I Liqada mübarizə aparan "Səbail" bəyanat yayıb.
 
Sportal.az klubun bəyanatını diqqətinizə çatdırır:
 
"11.09.2026-cı il tarixində “Səbail” Peşəkar Futbol Klubu İB ilə “YAARA” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, anlaşdığımız tekstil şirkəti klubumuzun akademiyası üçün ümumilikdə ƏDV daxil 85.255 AZN məbləğində futbol geyim dəstləri hazırlanmasını üzərinə göstərib. Lakin sonradan “YAARA” biz tərəfdən 33.350 AZN məbləğdə avans ödənişi edilmədiyini əsas gətirərək, öhdəlikləri yerinə yetirməkdən imtina edib. Halbuki, “Səbail” klubu müqavilədə əksini tapan 60 faizlik avans ödənişini həyata keçirib.
 
1. 02 oktyabr 2026-cı il tarixində – 20.000 (iyirmi min) ABŞ dolları nəğd şəkildə, birbaşa “YAARA” MMC-nin direktoru Bayramova Yaqut Bayram qızına təqdim edilmişdir. Ödənişin həmin tarix üzrə manat ekvivalenti 34.000 AZN təşkil edir;
 
2. 05 noyabr 2026-cı il tarixində – 10.000 AZN şirkətinizin əsas bank hesabına köçürülmüşdür;
 
3. 05 noyabr 2026-cı il tarixində – 9.000 AZN ƏDV depozit hesabına köçürülmüşdür.
Beləliklə, tərəfimizdən müqavilə üzrə ümumilikdə 53.000 AZN məbləğində ödəniş həyata keçirilmişdir
 
Müqavilənin 2.3-cü bəndinə əsasən tələb olunan 60 faizlik avans məbləği 51.153 AZN təşkil edir. Tərəfimizdən ödənilmiş 53.000 AZN nəzərə alındıqda, 60 faizlik avans öhdəliyi tam qarşılanıb.
 
“Səbail” Peşəkar Futbol Klubu bununla bağlı “YAARA”nın Pretenziya məktubuna cavab da göndərib. Lakin hörmətli Yaqut xanım məsələni təhrif olunmuş formada təqdim etməklə, klubumuzun İdarə Heyətinin sədri Mirzə Bayrampurun ünvanına həqiqəti əks etdirməyən ittihamlar səsləndirir, mətbuata da yanlış məlumatlar çatdırır. “Səbail” Peşəkar Futbol Klubu yaranmış vəziyyətin araşdırılması ilə bağlı Kommersiya Məhkəməsi və digər müvafiq qurumlara müraciət ünvanlayıb".