"Bakıda ev tutub saxladıqları oyunçular demək olar ki, heç nə yemirlər" - "Şəki Siti"nin acınacaqlı durumu

18:36 - 1 Dekabr 2025

"Üç həftədi komanda məşq etmir. Xahiş-minnətlə oyuna çıxardıram. PFL-dən zəng vurub xahiş edirlər. Onun-bunun xahişi ilə oynayırıq. Belə olmur. Komanda demək olar ki, üç aydır maaş üzünə həsrətdir. Bəziləri iki aydır əməkhaqqı almırlar, bəziləri üç. Ac-susuz oyunlara çıxırıq. Bakıda ev tutub saxladıqları oyunçular demək olar ki, heç nə yemirlər. Başqa futbolçular Bakıda qalanlara evlərindən yemək gətirirlər. Biz də öz cibimizdən pul veririk ki, heç olmasa, pis-yaxşı qidalana, nəfəs ala bilsinlər".

Sportal.az xəbər verir ki, bunu Fanat.az-a açıqlamasında 2-ci Liqanın 11-ci turu çərçivəsində bu gün öz meydanında "Quba"ya 1:4 hesabı ilə uduzan "Şəki Siti"nin baş məşqçisi Elvin Həsənov deyib.

O, vəziyyətdən çıxış yolunu AFFA-ya şikayət etməkdə gördüklərini vurğulayıb: "Hə, buraya "Quba"dan gəlmişəm. İntriqa var, bu, öz yerində. "Quba"nı qələbə münasibəti ilə təbrik edirəm. Acınacaqlı durumda olan bizik. Mən və köməkçilərim belə vəziyyətə öyrəşməmişik. Buraya gəldiyimiz ilk həftələrdə komandanı elə bir səviyyəyə qaldırmışdıq ki, kubokda "Karvan-Yevlax"la başabaş mübarizə apardıq. Sabah hamımız AFFA-ya şikayətə gedəcəyik. Həm məşqçilər, həm də futbolçular. Futbolun "F" hərfindən xəbəri olmayan adamlardır. Bilmirlər futbol haradadır, komanda haradadır. Belə klub saxlamırlar. İddialı komanda bu vəziyyətdə ola bilməz. Mən də hədəfi olmayan komandada işləyə bilmərəm. Əlbəttə, bəziləri İkinci Liqada iştirak xatirinə oynayır. Amma iddialı komandada belə şərtlər həqiqətən absurddur. Üç həftədir ki, məşq etmədən oyunlara çıxırıq".

Xatırladaq ki, bir müddət öncə AFFA işə qarışaraq "Şəki Siti"dəki vəziyyəti qaydaya salmaq üçün FİF-in (Futbolun İnkişaf Fondu) ofisində Şəkinin icra başçısı Elxan Usubovun, öhdəliklərini yerinə yetirməyən titul sponsoru "Flybast"ın direktoru Rövşən Abdullayevin və klub rəsmilərinin iştirakı ilə görüş keçirmişdi. Həmin görüşdən sonra Abdullayev komandaya yeni vədlər vermiş, qısa müddətdə problemin aradan qaldırılacağını bildirmişdi.

Xəbər xətti