- Komandanız meydanı növbəti dəfə qələbə qazanmadan tərk etdi. Bu səbəbdən oyundan razı qalmadığınız aşkar hiss olunur...
- Biz bu gün “Bakı”dan oyun ərzində vaxtı necə itirmək olarsa, onu öyrəndik. Rəqib komandanıza artistlik bacarığını öyrətdi. Çünki bu gün ancaq yerə yıxılmaq, vaxtı uzatmaq “taktika”sını ortaya qoydular. Bununla belə, qazandıqları xala görə onları təbrik edirəm.
- Bəs “Qarabağ” niyə gözləniləndən zəif çıxış etdi?
- Xüsusilə, ikinci hissənin əvvəlində zəif çıxış etdik. Meydanda “Qarabağ”ı axtardıq, faktiki yox idi. Sona yaxın yenə öz oyunumuzu tapdıq. Ola bilsin yorğunluq var idi və ya rəqibi ciddiyə almadıq. Daha yaxşı oynamaq olardı.
- 3 oyundan cəmi 2 xal toplamısınız. Çempion komanda üçün bu cür başlanğıc nə dərəcədə gözləniləndi?
- Bu xallar axtarılacaq. Razıyam, uğursuz başlanğıcdı. Gərək özümüzü yığışdıraq. Toparlanmaq lazımdı.
- Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinizlə bağlı nə deyə bilərsiniz?
- Qrupumuzda həm çətin, həm də asan komandalar var. Biz də iddialıyıq. Əsas odu ki, heyətdə zədəli, cəzalı futbolçu olmasın. Tam heyətlə oynasaq, nəticə əldə edəcəyik.
- “Qarabağ” qrup mərhələsində qələbə qazana biləcəkmi?
- Əlbəttə, şansımız var.
- Adətən bu cür oyunlarda komandanın heyətində ulduz futbolçulara ehtiyac duyulur...
- Baxın, “Bakı” ilə oyunumuza 150-200 nəfər gəlmişdi. Nə vaxt ki, onlar bilet alıb, tribunaları dolduracaq, o zaman da böyük futbolçu transfer etmək mümkün olacaq. Bu azarkeşlərdən də asılı məsələdi. Hər şey tək mənlik də deyil.
- Stadionla bağlı da problemlər yaşadınız. Qrup oyunları zamanı mərkəzi arenanın ot örtüyünün keyfiyyətsiz olması yenə problem yarada bilərmi?
- Şərait necə olursa-olsun, işimizi yüksək səviyyədə görməliyik.