“Zirə”nin qapıçısı Maykon Kleyton Misli Premyer Liqasının 13-cü turunda komandasının "Neftçi"yə 0:1 hesabı ilə uduzduğu oyunu haqda danışıb.

Sportal.az saytına açıqlama verən braziliyalı qolkiper matç barədə bunları deyib:

"Düşünürəm ki, yaxşı oyun idi, lakin erkən qol buraxmağımız işimizi çətinləşdirdi. İkinci hissədə baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq və topu geri qazana bildik, amma yaratdığımız imkanlardan istifadə edə bilmədik. Öz performansım haqda nə deyə bilərəm? Zədədən yeni qayıtmışam. Bu, karyeramda yaşadığım ən uzunmüddətli zədə idi. Son iki matç göstərir ki, tədricən uyğunlaşıram və özümə inamımı bərpa edirəm. Komandaya mümkün qədər çox fayda verməliyəm”.

“Zirə”nin qapıçısı qarşıdakı "Sabah" və "Qarabağ"la oyunlar barədə isə bunları söyləyib:

"Bilirik ki, onlar da “Neftçi” kimi böyük klublardır. Belə komandalara qarşı oyunlardan zövq almaq lazımdır. İnanıram ki, bu qarşılaşmalarda xal qazana bilərik. Premyer Liqa haqqında çox məlumatım yox idi. Ancaq təklif aldıqdan sonra burada oynamış bəzi həmvətənlərimlə danışdım. Onlar çox müsbət fikirlər bildirdilər. Hələ cəmi iki oyun keçirmişəm, ona görə də hələlik ətraflı cavab verə bilmərəm. Bunu növbəti turlarda deyə biləcəyəm. Ümumiyyətlə, uyğunlaşma prosesi yaxşı gedir, yeganə çətinlik Braziliya ilə Azərbaycan arasındakı saat fərqidir.Klubdakı səmimi qarşılanmaya görə minnətdaram”.

Mirbağırağa