AFFA klubların qarşısında gücsüzdür
Bəlkə də dünyada bizimki qədər absurd çempionat yoxdur. Bir tərəfdə düzəlmək bilməyən AFFA və PFL. Digər tərəfdən klublarda çalışan dəxlisiz futbol adamları, heç bir məntiqə əsaslanmayan futbol baxışları, analoqu olmayan qərarlar.
“Araz Naxçıvan” bəyanat yayıb ki, çempionatda çıxışımızı dayandırırıq. Gözünüz aydın, Ramin müəllim. Çempionat hələ heç qızışmayıb, amma artıq narazılıqlar baş qaldırıb. Mənə elə gəlir ki, təhlükəsizlik əməkdaşlarını ixtisara salmağa tələsmisiz, çox tələsmisiz. Sabah bunun bölgə oyunları var. Bu gedişlə hakimləriniz oralardan sağ-salamat qayıtmayacaq.
Nə hakimlik düzəlir futbolumuzda, nə də qalmaqallar əksik olur.
Hərdən fikirləşirsən ki, Azərbaycanda futbolu dayandırsaydılar, hamının canı qurtarardı bu biabırçı durumdan. AFFA-ya minnət qoyaraq çıxış eləyən kim, “yuxarıdan tapşırdıqlarına görə klubu saxlayırıq” deyən kim. Bu minnətli, futboldan uzaq adamlarla dolu futbol kimə lazımdır axı?
Ölkə başçısı bu sahədə baş verənləri birbaşa nəzarətə götürməsə, futbolumuz düzələn deyil. Milyonların dövriyyə etdiyi, qeyri-peşəkarların idarə etdiyi sahə Dövlət Proqramı ilə düzələ bilməz! Prezident aparatının nəzdində futbola nəzarət sektoru yaradılmalı, ölkə başçısının futbol sahəsində müşaviri olmalıdır.
İndiki halda isə AFFA klubların qarşısında gücsüzdür və məcburdur ki, klub rəhbərlərinin nazı ilə oynasın. Ona görə də, tez-tez çempionatın formatı dəyişir, narazılıqlar tükənmir, ölkə futboluna maraq elə də böyük deyil.
Emin ABBASOV
saytlarin hazirlanmasi