"Azarkeşlərimizin diqqətinə çatdırmaq istəyirik ki, “Şirvan” Peşəkar Futbol Klubunun maliyyə vəziyyəti, sponsorlarla əməkdaşlığı və futbolçular qarşısında öhdəliklərində problemlər mövcud deyil".
Bu sözləri Sportal.az açıqlamasında 2-ci Liqa klubu "Şirvan"ın baş meneceri Emin Məmmədov deyib.
Bölgə klubunun rəsmisi komandanın qarşısına qoyulmuş hədəflərə doğru addımladığını bildirib:
"Klubumuzun mövcud sponsorları ilə əməkdaşlığında hər hansı bir dayandırılma və ya geriçəkilmə halı yoxdur.
Hazırda GBARU, "Mister Tum", HENTR, "İnci AKÜ" və "Xızıroğlu" şirkətləri klubumuzla əməkdaşlığını davam etdirir. Biz bu tərəfdaşlığa və qarşılıqlı etimada böyük önəm veririk.
Bununla yanaşı, məqsədimiz mövcud tərəfdaşlarımızı qorumaqla kifayətlənmək deyil.
Klubun maliyyə və təşkilati imkanlarını genişləndirmək, yeni sponsorlar cəlb etmək və daha dayanıqlı idarəetmə modeli formalaşdırmaq istiqamətində işlərimizi davam etdiririk.
“Şirvan” PFK yeni formalaşan və inkişaf yolunda olan bir klubdur. Təbii ki, bu proses müəyyən çətinliklər və çağırışlarla müşayiət oluna bilər.
Komandamızın hədəfləri və mövsümün qarşısında duran idman vəzifələri dəyişməyib. Şirvan futbolunun inkişafı, klubun daha da güclənməsi və azarkeşlərimizin etimadının qorunması istiqamətində fəaliyyətimizi davam etdiririk".
Xatırladaq ki, "Şirvan" çempionatda 12 turdan sonra 25 xalla 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi
