Fransa Milli Peşəkar Futbolçular Birliyi öz rəsmi saytında Liqa 1-in 2025/2026 mövsümünün yekunlarına əsasən mükafat sahiblərinin adlarını açıqlayıb.
Sportal.az xəbər verir ki, mövsümün ən yaxşı oyunçusu mükafatına PSJ-nin hücumçusu Usman Dembele layiq görülüb. O, mübarizədə komanda yoldaşları Nunu Mendeş və Vitinyanı, həmçinin Florian Toven ("Lans") və Meyson Qrinvudu ("Marsel") qabaqlayıb. Bu mükafatı ardıcıl ikinci dəfə qazanan 28 yaşlı futbolçu cari mövsümdə çempionatda 20 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
Ən yaxşı qapıçı mükafatı "Lans"da çıxış edən Robin Risseyə qismət olub. O, Dominik Qreyf ("Lion"), Kuaku Koffi ("Anje"), Mayk Penders ("Strasbur") və Bris Sambanı ("Renn") geridə qoyub. 21 yaşlı fransalı qapıçı cari mövsümdə 32 matçda meydana çıxıb ki, bunların 11-də qapısını toxunulmaz saxlayıb (cəmi 33 qol buraxıb).
Mövsümün ən yaxşı gənc oyunçusu mükafatını ardıcıl ikinci dəfə PSJ-nin vingeri Dezire Due qazanıb. Fransa millisinin üzvü Valentin Barko ("Strasbur"), Ayub Buaddi ("Lill") və komanda yoldaşları Juan Neveşlə Varren Zair-Emerini qabaqlayıb. 20 yaşlı futbolçu bu mövsüm Liqa 1-də 22 oyunda 7 qol və 5 asistlə yadda qalıb.
"Lans"ın çalışdırıcısı Pyer Saj mövsümün ən yaxşı məşqçisi seçilib. O, Luis Enrike ("PSJ"), Paulu Fonseka ("Lion"), Bruno Jenezio ("Lill") və Oliver Pantalonini ("Loryan") üstələyib. 32 matçdan sonra 67 xal toplayan "Lans" turnir cədvəlində PSJ-dən 6 xal geri qalaraq ikinci pillədə qərarlaşıb. "Lans" növbəti mövsüm UEFA Çempionlar Liqasında təmsil olunacaq.
Xaricdə çıxış edən ən yaxşı fransalı oyunçu mükafatının sahibi "Bavariya"nın vingeri Maykl Olise olub. O, Rayan Şerki ("Mançester Siti"), Yuqo Ekitike ("Liverpul"), Kilian Mbappe ("Real Madrid") və Vilyam Salibanı ("Arsenal") geridə qoyub. 24 yaşlı oyunçu cari mövsümdə bütün turnirlərdə 50 oyun keçirib, 22 qol vurub və 30 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi
