Ağasəlim Mircavadov: "Bu komandalar arasında "İnter" ən pis vəziyyətdədir" MÜSAHİBƏ

13:32 - 22 May 2015

"Onlar bu ili qurban verdilər"

 

Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Sportal.az-ın suallarını cavablandırıb:

 

- Avrokuboklara vəsiqə qazanan komandalardan hansıları bu turnirə hazırdır?

 

- Hamıya məlumdur ki, "İnter"in hazırkı maliyyə durumu hələ də sual altındadır, düzdür, onlar çempionat ərəfəsində gözəl çıxış etdi. Hələlik sponsorun kim olacağı, məşqçilər korpusunu kim əvəzləyəcəyi bilinmir. "İnter" iyulun əvvəlində mübarizəyə başlayacaq, amma komandada nələr olacağı bilinmir. May ayının axırına qədər komandada artıq ər şey məlum olmalıdır ki. yeni gələn məşqçi komandanı formalaşdıra bilsin, hazırlıq planını qursun. Komandaların çoxu mövsüm bitdikdən sonra, avrokuboklarda oynatmaq üçün futbolçu axtarır. Amma belə turnirlərə hazırlıq may ayından başlayır. Klub bilməlidir ki, hansı mövqelərə oyunçu lazımdır, futbolçuları əvvəldən seçməlidir ki, mövsüm başa çatan kimi onlarla müqavilə imzalasın. "Qarabağ" və "Qəbələ"də artıq avrokuboklar üçün hazırlıqlar gedir, "Neftçi" haqda ətraflı məlumata malik deyiləm. Bu komandalar arasında "İnter" ən pis vəziyyətdədir.

 

 

- Bəs digər komandaların növbəti mövsümə hazırlıqları haqda nə tövsiyyələr verə bilərsiniz?

 

- Çempionatımıza gəldikdə, qorxulu halla rastlaşırıq. "Zirə" və "Kəpəz" Premyer Liqaya vəsiqə qazandı. Amma onların bazası, infastrukturu və ya heyəti hələ də bilinmir. Biz istəyirik ki, 1 aya hər şeyi həll edək, amma bu belə olmamalıdır. Çempionatın yaxşı keçməsi üçün tam təqvim, komandaların durumu əvvəlcədən bilinməlidir, komandalar buna görə hazırlaşmalıdır. Bu mövsüm "Bakı" məlum səbəblərdən problem yaşadı və Premyer Liqanı tərk etdi.

 

 

- "Xəzər Lənkəran"ın gəncləşdirmə siyasətini necə dəyərləndirirsiniz?

 

- Ola bilsin ki, onlar bu ili qurban verdilər, bu da lazım idi. Onlar fikrimcə, çox məsələdə, gənc futbolçuların yetişməyində uddular. Biz çalışmalıyıq ki, top klubları itirməyək, onlar hər il avrokuboklarda oynamalıdır ki, çempionatımızın keyfiyyəti artsın. Bizim kimi ölkələrin çempionatında aşağı səviyyəli komanda olmamalıdır, hər komandanın bir məqsədi olmalıdır və buna da can atmalıdır. Məsələn, AZAL çempionatın gedişində avrokuboklar üçün vuruşurdu. "Xəzər Lənkəran" camiəsi çalışmalıdır, növbəti mövsümdən iddialı olsun. Bölgə komandalarını itirməməliyik, əksinə bölgələrdə futbolu daha da inkişaf etdirməliyik.

 

 

- "Klublara dövlət yardımı" adlı proqram hazırlanır ki, maliyyə cəhətdən "zəif" olan komandalara yardım edilsin...

 

- Bu barədə məlumatım yoxdur, amma ümumi danışsaq, dövlət hər il komandalara müəyyən sahələrdə kömək edir. Əgər belə bir proqram olarsa, klublar mütəxəssislərlə məsləhətləşməlidirlər. İlk növbədə klublarımızın infastrukturaları dəyişməlidir, hər klubun təbii örtüklü meydançaları olmalıdır. Bir də hər komandanın akademiyaları olmalıdır. Klublar maliyyə ilə ağıllı işləməlidir, israfçılığa yol verməməlidir. Bahalı futbolçu alanda, eləsini seçmək lazımdır ki, həm özü oynasın, həm də gənc futbolçuların formalaşmasında rolu olmalıdır.

 

 

- Premyer Liqada neçə komandanın olmasını istəyərdiniz?

 

- Nə qədər çox olsa, o qədər yaxşıdır. Amma maliyyə cəhətini də nəzərdə almaq lazımdır. Həm də hər komanda mövsüm ərzində 40-45 oyun oynayır, bu da futbolçular üçün həddindən artıq azdır. İldə hər futbolçu 60 oyuna çıxmalıdır. Komandaların sayı artsa da, oyunların sayı da mütəq artmalıdır. Biz Məşqçilər korpusu kiçik bir araşdırma apardıq, son iki ildə I Diviziondan heç bir futbolçu Premyer Liqa klublarına transfer olunmayıb, bu belə olmaz axı. Hər yerdə görünür ki, futbolçu mərhələ-mərhələ aşağı liqalardan yüksək liqaya qalxır,bizdə isə tərsinədir, futbolçular Premyer Liqadan I Diviziona yollanır.

Xəbər xətti