"İnsanlar bizə tərəf gəlmirlərsə, biz onlara tərəf gedək"
Azərbaycan futbolunda mövcud olan ciddi problemlərdən biri də sponsorların bu sahəyə ciddi maraq göstərməməsidir. Elə bu səbəbdəndir ki, 1-ci divizion klubları AFFA-nın baş sponsoru SOCAR-dan maliyyələşir, hətta 1-ci divizionu zarafatla “SOCAR Liqası” adlandıranlar da var. Heç Premyer Liqada da vəziyyət qənaətbəxş deyil. Hafiz Məmmədovun müflis olması, Cahangir Hacıyevin isə “maliyyə xəyanəti” işi üzrə suçlanması Azərbaycan futboluna böyük zərbə oldu. “Bakı” rəsmən 1-ci diviziona göndərildi, “İnter” və “Simurq” dağılmaq ərəfəsindədir.
Uzun illərdir ki, bu sahəyə böyük pullar xərcləyən şəxslər bir-bir bu sahədən uzaqlaşsalar da, onların yerinə yeniləri gəlmir. Bəs, futbolumuza yeni sponsorların cəlb etməyin bir yolu varmı? Bu sualla “Qəbələ” klubunun Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibova müraciət etdik. Sportal.az saytına açıqlama verən Səməd bəy əvvəlcə böyük futbol ölkələrində bu işlərin necə qurulmasından danışdı:
“Sponsoru futbolla birləşdirən ortaq məxrəc futbolun kütləviliyidir. Yəni, sponsorlar reklam çarxı oynatmaq, bilbordlarda reklamlar yerləşdirmək əvəzinə, futbolun kütləviliyindən yararlanır. Futbola edilən yatırımla yaradılan tanıtımın reklam ekvivalentliyi çox yüksəkdir. Bu nə deməkdir? Yəni, hər hansı bir şirkət futbola qoyduğu yatırımla özünə yaratdığı reklam dəyərini pulla satın almağa çalışsa, ən azı 2 dəfə çox pul xərcləməlidir. Ona görə də, futbola o qədər pul yatırılır. Həm klub qazanır, həm də şirkətlər”.
Azərbaycanda isə bu sahədə vəziyyət çox fərqlidir. Səməd Nəsibov bizim futboldakı sponsorsuzluq probleminə belə yanaşır:
“Məncə, bu problemə kompleks şəklində yanaşmaq lazımdır. Sponsorların bizim klublara yatırım etmək istəməmələrinin altında bir çox səbəblər ola bilər. Ancaq ən böyük problem çempionatımıza azarkeş marağının az olması, kütləviliyin təmin olunmamasıdır. Çox təəssüf ki, azarkeş problemi futbolumuzun yatırımçı üçün maraqlı sahəyə çevrilməsinin qarşısını alır. Bu problemi aradan qaldırmaq üçün mətbuat və klublar sıx əməkdaşlıq etməlidir. Hətta ortaq strategiya olmalıdır. Çünki qloballaşan dünyada məkan anlayışı çox dəyişib. Məsələn, bir düyməyə toxunaraq “Barselona” – “Real” oyununa baxmaq mümkündür. Və ya “Bakcell” “Mançester Yunayted”in kütləviliyini satın alıb Azərbaycanda istifadə edə bilir. Belə bir dövrdə kütləvilyi təmin edə bilsək, sponsorlar da maraqlı olacaq. Əslində, “Qəbələ” – “Bakı” oyununun da hansısa bir maraqlı tərəfini göstərmək olar. Lakin “Mançester Yunayted”, “Barselona” kimi klublarla rəqabət real olmadığı üçün biz fərqli bir yol tutmalıyıq. Bizim futbolda sosial layihə xətti ilə irəliləmək nəticə verə bilər. Necə deyərlər, insanlar bizə tərəf gəlmirlərsə, biz onlara tərəf gedək”.
Xatırladaq ki, aprelində 25-də keçirilən “Xəzər Lənkəran” – “Qəbələ” oyununda qonaq komanda “Kitabsız yaşamayaq” pankartı ilə meydana çıxmışdı. Beynəlxalq oxu gününə təsadüf eləyən bu aksiyaya futbol və idman tariximizdə ilk dəfə idi rast gəlinirdi. Qeyd edək ki, həmin aksiyanın ideya müəllifi də Səməd Nəsibov olub.
saytlarin hazirlanmasi