Misirli futbolçu: "Qarabağ"a keçidim irəliyə addım idi" - MÜSAHİBƏ

14:48 - 29 Noyabr 2021

“Qarabağ”da oynamış legionerlərdən olan Mostafa Afroto Sportal.az saytına müsahibə verib. 2012-ci ildə Misirin “Al-Ahli” klubundan “Qarabağ”a keçmiş yarımmüdafiəçi Ağdam klubunun uğursuz transferi kimi yadda qalıb. Afroto özü isə vaxtilə bu komandaya keçidinin doğru addım olduğunu bildirib.

- Karyeranız sizi razı salacaq səviyyədə gedir?
- Bəli, hər şey normaldı, karyeramı davam etdirirəm. Misirdə “Aluminium Naq Hamadi” klubunda oynayıram. Komandama kömək olmağa çalışıram.

- Heç Azərbaycandan ayrıldıqdan sonra “Qarabağ”la maraqlanmısınız? Onların oyununa baxırsınız, yoxsa yox?
- Əlbəttə ki, “Qarabağ”la maraqlanıram. Özü də çox maraqlanıram. Həm də “Qarabağ”ın oyunlarını izləyirəm.

- “Qarabağ”a transferiniz necə baş tutmuşdu? “Al-Ahli”dən Azərbaycan klubuna keçidinizi səhv addım hesab etmirsizki?
- Qəti şəkildə səhv addım adlandırmazdım. “Qarabağ”a keçidim irəliyə addım idi. Həm də bunu əla addım adlandırardım. Mən bu cür dəyərləndirirəm.

- “Qarabağ”dakı karyeranız nəyə görə alınmadı?
- Açığı, bilmirəm.

- Siz özünüz getmək istədiniz komandadan, yoxsa klub istəmədi?
- Mən “Qarabağ”da olduğumdan da çox qalmaq istəyirdim. Amma elə alınmadı. Hər halda “Qarabağ”da qalmaq niyyətim var idi.

- Heç “Qarabağ”dan kiminləsə münasibətin qalıb?
- Bəli. “Qarabağ”da bəzi adamlar var ki, onlarla münasibətim qalıb.

- Onlar avrokuboklarda uğurlu çıxış edir. “Qarabağ” Konfrans Liqasında qrup mərhələsində növbəti mərhələyə çıxa bilib. Bu haqda fikrin necədi?
- Təbii ki, çox yaxşı nəticədi. Ümidvaram ki, komanda istədiyi nəticələri qazanacaq. Komanda qrupda da uğurlu çıxış edəcək.

Xəbər xətti