Şahbaz Süleymanov ötən il dünyasını dəyişib. Hamının “Saşa” kimi tanıdığı Şahbaz müəllimin Azərbaycan futbolu, ələlxüsus da “Şəmkir” üçün etdikləri yaddan çıxası deyil. Onunla sağlığında bir dəfə də üz-üzə gəlməmişəm. Amma əməlləri ölümündən sonra mənə onu yada salmağa vadar edib. Bu ilin yayında Şahbaz müəllimin sürücüsü olmuş Vaqif Miskinovla rəhmətlik haqqında müsahibə götürmüşdüm. Bu dəfə isə həmsöhbətim Şahbaz müəllimin istəyi ilə futbolu seçən, hazırda “Neftçi”nin əvəzedici komandasının üzvü olan nəvəsidir.
Şahbaz Süleymanovun 3 övladı olub – 2 oğlu, 1 qızı. Etibar böyük oğlu Vüqarın ikinci balasıdı. Ümumiyyətlə, Şahbaz müəllimin 8 nəvəsi var. Etibar 1996-cı il yanvarın 12-də Şəmkirdə anadan olub. 8 yaşına kimi rayonda yaşayıb. Bakıya babasının istəyi ilə gəlib. Burada məktəbə getməklə yanaşı “Neftçi”nin futbol kurslarına da yazılıb. İlk müəllimi də yaxşı tanıdığımız İslam Kərimov olub. Bu il orta məktəbi bitirib. Amma ali məktəbə qəbul ola bilməyib. Özünün dediyinə görə, 7-ci sinifə kimi yaxşı oxuyub. Yuxarı siniflərdə isə təhsili futbola qurban verib. Bunun nəticəsində daxil olmaq istədiyi Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olmaq arzusu gerçəkləşməyib. Bir ara U-15 və U-17-nin düşərgəsinə dəvət alsa da, bu, davamiyyətli olmayıb. Məqsədi “artırıb” əsas komandaya düşməkdir. Ən böyük arzusu isə yığmanın şərəfini qorumaq və Türkiyə Superliqasında oynamaqdır. Uşaqlıqdan “Qalatasaray” azarkeşi olan Etibar nə vaxtsa “Cim-Bom”un formasını geyəcəyinə inanır.
Etibarla söhbətə babası haqqında xatirələrlə başladım. Ondan “babanı necə xatırlayırsan?” deyə, soruşduqda “Babam hamının babası olub” deyə, cavab verdi. Düşündüm ki, müsahibəyə bundan yaxşı başlıq ola bilməz. Amma söhbətin gedişində yaşının az olmasına baxmayaraq və gözləmədiyim halda Şahbaz müəllim haqqında bir çox maraqlı fikirlər səsləndirdi.
“Babamın özü ən böyük hədiyyə idi”
– Böyük qardaşımla babamın yanında böyümüşəm. Mənə doğma olduğuna görə demirəm, çox gözəl insan idi. Bunu deməyə heç ehtiyac da görmürəm. Bəlkə nə vaxtsa Şahbaz müəllim haqqında nəsə pis bir söz eşidibsiniz? Babam hamının babası olub. Şəmkir əhalisi onun başına and içirdi.
– Deyəsən, səni çox istəyirdi deyə yanını, Bakıya gətirmişdi.
– Böyük qardaşımı hamıdan çox istəyirdi. Həm ilk nəvəsi olduğuna görə, həm də ona rəhmətlik qardaşının adını qoymuşdu – Əhliman. Amma Bakıya gəlməyimin səbəbləri başqa idi. Babam futbolçu olmağımı istəyirdi. Uşaq vaxtı Şəmkirdə futbol oynayırdıq. Əmim oğlu ilə qardaşım bir olurdu, mən tək. Yenə də onları udurdum. Oyunumu görən “Şəmkir”in futbolçuları neçə dəfə babama məndən futbolçu çıxa biləcəyini demişdilər. Babam da görəndə ki, məndə “nəsə” var, çağırdı Bakıya. Yadımdadır, yay idi. Zəng eləyib futbol oynamaq istəyimi soruşdu. Mən də sevincək “hə” dedim. Atama əşyalarımı yığmağı tapşırdı. Sonra da gəlib məni Bakıya apardı.
– Belə çıxır ki, sənin bu pilləyə gəlməyinə səbəb babandır.
– Niyə ki? Futbolçu olmağımda babamın əməyi az olmayıb. Amma mənə futbolu İslam müəllim öyrədib. İsmayıl müəllimi də yaddan çıxarmaq insafsızlıq olardı. Şəmkirdə bir müddət onun yanında məşq eləmişəm. İslam Kərimov 7 il məşqçim olub. Daha sonra Elşad Əhmədovun vaxtında əvəzedici komandaya cəlb edildim.
– Düzünü de, Şahbaz müəllimin nəvəsi olduğuna görə çağırdılar, yoxsa özünə görə?
– Özümə görə. Heç babam da razı olmazdı ki, ona görə məni irəli çəksinlər.
– Babanın sağlığında səni digərlərindən fərqləndirirdilərmi? Axı, Şahbaz müəllimin pulu çox idi və ona xoş gəlmək üçün səndən istifadə edə bilərdilər.
– Yadıma gəlmir. Bayaq dediyim kimi, futbolçu olmağımda onun əziyyəti çox olub. Məşqlərə və oyunlara özü aparıb-gətirir, axıra kimi stadionda olurdu. Babam həmişə öz gücümə futbolçu olmağımın tərəfdarı olub. Bu haqda dəfələrlə mənə məsləhətlər verirdi. Günümün çoxu onunla keçirdi.
– Danladığı, cəzalandırdığı anlar olub?
– Futbola görə heç vaxt. Məsləhət verirdi, hərdən səhvlərimə görə hirslənirdi. Amma cəzalandırmaqdan söhbət gedə bilməzdi. Ayağı kəsiləndən sonra mənimlə ürəyi istdiyi kimi maraqlana, əvvəlki kimi bütün məşqlərə, oyunlara gələ bilmirdi. Amma diqqəti üzərimdə idi.
– Deyirsən, heç qulaqburması da verməyib?
– Qulaqburması olub. Futbola görə yox, başqa məsələyə görə. Həmişə bizdən soruşurdu ki, nənəni çox istəyirsən, yoxsa məni. Qardaşım onu çox istədiyini deyirdi. Mən isə nənəmi. Xətrinə dəyirdi. Qulağımdan çəkirdi, yenə də fikrimdən dönmürdüm.
– Nənəni nəyə görə babandan çox istəyirdin?
– Nənəm daha çox mənimlə yaxın idi, onun yanında daha çox olurdum. Böyük qardaşım isə babamla. Onu özü ilə hər yerə aparırdı. Bir neçə dəfə də xaricə getmişdilər. Məni də bir-iki dəfə aparmaq istəmişdi. Amma evdəkilərdən kənarda qala bilmədiyimə görə razı olmamışdım.
– Nəvələrinə tez-tez hədiyyə verirdi?
– Babamın özü ən böyük hədiyyə idi... Əsasən ad günlərində hədiyyə verirdi. Hamı bir yerə yığışıb qeyd edirdik, deyib-gülürdük. Yaddan çıxası günlər deyil. Ən sevdiyim hədiyyəsi mənə bağışladığı top olub. Hələ də saxlayıram. Ağasəlim Mircavadov “Neftçi”də işləyəndə ona üzərində futbolçuların imzası olan top tapşırmışdı. Ağasəlim müəllim də babamın xahişini yerinə yetirmişdi.
“...mənimlə bir dəfə də olsun maraqlanmayıb”
Etibar yarımmüdafiəçidir. Yarımmüdafiənin sağ cinahında çıxış edir. Ən çox bəyəndiyi futbolçu isə ispan Xesus Navasdı. Zahirən Navasa o qədər bənzəməsə də, oyun tərzini ona oxşatmağa çalışır. Demə, onun bu mövqedə oynamasını da babası istəyib. Ronaldonun təzə-təzə parladığı vaxtlarda bu futbolçunu çox bəyənən Şahbaz mülləim nə vaxtsa nəvəsini də məhz Ronaldonun yerində görmək istəyib. Düzdür, Ronaldo “Mançester Yunayted”də daha çox sol cinahda görünürdü. Etibarın Kriştianodan fərqli olaraq sol ayağının yaxşı “işləməməsi” işləri korlayıb və keçib sağ cinaha.
Şahbaz müəllim rəhmətə gedən gün Etibar “Neftçi”nin bazasında olub. Əmisi oğlu zəng eləyib ki, babamız dünyasını dəyişdi. Şahbaz müəllim tez-tez yaxınları ilə özünü ölmüş kimi göstərərək zarafat etməyi xoşlayırdı. Bunu Vaqif Miskinovla söhbətim zamanı da eşitmişdim. Həmin gün də bir dəfə yaxınlarını bu formada qorxudub. Yenə də düşünüblər ki, kişi onlarla zarafatlaşır. Amma sonuncu zarafatı yaman pis olub. Nəşi görənə kimi babasının ölümünə inanmayan Etibar həyatda ən əziz insanlardan birini itirdiyini deyir. İlk vaxtlar onsuz çox çətin idi. Amma vaxt keçdikcə insanın yoxluğuna alışır və ondan qalan xatirələrlə yaşamağa məcbur olursan.
Xatirələrdən söz düşmüşkən, Etibarın yadına düşən ilk hadisə onun üçün acı olsa da, bir qədər gülməlidir. Tez-tez nəvələrini başına yığan Şahbaz müəllim onlara yeməyə istiot verirmiş. Ağlamayan yaxşı pul qazanırdı, ağlayan isə əliboş qalırdı. Etibara gəlincə, yazıq uşaq əksər hallarda istiotun acılığına dözməyərək ağlayırmış.
– “Şəmkir”in “qan elədiyi” vaxtlar yadındadır?
– O vaxt uşaq idim. Çempionluqları yadıma gəlmir. Amma 2004-cü ildən bu yananı xatırlayıram. Bütün günü evimiz qonaqlı-qaralı olurdu. Futbolçular, məşqçilər hamısı tez-tez bizə gəlirdilər. Hamısını xatırlayıram. Məni çox istəyirdilər. Futbolçuların qucağında böyümüşəm.
– Bəs, onlar səni xatırlayırlarmı?
– Əfqan Talıbov, Mahmud Qurbanov, Hüseyn Məhəmmədov... Tez-tez əlaqə saxlayıb hal-əhval tuturlar. Sağ olsunlar, babam rəhmətə gedəndən sonra da yaddan çıxarmadılar. Tez-tez əlaqə saxlayırlar.
– Yəqin, unudanlar da var.
– Elələri azdır. Çox istərdim ki, Rauf Mehdiyevlə görüşüm. Uşaq vaxtı xətrini çox istəyirdim. Bəlkə də atamla əlaqə saxlayır. Amma mənimlə bir dəfə də olsun maraqlanmayıb.
“Şəmkir”də pulsuz oynayaram”
Şər deməsən, xeyir gəlməz. “Birdən futbolçu ola bilmədin. Nə işlə məşğul olacaqsan?” sualıma Etibar “Əsas məqsədim yaxşı futbolçu kimi yetişib “Neftçi”nin əsas komandasına düşməkdi. Siz demiş, əgər alınmasa, yəqin ki, Rusiyada bizneslə məşğul olaram” deyə, cavab verdi. Ailəsinin Bakıda yaşamasına baxmayaraq, bazada məskunlaşan Etibar komandada ona və futbolçular yaradılan şəraitdən razıdır. Aldığı maaşla özünü dolandırdığını söyləyən gənc yaxınlarda klubla 5 illik müqavilə imzalayıb. Xeyirli olsun! İmkanlı bir şəxsin nəvəsi olmaq, onun yoxluğunda isə bir çox maddiyyat tələb edən şeylərdən uzaq düşmək Etibara zərrə qədər də təsir etməyib. Deyir ki, kaş babam sağ olaydı, heç vaxt onu puluna görə sevməmişəm. Amma təəssüf ki, Şahbaz müəllimi puluna görə sevənlər, yaltaqlananlar çox idi. Bu gün onun yoxluğunda özlərini elə göstərirlər ki, elə bil dünyaya belə bir insan gəlməyib, sağlığında əllərindən tutmayıb. Nə isə... Etibar məşqlərə şəhər nəqliyyatı ilə gedib-gəlir. Şahbaz müəllimin nəvəsinin şəxsi avtomobili yoxdur. Heç özü də istəmir. Avtomobili öz qazandığı pulla almaq fikirindədir. Ondan komandadakı vəziyyətlə maraqlandım. Klub rəhbərliyindən və yeni baş məşqçisi Samir Əliyevdən ağızdolusu danışdı. Nə qədər başqa səmtə yönləndirsəm də, söhbət yenə də Şahbaz müəllimin üzərinə gəlirdi.
– Əvəzedicilərdən hansı futbolçular gələcəkdə əsas heyətə düşə bilərlər?
– Aqşin Qurbanlı, Ömər Mahmudzadə, Mirabdulla Abbasov, Orxan Qurbanlı, Cavid Muxtarzadə, Kamal Qurbanov...
– Etibar Süleymanov...
– Ola bilər. İnşallah, 1-2 ilə əsas heyətə düşərəm.
– Yığmaya nəyə görə dəvət almırsan?
– Bir neçə dəfə U-15 və U-17-nin təlim-məşq toplanışlarında iştirak etmişəm. Son vaxtlar çağırmayıblar. Yəqin ki, layiq görmürlər. Üzərimdə çox işləməliyəm. Yaxşı oynasam, niyə də çağırmasınlar?
– Samir Əliyev necə məşqçidir?
– Samir müəllimi bütün Azərbaycan tanıyır. Əla futbolçu olub. Heyf ki, karyerasını tez bitirdi. Arada məşqdə bizimlə futbol oynayır. İnandırım ki, bir az formaya düşsə, istənilən komandada oynaya bilər. Məşqçi kimi də ondan razıyam. Samir müəllimdən əvvəl Elşad Əhmədovun, Səttar Əliyevin rəhbərliyi altında çıxış etmişik. Hər üçündə öyrənməli çox şey var.
– Bildiyimə görə, o qədər də intizamlı futbolçu deyilsən?
– Oyunlarda çalışıram komandaya zərər gətirəcək hərəkət etməyim. Amma futboldu, hərdən özündən asılı olmayaraq sərt oynayırsan. Hakim də haqlı olaraq cəzalandırır.
– Hakimlərə verdiyi qərarlara görə etiraz edirsən?
– Hərdən olur.
– 47 nömrəli forma ilə oynayırsan. Niyə 57 yox, məhz 47?
– Özüm seçməmişəm. 57 Şəmkirin avtomobil nömrəsi seriyasındır. Amma çox istərdim ki, “7 nömrə” mənim olsun. Çünki, babamın 7 rəqəmindən xoşu gəlirdi. İslam Kərimovun komandasında oynayanda babamın istəyinə görə “7 nömrə” idim.
– Etibar, yenə də söhbət babanın üzərinə qayıtdı...
– Onunla bağlı o qədər xatirələr qalıb ki. Nəvələrini yığırdı başına və sakit oturmağını tapşırırdı. Guya yatır. Birdən əlini zərblə masanın üstünə çırpırdı. Hamımız qorxurduq. Bundan həm özü ləzzət alırdı, həm də biz. Bir də çimdik götürməkdən xoşlanırdı. Onun sürücüsü var idi, Vaqif dayı. Kart oynayırdılar. Vaqif dayı udanda ona pul verirdi. Babam udanda isə çimdik götürürdü. Yazığın dərisi göm-göy olurdu. Son illər səhhəti ilə əlaqədar oturaq həyat tərzi keçirirdi. Xəstəliyi ilə əlaqədar masaja ehtiyacı olurdu. Masaj eləməsən, yuxuya gedə bilmirdi. Nəvələr yığışıb növbə ilə qulluğunda dururduq. Ən çox da mənim masajımı xoşlayırdı. Babam ömrü boyu qulluğumuzda dayanıb. Bizim elədiklərimiz onunkunun yanında heç nə idi.
– Şəmkirə tez-tez gedirsən?
– İmkan düşəndə. 3-4 aydan bir. Çempionatda fasilə yarananda, bir də bayramlarda. Hər gedəndə də qəbrini ziyarət edirəm.
– Nə vaxtsa babanın yadigar qoyduğu “Şəmkir”də oynamaq istəyərsən?
– Nə gizlədim, indiki halda yox. Bu gün “Şəmkir”in acınacaqlı vəziyyəti hamıya məlumdur. Söhbət puldan getmir. Səmimi sözümdür, nə vaxtsa komanda babamın vaxtındakı səviyyəyə qalxsa, iddialı olsa, böyük məmnuniyyətlə “Şəmkir”də pulsuz oynayaram.
“Ağsaqqal gecikib, ona görə geri qayıdırıq”
Etibar haqqında İslam Kərimov və Samir Əliyevin də fikirərini öyrəndim. İslam müəllim Etibar və Şahbaz müəllimlə bağlı bir neçə maraqlı əhvalat danışdı. Təcrübəli mütəxəssis hətta nəvə Süleymanovun “Neftçi”yə gəldiyi ilk günü indi də yaxşı xatırlayır:
– “Şəfa”da məşqdəydim. Əfqan Talıbov yaxınlaşıb bir nəfər valideynin mənimlə söhbət eləmək istədiyini bildirdi. Avtomobilə yaxınlaşanda dolubədənli birinin məni gözlədiyini gördüm. Buna kimi Şahbaz Süleymanov haqqında çox eşitmişdim. Onun Azərbaycan futbolu, “Şəmkir” üçün gördüyü işlərdən xəbərdar idim. Amma üzünü bir dəfə də olsun görməmişdim. Salamlaşdıqdan sonra nəvəsini komandaya yazdırmaq istədiyini bildirdi. Etiraz etmədim. Uşaq da maşında idi. Çəlimsiz, çox balaca idi. Elə orada formasını dəyişib məşqə qatıldı. Etibar 1996-cı il təvəllüdlüdür. Mənim uşaqlarım isə ondan bir yaş böyük idilər. Buna baxmayaraq, ikitərəfli oyunda yoxladım. Çox xoşuma gəldi. Hətta bir qol da vurdu. O vaxt “Neftçi”də belə bir qayda var idi – komandaya qəbul edilən hər bir uşaq barədə rəhbərliyə məlumat verməli və onunla müqavilə bağlamalı idi. Dərhal Ramin Musayevlə əlaqə saxlayıb onu da vəziyyətdən agah elədim. Azərbaycan futbolu tarixində bəlkə də belə bir hadisə yaşanmayıb – elə həmin gün, stadiondaca Etibarla müqavilə imzaladıq. Bu, bir tərəfdən “Neftçi”nin Şahbaz müəllimə olan hörməti, digər tərəfdən isə Etibarın istedadlı olması ilə bağlı idi.
Baxmayaraq ki, özündən 1 yaş böyüklərlə məşq edirdi, bir müddət sonra ona 7 nömrəli formanı verdim və komandanın kapitanı seçildi. Komandanın uğur qazanmasında Etibarın payı çox idi. Etibarın bütün məşqlərini, oyunlarını izləyirdi. “Şəfa”da nəvəsinin məşqlərinə və oyunlarına baxması üçün Şahbaz müəllimə şərait yaradılmışdı. Onun üçün istisna hal kimi avtomobillə stadiona daxil olmağa icazə verilmişdi.
– Adətən indiki valideynlər məşqçilərin işinə tez-tez qarışırlar...
– Allah şahiddir ki, Şahbaz müəllim bir dəfə də olsun mənim işimə müdaxilə etməyib. Alicənab, savadlı, hərəkətini və danışığını bilən bir insan idi. Tez-tez onunla Etibar barəsində söhbətimiz olurdu. Bir dəfə də olsun mənə nəyisə necə etməli olduğumu deməyib. Nəvəsinə qarşı çox tələbkar idi. Neçə ildir futbolun içindəyəm, Azərbaycanda onun kimi insani keyfiyyətlərə malik klub rəhbəri ilə az rastlaşmışam.
– İslam müəllim, düzünü deyin, hədiyyə-filan olurdu?
– Yox, yox, nə danışırsınız? Mənimlə bağlı ömrü boyu belə hal olmayıb. İstər Şahbaz müəllim, istərsə də digər valideynlər olsun. Gəlin sizə Şahbaz müəllimlə bağlı bir maraqlı əhvalatı danışım. 2007-ci ildə komanda Gürcüstana beynəlxalq turnirə gedirdi. Bakı-Tiflis qatarı Şəmkir ərazisindən keçdiyindən bir gün əvvəl Şahbaz müəllim mənimlə əlaqə saxlayıb Dəllər stansiyasında görüşməyimizi istədi. Uşaqlara yol sovqatı qoyacaqdı. Dəllərdə qatardan düşəndə Şahbaz müəllimi görmədim. Gecikmişdi. Stansiyadan ayrılandan 3-4 dəqiqə sonra bir də gördük ki, qatar dayandı və geri hərəkət etməyə başladı. Biz də daxil olmaqla bütün sərnişinlər nəyin baş verdiyini anlamayaraq qorxuya düşdük. Bir qədər sonra qatarın Şahbaz müəllimə görə geri qayıtdığı məlum oldu. Bələdçi “Ağsaqqal gecikib, ona görə geri qayıdırıq” deyəndə bir qədər rahatlaşdıq. Uşaqların payını verəndən sonra bələdçinin ratsiyası ilə maşinistə təşəkkür edib, qatarın yola düşə biləcəyini dedi. Qatarın geri hərəkəti qanun pozuntusu idi. Amma Şahbaz müəllimin hörməti, nüfuzu maşinistə qaydaları pozmağa belə mane olmamışdı.
– Etibar neçə futbolçudur?
– Çox perspektivli uşaq idi. Özündən bir yaş böyüklərlə oynasa da, komandanın lideri idi. Yarımmüdafiənin sağında oynayırdı. Texnikası, sürəti, əzmkarlığı ilə digərlərindən seçilirdi. Onun vaxtındakı komandamın uğurunun 90 faizi Etibarın adı ilə bağlıdır. İndi inkişafında bir qədər dayanma müşahidə edirəm. Tez-tez qırmızı vərəqə aldı. Amma bu, onun intizamsız futbolçu olması anlamına gəlməməlidir. Mədəni, böyük-kiçik yerini bilən, futbolu sevən birisidir. Yəqin ki, keçid dövrünü yaşayır. Mən ona dəfələrlə Şəmkirə qayıdıb orada oynamasını məsləhət görmüşəm. Yenə də özü bilən məsləhətdi. Tənbəlləşməsə, ondan yaxşı futbolçu çıxacaq.
“Neftçi”nin əvəzedicilərinin baş məşqçisi Samir Əliyev də Etibarın çıxışından razı qaldığını bildirməklə yanaşı, yaxşı futbolçu olmaq üçün hələ çox işləməli olduğunu söylədi: “Komandaya yeni təyin olunmuşam. Amma əvəzedicilərdəki uşaqların vəziyyətindən çoxdan xəbərdaram. Hamısı yaxşı futbolçulardı. Etibara gəlincə, onun böyük potensialı var. “Qarabağ”la ilk oyunumda əsas heyətdə meydana buraxdım və çıxışından razı qaldım. Gərək tənbəlləşməsin. İndi onun elə dövrüdür ki, bir balaca biganəlik karyerasını məhv edə bilər. Bir neçə dəfə özü ilə söhbət etmişəm, çox işləməli olduğunu bildirmişəm. Belə davam edərsə, azından Azərbaycan səviyyəsində yaxşı futbolçu olacaq”.
İlqar TAĞIYEV “Het-trik news” qəzeti
saytlarin hazirlanmasi