“Səbail” klubu ilə “YaaRa Tekstil” şirkəti arasında geyim dəstlərinin sifarişi və ödənişi ilə bağlı mübahisə yaranıb. Tərəflərin qarşılıqlı iddiaları fonunda məsələ hüquqi müstəviyə də keçib.
Sportal.az xəbər verir ki, Sportify.az-a müsahibə verən “Səbail” klubunun İdarə Heyətinin sədri Mirzə Bayrampur yaranmış anlaşılmazlığın səbəblərini izah edib, şirkətlə bağlanan müqavilənin şərtlərindən, ödənilən vəsaitdən və təhvil verilməyən sifarişlərdən danışıb.
Klub rəsmisi 34 min manatın nağd şəkildə şirkətin təsisçisi və direktoru Yaqut Bayrama verildiyini, lakin həmin məbləğin qəbulunu təsdiqləyən kassa mədaxil orderinin təqdim olunmadığını iddia edib. Bayrampur sifariş edilən məhsulların tam şəkildə təhvil verilmədiyini də bildirib.
O, həmçinin qarşı tərəfin klubla bağlı səsləndirdiyi iddialara, Eldar Orucovun adının bu məsələdə hallandırılmasına və “Səbail”in atdığı hüquqi addımlara aydınlıq gətirib.
Mirzə Bayrampurun Sportify.az-a eksklüziv müsahibəsini təqdim edirik:
– “YaaRa Tekstil” şirkəti ilə nə vaxt müqavilə bağlamısınız və müqavilənin şərtlərində nə nəzərdə tutulmuşdu ki, sonradan aranızda anlaşılmazlıq yarandı?
– Biz onlarla 2026-cı il sentyabrın 11-də müqavilə bağlamışıq. Müqavilədə 60 faiz avans ödənişi nəzərdə tutulub. Biz də həmin avansı ödəmişik. Lakin ödədiyimiz məbləğə rəğmən, bizə gətirib heç nə verməyiblər, geyim dəstlərini çatdırmayıblar. Mən bir neçə dəfə “YaaRa Tekstil”in təsisçisi və direktoru Yaqut Bayrama müraciət etmişəm. 34 min manatı, yəni 20 min ABŞ dollarını oktyabrın 2-də saat 22:00 radələrində öz evinin həyətində təhvil aldığını təsdiqləyib. Bununla bağlı WhatsApp yazışmamız da var. Klubun rəsmi bəyanatında da həmin məsələ qeyd olunub və paylaşılıb.
Həmin şəxs yazıb ki, 34 min manat, yəni 20 min dolları təhvil alıb. Biz də izah edirik ki, bu pulu nağd şəkildə qəbul etmisinizsə və vergidən yayınma halı yoxdursa, zəhmət olmasa, kassa mədaxil qəbzini bizə təqdim edin. Pulu qəbul etdikdən sonra onu rəsmi qaydada kassaya mədaxil etməli və müvafiq sənəd verməlisiniz. Ancaq heç bir sənəd təqdim edilmir. Əvəzində bizdən bütün məbləği ödəməyimiz tələb olunur. Sonradan gəlib dedilər ki, 100 faiz ödəniş etməlisiniz. Mən isə bildirirəm ki, müqavilədə öhdəliyimiz 60 faizdir və biz həmin məbləği artıq ödəmişik. Zəhmət olmasa, sifarişləri gətirib təhvil verin, təhvil-təslim aktını təqdim edin. Bundan sonrakı növbəti iş günü ərzində ödənişinizi tamamlayaq.
Biz də gətirilən məhsulları yoxlamalıyıq ki, həqiqətən sifariş etdiklərimizdir, yoxsa yox. Bundan son ödənişin qalan hissəsini etməyə hazırıq. Burada heç bir problem yoxdur. Amma indi bizə pretenziya məktubu göndəriblər və bildirirlər ki, 20 min dollar məsələsi ümumiyyətlə olmayıb, həmin pulu almamışıq. Halbuki insan almadığı bir məbləği niyə qəbul etdiyini yazsın ki?
– Siz həmin vəsaiti nağd ödəmişdiniz, yoxsa bank köçürməsi ilə?
– 20 min dolları nağd formada götürüb xanımın özünə vermişik. 10 min manat və 9 min manatı isə 5 noyabrda ödəmişik.
– Elə isə o, kassa mədaxil orderini sizə niyə sizə təqdim etməsin ki?
– Normalda vergidən yayınan şirkətlər belə edirlər. Pulu qəbul edirlər, amma rəsmi qaydada sənədləşdirmirlər. Digər tərəfdən, dələduzluq edən şirkətlər də bu üsuldan istifadə edə bilərlər. Deyirlər ki, mən səndən nağd pul almamışam, sən də bank vasitəsilə köçürmə etməmisənsə, bunu sübut edə bilməzsən. İki variant var: Ya dələduzluqdur, ya da vergidən yayınma. Bunların heç biri yoxdursa, heç olmasa, kassa mədaxil orderi təqdim edilməlidir. Deyilməlidir ki, pulu qəbul etmişəm və bununla bağlı sənədi verirəm. O zaman mən də arxayın olaram ki, qarşımda dürüst insan var.
Bundan əlavə, biz başqa şirkətlərlə də əməkdaşlıq edirik. Məsələn, bu il “Macron” firmasının komandası ilə işləmişik. Həmin şirkətlə əməkdaşlığımızın məbləği bundan iki dəfə çoxdur. Ancaq bu günə qədər aramızda bir qəpik də borc, narazılıq və ya inamsızlıq yaranmayıb. Bu gün yenidən eyni həcmdə sifariş versək, rahatlıqla məhsulları gətirib təhvil verəcəklər, biz də rahatlıqla ödənişlərini edəcəyik. Anar Kazımov adlı həmin şəxsin Azərbaycanda öz MMC-si var. Yəqin ki, onu hamı tanıyır. Özündən də soruşa bilərsiniz. Nə biz onu incitmişik, nə də onunla aramızda hər hansı problem yaşanıb. Digər şirkətlərlə də işləmişik, aramızda heç bir borc-hesab məsələsi olmayıb. Problem də buradan qaynaqlanır. Mən üç-dörd nəfərlə işləyirəmsə və heç bir problem yaşamıramsa, beşinci şəxslə problem yaranırsa, deməli, problem məndə deyil, qarşı tərəfdədir.
– Tutaq ki, bütün pulu ödədiniz. Bu halda sizə sifarişləri verməyəcəklərini, yaxud keyfiyyətsiz məhsul təqdim edəcəklərini düşünürsünüz?
– Vallah, bu barədə konkret nə isə deyə bilmərəm. Qarşımdakının səmimiyyətinə o zaman əmin olaram ki, ödədiyim vəsaitin həqiqətən də ona verildiyini təsdiqləsin və təqdiq sənədi təqdim etsin. Bəlkə sabah mən o pulu ödədim və o isə “get, hara istəyirsən müraciət et” söyləyəcək və formamı verməyəcək? Demirəm ki, mütləq verməyəcək. Belə bir şeyi ən azından insanla danışanda hiss edirsən. Amma ödədiyim pulu boynuna almamaqla dələduzluğunu faktiki boynuna alır.
– Bəs sifariş etdiyiniz formaları verməyib, yoxsa siz kassa mədaxil orderi tələb etdiyinizə görə təhvil vermir?
– Biz 250 ədəd ekipirovka və 500 ədəd oyun dəsti sifariş etmişik. Bir neçə komandamız üçün yalnız oyun formalarını gətirib təhvil veriblər. İki-üç komandamıza həmin formaları veriblər ki, uşaqlar geyinsinlər. Bununla da məsələ bitib. Digər ekipirovkalar, çantalar və sair məhsulların heç biri bizə təhvil verilməyib. Halbuki kifayət qədər çox məhsul sifariş etmişik. Nə vaxt soruşuruq, deyirlər ki, hazırdır. Mən də bildirirəm ki, yaxşı, hazırdırsa, təhvil-təslimi hazırlayın, kassa mədaxil orderini verin, növbəti 2-3 gün ərzində ödənişinizi edək.
– Bu məsələdə hansı addımları atmağı düşünürsünüz?
– Tədbir görmüşük. Kommersiya məhkəməsindən tutmuş bir çox instansiyaya artıq müraciət ünvanlamışıq. Müxtəlif dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına da bununla bağlı ötən həftədən etibarən müraciətlərimizi göndərmişik. Sadəcə, bu gün məsələ ilə bağlı bəzi xəbərlər yayımlandı. Biz də özümüzə borc bildik ki, düzüksə, niyə sakit qalmalıyıq?
– Yaqut Bayram müraciətində tez-tez Eldar Orucovun adını hallandırır. Bu barədə nə deyə bilərsiniz?
– Klubun Eldar Orucovla heç bir bağlılığı, onun “Səbail”lə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Klubun İdarə Heyətinin sədri mənəm, digər şəxslər isə dostlarımdır: Rahid Əmirquliyev, Sərxan İbrahimoğlu və s. Onlar da klubumuzda təmsil olunurlar. Yəni, Eldar Orucovla yaxından-uzaqdan heç bir əlaqə yoxdur. Sadəcə, düşünür ki, mən kimlərisə tanıyıram. Sabah başqa şəxslərin də adını çəkə bilər, deyə bilər ki, dövlət qurumlarında hansısa siyasi xadimlə münasibəti var və həmin şəxslər klubla əlaqəlidir. Amma Eldar Orucovun klubla nə birbaşa, nə də dolayısı ilə əlaqəsi mövcuddur.
– O, iddia edir ki, siz həmin şəxslərin adlarını çəkərək hallandırmısınız…
– Mən heç kimin adını çəkməmişəm. Bu, ümumiyyətlə, mənim xarakterimə uyğun deyil. Məsələ belədir: o, bilir ki, mənim kimləsə tanışlığım var və istəyir ki, məsələni mənim üzərimdən həll etsin, həmin adam mənə zəng etsin və desin: “Əmirrza, məsələni həll elə, bu nə istəyir, götür ver”. Dediyim kimi, Eldar Orucovun klubla nə birbaşa, nə də dolayısı ilə heç bir əlaqəsi yoxdur.
– Bəs pulu tam ödəməməyinizin əsas səbəbi nədir: Sizə nəzərdə tutulan miqdarda geyim dəstlərinin verilməməsi, yoxsa kassa mədaxil orderinin təqdim edilməməsi?
– Bizdə bununla bağlı hər hansı başqa məsələ yoxdur. Qarşılıqlı razılaşma əsasında hərəkət etməliyik. Amma mənə nə kassa mədaxil orderi verilir, nə də sifariş etdiyimiz məhsullar tam şəkildə təhvil verilir. Belə olan halda mən nə edə bilərəm?
saytlarin hazirlanmasi
