Belçika millisinin tarixində ən çox qol vuran futbolçu Romelu Lukaku yığma komandadakı karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Lukaku 16 il ərzində Belçika millisinin formasını geyindiyini və bu müddət ərzində müxtəlif emosiyalar yaşadığını bildirib:

"Bu 16 il ərzində milli komanda üçün əlimdən gələni etdim. Bütün mümkün emosiyaları yaşadım. Möhtəşəm komanda yoldaşları ilə birlikdə oynamaq şərəfinə nail oldum. Onlara hər zaman minnətdaram. Belçikalı azarkeşlərə komandamıza göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Ölkəmi 4 dünya çempionatında və 3 Avropa çempionatında təmsil etdiyim üçün qürur duyuram. Milli komandadakı çıxışımı başa vurmaq qərarına gəldim və bu qərarı rahatlıqla qəbul edirəm".

Qeyd edək ki, Lukaku Belçika millisinin heyətində 94 qol vuraraq yığmanın tarixində ən məhsuldar futbolçu olub. O, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının bürünc medalını qazanıb.

Karyerası ərzində “Anderlext”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “Çelsi”, “İnter”, “Roma” və “Napoli” klublarında çıxış edən hücumçu 2026-cı ilin yayından Türkiyənin “Fənərbaxça” klubunda oynayır.