"Səbail" Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində doğma meydanda "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev fikirlərini bildirib:
- Maraqlı oyun alındı. Futbolçularım bu gün meydanda sonadək mübarizə apardılar. Bu oyunun nəticəsini elə 0:1 təxmin etmək olardı. İlk dəqiqələrdən hər iki komanda həm müdafiədə, həm hücumda çox diqqətli oynamağa üstünlük verirdi. Birinci hissədə buraxdığımız yeganə səhvdən gözləmədiyimiz anda qapımızda qol gördük. "Zirə"yə çempionatda ən intizamlı komanda desək, yanılmarıq. Rəqibin müdafiəsinj yarmaq bizim üçün olduqca çətin oldu. Ümumən futbolçuların hər iki hissədə oyuna yanaşması, çəkinmədən topla oynaması, hücumda istədiyimiz variantları cəhd etməyə çalışması bizi razı saldı. Əvvəlki matçlarla müqayisədə oyunumuzda inkişaf hiss olunur. Bunu nəticəyə çevirmək bizim üçün çətin olur. Rəqiblərlə heyəti müqayisə etdikdə ustalıq səviyyəsi açıq-aşkar meydanda hiss olunur. Amma bu gün futbolçular bunu hiss etdirməməyə çalışdılar. Ümumən oyunçulardan razı qaldıq. Qısa müddətdə bərpa olunub növbəti oyuna hazırlaşmalıyıq. "Zirə"ni təbrik edirəm. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparmasını komandanın oyunundan sezmək olar. Onlara uğurlar arzu edirəm. Biz isə növbəti oyuna köklənməliyik.
Elçin Əlixan
saytlarin hazirlanmasi