"İdman jurnalistikasında, az da olsa, saflıq qalıb" MÜSAHİBƏ

16:50 - 11 Aprel 2015

"Mən də fəaliyyətə yazılı mətbuatdan başlamışam"
 
AzTV və "İdman Azərbaycan"ın şərhçisi, tanınmış telejurnalist Elnur Məmmədli "azxeber.com"a müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir...
 
- Hər zaman hamını siz təqdim etmisiniz, indi isə özünüzü bizə təqdim edin...
- Sadəcə Elnur.
 
- Sadəcə Elnur demək kifayət edirmi sizi tanımağa?
- Xeyr, olimpiya çempionu Elnur Məmmədli ilə səhv salırlar. Ancaq bir cümlə ilə qeyd edirəm ki, mən olimpiya çempionu deyiləm.
 
- Sizi ifadə edən cümlə hansıdır?
- Baxır kim üçün.
 
- Məsələn, bizim üçün...
- Sizin üçün həmkar.
 
- Olimpiya çempionu Elnur Məmmədli ilə jurnalist Elnur Məmmədlini ad oxşarlığından başqa nə birləşdirir?
- Elnurla o qədər də yaxından tanışlığımız yoxdu. Məncə, bizi yalnız ad oxşarlığı birləşdirir
 
- Din, hüquq və ən sonda jurnalistika sahəsinə gəlmisiniz. Özünüzü jurnalistikada tapdığınız üçün ya başqa səbəb sizi bu sahəyə gətirdi?
- Universitetin 1-ci kursunda oxuyanda Futbol+ qəzeti reportyor müsabiqəsi elan etmişdi. İdman qəzeti olduğundan və bu sahə ilə maraqlandığımdan, müraciət edib müsabiqədən keçdim. Mənimlə bərabər bir neçə nəfər bu müsabiqədən keçdi. Onlar da hazırda idman sahəsində kifayət qədər tanınıblar. Tələbəlik illərindən işləmişəm. Ilahiyyat fakultəsinə düşməyim isə sadəcə təsadüfdür.
 
- Qrup yoldaşlarınızdan ilahiyyat fakultəsini bitirib dini işlər sahəsində işləyən var?
- Bəli, qrup yoldaşlarımdan biri Naxçıvanda Dini İşlər üzrə Komitəsinin sədridir. Başqaları da var, ancaq indi yadıma sala bilmirəm.
 
- Niyə məhz idman jurnalistikası?
- Bu, uşaqlıqdan gələn hiss, arzudur. Uşaq vaxtı məhəllədə hərənin öz komandası vardı, hamı komandasının oyuna baxırdı. Səhəri gün həyətdə müzakirə edirdilər. İndi təəssüf ki, yerli futbola maraq qalmayıb. Yalnız beynəlxalq oyunlarda "Qarabağ", "Neftçi" yada düşür
 
- Əvvəl ANS, indi isə AzTV-də işləyirsiniz. Ancaq nədənsə Elnur Məmmədli ANS-dən daha çox yadda qalıb. Sizcə, niyə?
- "İdman Azərbaycan" kifayət qədər baxımlı TV-dir, futbolla maraqlananlar baxıb tanıyırlar. Elə adamlar var ki, idmanla maraqlanmır və baxmırlar, bizi də ANS-də xəbərlərdən sonra yayımlanan idman proqramının aparıcısi kimi tanıyıb yadda saxlayıblar.
 
- Dövlət televiziyası ilə özəl televiziyada işləməyin fərqi, üstünlüyü və mənfi cəhəti nədir?
- Məncə, televiziyaya gəlmək üçün öncə yazılı mətbuatdan başlamaq daha yaxşı olardı. Mən də fəaliyyətə yazılı mətbuatdan başlamışam. Ancaq televiziya jurnalistikasına ANS-dən başlamışam və TV-ni ilk dəfə orada öyrənmişəm. Dövlət televiziyasına gəldikdə, ilk şərhlərim burada olub. Mənim şərhçi kimi yetişməyimdə AzTV-nin çox böyük rolu var və mən buna görə onlara borcluyam. ANS-də sadəcə, idman xəbərlərində aparıcı olmuşam. Ancaq fərq etməz dövlət və ya özəl televiziya, hər birinin öz çətinliyi var.
 
- Sevdiyiniz klubun məğlubiyyətini şərh edərkən kecirdiyiniz hissləri necə biruzə verirsiniz?
- Mən bu fikirlə heç razı deyiləm ki, aparıcı öz məğlubiyyət hisslərini biruzə versin. Aparıcı hər şeydən öncə, komandasının oyunu olsa belə, bunu tamaşaçıya bildirməməlidir. Aparıcı oyunu neytral aparmalı, funksiyası isə şərh etmək olmalıdır.
 
- İdman jurnalistləri gündəmdən kənarda olurlar. Bu, Sizi narahat etmir?
- Müğənni deyilik ki, fotosessiya edib gündəmdə qalaq (gülür). Mənim üçün gündəmdə olmaq o qədər də vacib deyil.
 
- İdman jurnalistikasının digər sahələrdən çətinliyi nədir?
- Bu sahədə işləmək üçün gərək idmanla maraqlanıb, idmanı biləsən. Siyasi jurnalistikaya nisbətən idman jurnalistikasında, az da olsa, saflıq qalıb.
 
- 90 dəqiqə danışandan sonra neçə dəqiqə lazımdır ki, balans yaransın?
- Bəzən 90 dəqiqədən sonra 30 dəqiqə də olur. Oyunlar çox vaxt gecəyə təsadüf etdiyindən, yorğunluq yaranır. Bu baxımdan əlbəttə, bir qədər çətindir 90 dəqiqənin balansını yaratmaq.
 
- Sizə aparıcılığın təklif olunduğu və sizin də imtina etdiyiniz oyun olub?
- Xeyr.
 
- Şərh etdiyiniz oyunlardan ən yadda qalanı hansı olub?
- Çox olub, "Qarabağ”ın avrokuboklardakı oyunları, Dünya çempionatında Brazilya - Almaniya oyunu. Oyunun o hesabla bitməsi heç kimin ağlına belə gəlməzdi. 
 
- Səsi ilə tanınırmı Elnur Məmmədli?
- Bunu mən yox, kənardan baxanlar deyə bilər.
 
- Səsinizi və özünüzü formada saxlamaq üçün nəsə edirsinizmi?
- Heç bir sey etmirəm, səsimin batmasından da qoxmuram.
 
- Bəyəndiyiniz və bəyənmədiyiniz idman şəhçiləri var?
- Bəyəndiklərim olur - Siyavuş Əliyev, Tərlan Şahinoğlu, İsmayıl Abdullayev. Bəyənmədiklərimin adlarını çəkməyim. Sadəcə, onu deyim ki, şərhçi ilk növbədə Azərbaycan dilini mükəmməl bilməli, ləhcəsi hiss olunmamalııdır. Qalanı yavaş-yavaş düzələr.
 
- Qadın idman aparıcılarına münasibətiniz...
- Gözüm üstə yerləri var. Bu işi bacarırlarsa, gəlsinlər. Ancaq iş orasındadır ki, onların əksəriyyəti yalnız suflyordan xəbəri oxumaqla kifayətlənirlər. İdmandan, təəssüf ki, xəbərsiz olurlar. Azərbaycanda gözəl və bədən quruluşu olan qızlar gəlir olur teleaparıcı.
 
- İdmandan başqa hansı sahənin öhdəsindən gələ bilərdiniz?
- Xəbərlər sistemində işləmək olardı.
 
- İşdən sonra nə edirsiniz?
- Adətən, həmkar dostlarımla görüşürəm.
 
- Xüsusi hobbiniz var?
- Piyada gəzir və dostlarla görüşüb fikir mübadiləsi aparırıq. Bunlara hobbi demək olarsa, hobbim budur.
 
- Sosial şəbəkədən gün ərzində neçə saat istifadə edirsiniz?
- Yatmağı çıxsaq, qalan bütün saatları. Çünki indi elə şərait yaranıb ki, artıq əksər işləri də sosial şəbəkədən həll edirik.
 
- Jurnalistikadan getdikdən sonra hansı işlə məşğul olacaqsınz?
- Bunu düşünmək çətindir, ancaq müəyyən imkanlarım olsaydı, restoran açardım və bu işlə məşğul olardım.

Xəbər xətti