“Öncə rusiyalı dostlara minnətdaram ki, bizə seçmə oyun öncəsi yoldaşlıq görüşü keçirməyə şərait yaratdılar”.
Almaniyalı mütəxəssis Rusiya yığması ilə sabah keçiriləcək yoldaşlıq oyunu öncəsi baş tutan mətbuat konfransında iştirak edib. Foqts jurnalistlərin matçla bağlı suallarını cavablandırıb: “Şadıq ki, Rusiya sabahkı oyundan 2 il sonra Bakıya gəlməlidi. İki federasiya arasında belə danışıqlar olub”.
Foqts sabahkı oyunun rəqib üçün əhəmiyyətindən və şimallıların italiyalı baş məşqçi Fabio Kapello ilə müqaviləni uzatmasından da danışıb: “Bu matç Rusiya yığması üçün də ciddi sınaqdı. Çünki mundialdan sonra ilk oyunlarıdı. Rusiya Futbol İttifaqının baş məşqçi Fabio Kapello ilə müqaviləni yeniləməyini düzgün addım sayıram. Çünki italiyalı güclü məşqçidi”.
Almaniyalı mütəxəssis Türkiyə çempionatının aşağı liqasında oynayan futbolçuları milliyə dəvət etməkdə o qədər də istəkli olmamasının səbəbini açıqlayıb: “Azərbaycan Premyer Liqası Türkiyənin I dəstəsindən zəif deyil. Ona görə də millimizin futbolçularının qonşu ölkənin aşağı liqasında deyil, Avropanın aparıcı klublarında oynamasının tərəfdarıyam”.
Çalışdırıcı sabahkı oyunda nəticə barədə fikirlərini bildirib: “Rusiya ilə oyunda məni ancaq qələbə qane edəcək. Bu, mənim üçün vacibdi. Əgər meydana çıxıb, komandaya “uduzun” söyləsəm, belə məşqçiyə yaxşı məşqçi deməzlər. Bu matçda yaxşı mübarizə aparıb, nəticə qazanmağa çalışacağıq”.
Foqts Kapellonun sabah ehtiyat futbolçulara güvənəcəyini açıqlamasına da münasibət bildirib: “Heyət bizim üçün süprpriz olacaq qalsın”.
Azərbaycan - Rusiya matçını prinsipiallığına gərə Almaniya - Hollandiya duellərinə bənzədən Foqts bu komandalardan hansını kimin yerində gördüyünü açıqlamayıb: “Mən bunu prinsipiallıq baxımından demişdim. Əsas odur ki, komandalar bir birinə ciddi yanaşsınlar. Azərbaycan və Rusiya dost ölkələrdi. Amma idmanda mübarizə, prinsipiallıq var. Onlar rəqibdirlər. Balaca ölkə böyük ölkəyə qarşı oynayacaq və sabah Azərbaycan qələbə qazana bilər. Futbolda balaca ölkə yoxdu. Ərazisi kiçik olan ölkənin böyük komandaya qalib gəlməsi mümkündü”.
Almaniyalı millimizin Rusiya ilə əvvəlki oyunlarda mübarizə aparmasını, amma Fələstin kimi rəqiblərlə görüşdə çətinlik çəkməsinin səbəbini açıqlayıb: “Eusiya ilə oynamaq elə motivasiya deməkdi. Digər rəqiblərlə müqayisədə bu komanda ilə görüşdə futbolçularda əlavə mübarizlik ruhu daha da artır., motivasiya güclənir və bu da nəticədə özünü göstərir”.
Foqts millinin AVRO-2016-nın final mərhələsinə çıxmağa hazır olub-olmamasına da toxunub: “Seçmə mərhələdə bəxt amili də sözünü deyir. Sonuncu ysikldə Rusiya ilə Moskvadakı oyunu yada salaq. Matçın sonlarında olmayan penaltidən qapımıza qol vurub, 1:0 hesablı qələbə qazandılar. Həmin oyunda 1 xal qazana bilərdik. Təkcə həmin xal yox, digər görüşlərdə də itirilən xalları nəzərə alsaydıq, sonuncu mərhələdə daha yaxşı nəticə göstərə bilərdik. Bu, bəlkə də final mərhələsi üçün kifayət edərdi. DÇ-2014-ün seçmə mərhələsindəki çıxışımızdan razıyam. Bu dəfə isə daha irəli getməyə çalışacağıq”.
Seçmə mərhələnin təqvimindən narazı olan mütəxəssis oktyabrda ardıcıl iki çətin səfər matçının keçirilməsinin əleyhinədir: “Oktyabrın 9-da Palermoda İtaliya, 4 gün sonra Zaqrebdə Xorvatiyaya qarşı oynayacağıq. Hər ikisi son mundialın iştirakçısıdı. Üstəlik, səfərdə oynamağımız və saat fərqinin olması komandalar üçün əlavə çətinliklər yarada bilər. Avroliqa oyunundan sonra futbolçuların bu görüşlərə yorğun çıxması... FİFA prezidenti Yozef Blatterə müraciət edəcəm ki, Xorvatiya ilə oyunu təxirə salsın”.