Birdən-birə AFFA rəhbərliyinin ağlına yenidən U-18 yaratmaq hardan gəldi, bilmirəm
Gözünüz aydın, futbolumuzun inkişafını düşünən futbol başbilənlərimiz yeni “ideya" ortaya atıblar. Daha doğrusu, həmin “ideya"nı artıq reallaşdırmaq üzrədilər. Azərbaycanda U-18 və U-20 yığma komandaları da yaradılır. Yaradıcı insanlardılar da, bir dəqiqə boş otura bilmirlr, hər gün başlarının altından nə isə çıxardırlar. Bir sözlə, ideya qıjqırıb daşır. Bundan əvvəlki bütün ideyaları fontan vurub axı. İndiyə kimi “U"lar futbolumuzun inkişafına o qədər böyük “töhvələr" verdi ki, dayana bilməyib daha ikisini yaradırlar.
Prinsipcə, U-18 bizim futbol üçün yad deyil. Hələ Fuad Musayevin dövründə Azərbaycanda yaradılan gənclər arasında ilk milli komanda məhz U-18 olub. Yadımdadır, heyətində Kamal Quliyev, İsmayıl Məmmədov, Ədahim Niftəliyev, Zaur İsmayılov, Xaqani Məmmədov kimi futbolçuların yer aldığı həmin yığma 1994-cü ildə o vaxtın Avropa çempionu olan Türkiyə millisini də məğlub etməyi bacarmışdı. U-18 uzun müddət beynəlxalq oyunlarda oynadı, sonradan “Şəfa" komandası da məhz həmin yığmanın bazasında yaradıldı. Ancaq həmin dövrdən xeyli vaxt keçib. Birdən-birə AFFA rəhbərliyinin ağlına yenidən U-18 yaratmaq hardan gəldi, bilmirəm. U-19 olan yerdə U-18-ə, U-21 olan yerdə isə U-20-ə nə ehtiyac var? Onsuz 18-19 və 20-21 yaşlı futbolçular eyni nəslin üzvləri sayılırlar. 18 yaşında istedadlı futbolçu varsa, o, U-19 millisində də çox rahatlıqla oynaya bilər. Eləcə də 20 yaşlı futbolçu yüksək keyfiyyətlərə malikdirsə, problemsiz U-21-in formasını geyinə biləcək. 18 və 20 yaşlı futbolçular üçün əlavə yığma komandaya nə ehtiyac var idi? Futbolumuzda bu qədər problem həllini gözlədiyi bir vaxtda bu cür anormal ideyalar hardan ortaya çıxır? Əgər Azərbaycan futbolunun inkişafını düşünürsünüzsə, süni meydançaları yığışdırın, minimum imkanlarla təbii otu maksimum saxlamağın yollarını arayın, uşaqlar arasında keçirilən oyunların təqvimini normal vəziyyətə gətirin, I Diviziondakı axmaq limiti ləğv edin, Gəncə, Tovuz, Mingəçevir, Şəmkir, Yevlax kimi bölgələrin yenidən futbol elitamıza qayıtması üçün təkliflər hazırlayın.
Kimə lazımdır U-18, U-20? Bu günə qədər havaya sovrulan milyonlar bəs eləmədi, indi yeni-yeni yeyinti mənbələri yaradırsınız? İnciməyin, amma mənim ağlıma başqa məntiq gəlmir.
Az öncə qeyd etdim ki, U-19 və U-21 olan yerdə U-18-lə, U-20-ə heç bir gərək yoxdur. Bu yaşda olan futbolçular U-19-da və U-21-də oynaya bilərlər. Deməli, ortada başqa səbəblər var. Hara yönləndirmək istəsən söhbət gedib yeyintiyə çıxır. Niyəsini izah edim. Hər yığma komanda yeni təyinatlar, yeni heyət, yeni məşqçilər korpusu, yeni inventar, yeni “pitaniya", yeni təlim-məşq toplanışları, yeni “sutoçnı"lar və s. deməkdir. Azərbaycandakı yığma komandalara gerçəkləşən təyinatların, cəlb olunan futbolçuların hansı yollarla həyata keçirildiyini gözəl bilirsiniz.
Min-bir oyundan çıxıb geydirmə U-18-i və U-20-ni formalaşdıracaqlar, sonra da başlayacaqlar ki, bəs, bu yığmaların ölkə xaricində təlim-məşq toplanışlarını təşkil etmək, beynəlxalq turnirlərə aparmaq lazımdır. Bunun üçün də nə lazımdır? Əlbəttə ki, vəsait. Vəsait haradadır? Əlbəttə ki, SOCAR-da. İldə iki dəfə U-18-i, iki dəfə də U-20-ni ölkə xaricinə toplanışa göndərsən, onlara “sutoçnı"dan tutmuş geyim dəstlərinə qədər hər şey alsan görün SOCAR-ın, daha da dəqiqləşdirsək xalqın büdcədən nə qədər pul oğurlanmış olacaq? Yəqin izah edə bildim ki, ehtiyac olmadan lazımsız yerə iki əlavə yığma komandanı nəyə görə yaradırlar.
Anar Xanlarov (“Het-trik news” qəzeti)
saytlarin hazirlanmasi