcəkdə Premyer Liqa komandalarına yüksələcək səviyyədədilər. Təəssüf ki, əsas liqada komanda sayı artmasa, həmin uşaqların 90 faizi 3-4 il sonra yoxa çıxacaq. Necə ki, indiyə kimi yoxa çıxıblar. Regionlarda futbol olmayınca, çempionatın səviyyəsi artmayacaq, inkişaf geriyə doğru gedəcək. Mənimçün Premyer Liqa maraqsız bir yarışa çevrilib, demək olar ki, izləmirəm.

 

- Milli haqda nə düşünürsüz?
- Millidən nəsə gözləməyə dəyməz. Çempionat nədisə, millimiz də odu. 5 il sonra da eyni mənzərə olacaq. Çox təəssüf ki, "Bakı"nın, "Xəzər Lənkəran"ın akademiyası dağıldı, Tovuzda, Gəncədə, Mingəçevirdə... "Qəbələ"ni çıxmaq şərtiylə, şimal bölgəsində futbol yoxdu. Elə bölgələrimiz var idi, futbolçu orda belə deyək, yabanı şəkildə yetişirdi. Hamısı məhv oldu.

 

- Futbolumuzun inkişaf edəcəyinə heç ümid yoxdu?
- Var. Futbola dair yeni dövlət proqramı olmalıdı. Dəstək, maliyyə var. Ancaq dövlət tərəfdən daha böyük tələblər qoyulmalıdı. Düzdü, beynəlxalq səviyyədə yarışlar təşkil edilir - Avroliqanın finalı keçirildi, Avropa çempionatının 4 oyunu Bakıda olacaq… Bakı Olimpiya Stadionu kimi dünya standartlarına cavab verən möhtəşəm arenamız var. Amma… Belə deyim, «gözəl ev inşa etmişik, amma oradan uşaq səsi gəlməyəcəksə, nəyə lazımdı o evin böyüklüyü, gözəlliyi?!

 

- Bir əhvalat danışım. "Turan"da oynadığım vaxt "Göyəzən"lə Qazaxda onların stadionunda yoldaşlıq oyunu keçiririk. Bizdə də çox texnikalı bir uşaq var idi, adını çəkməyəcəm. Məndən bir yaş böyük idi. Deməli, onların bir yaşlı futbolçusu var idi, həm də kapitanıydı. Adı yadımdan çıxıb. Hiss olunurdu ki, "avtoritet"di, hakimlər də ona hörmət eləyir. Bir dəfə elə oldu ki, uşaq ona "mejnunq" atdı, çöndü yenə atdı və topu alıb getdi. Həmin o kapitan da gəldi arxadan bizim futbolçuya elə bir təpik atdı ki, ayaqları qalxdı göyə, torba kimi düşdü yerə. Düşündüm ki, indi yəqin bizim komanda tökülüşəcək yaşlı futbolçunun üstünə ki, niyə vurdun? İnanırsan,  əksinə, bizimkilər də, hakimlər də həmin uşağın üstünə getdi ki, başın xarabdı, sən neyləyirsən? Bu boyda kişini biabır elədin. Həmin o yaşlı kapitan da təpiklə vurandan sonra üzünü çevirib getdi, bildi ki, qırmızı vərəqədi də. Yoldaşlıq oyunu olduğu üçün yerinə başqa oyunçu daxil oldu meydançaya. Maraqlıdı ki, bu hadisədən bir müddət sonra biz "Göyəzən"lə eyni qrupa düşmüşdük və səfərdə oynayanda dediyim həmin uşağı elə zədələdilər ki, 6 ay futbol oynaya bilmədi.
 


«Kiməsə sağ ola-ola mətbuatda başsağlığı vermişəm».

 

- Uzun illərdir futbolda olan biri kimi ən maraqlı xatirələrinizdən bizim üçün danışarsınız?
- Nə yatdım ki, nə də yuxu görüm? «Naxçıvan»da oynayanda komandamızda Namiq Əliyev adlı futbolçu var idi. Son müdafiəçi mövqeyində oynayırdı. Boyu çox bəstə idi, sürətli deyildi. Amma ağılı ilə bu çatışmazlıqları artıqlaması ilə sığortalayırdı. Deməli, Qusarda «Şahdağ»la oynayırıq. Namiq oyunun gedişində rəqibin iricüssəli, yaşlı hücumçusundan «mexdunoq» atdı. Aradan 5-10 dəqiqə keçəndən sonra həmin hərəkəti bir də təkrarladı. Hücumçu dönüb Namiqə nəsə dedi və… Sonradan bildik ki, Namiqə deyib ki, bir də bu hərəkəti təkrarlasan… Yenə də «Naxçıvan»la bağlı bir xatirə. Məlumdur ki, oyun başlamamışdan əvvəl stadionda polis və təcili tibbi yardımın olması vacibdi. Rəhmətlik Hüseyn müəllim xərc aparmasın deyə, maraqlı bir üsula əl atmışdı. Bir həkim xalatı almışdı, bir də bir dəst polis geyimi. Oyundan əvvəl dost-tanışlardan, qohum-əqrabadan iki nəfər tapıb həmin geyimləri onlara geyindirirdi ki, guya hər şey qaydasındadı. Hüseyn müəllimlə bağlı o qədər maraqlı əhvalat danışmaq olar ki. Doğrudan o vaxtlar çətin zəmanə idi. Komandanı saxlamaq üçün yazıq çox əziyyət çəkirdi. Səfər oyunlarına gedəndə çox vaxt restoranda yeməyə pul olmurdu. Evdə kotlet, pirojki bişirtdirib yola götürürdü. Həqiqətən "peraşki futbolu" idi. "Peraşki"nin hesabına gedirdik səfərdə oynayırdıq və pis də nəticə qazanmırdıq. Elə səfərlər olurdu ki, xalla, bəzən də qələbəylə qayıdırdıq.

 

- Bəs mətbuatda?
- Birini, ən yaddaqalanını qısa formada deyim. Heç sağ adama mətbuatda başsağlığı verən görmüsünüz, eşitmisiniz? Bunu ilk dəfə mən etmişəm (gülür). Yəni, kiməsə sağ ola-ola mətbuatda başsağlığı vermişəm. 1997-ci ildə qrup yoldaşımın ailəsinə «525»lə paralel əməkdaşlıq etdiyim «Rezonans» qəzetində başsağlığı vermişəm və buna görə də işdən qovuldum. Baş redaktorumuz Mehman Cavadoğlunu da pis vəziyyətdə qoymuşdum. Bu bir yana, yersiz zarafatın fəsadı daha ağır olacaqdı. Universitetdən qovulmaq söhbətim də ortaya çıxa bilərdi. Amma hər şey yaxşı qurtardı.

Xəbər xətti