Bir müddət əvvəl AFFA-nın Mətbuat Departamentinin rəhbəri Murad Axundov vəzifəsindən ayrılmışdı, bu gün də "Qarabağ"ın sözçüsü Anar Hacıyev işdən çıxdı.
Ölkənin ali futbol qurumu və nəhəng klublarından birində bu post yenə boşdadır. Ona görə "yenə" yazırıq ki, hər ikisi sanki heç cür axtardığı/düşündüyü adamı tapa bilmir. AFFA-da uzun illər media sektoruna rəhbərlik edən Firuz Abdulladan sonra iki nəfər gəlib-gedib, elə "Qarabağ"da da Nurlan İbrahimovdan sonra iki həmkarımız iş başında olub...
Səbəblər müxtəlifdir, bəlkə də hərəsinin gedişi ilə bağlı tam fərqli situasiya olub. Amma fakt ondadır ki, AFFA-da da, "Qarabağ"da da bu vəzifədə sabitlik yoxdur. Sadəcə ümid etmək qalır ki, növbəti seçimləri zamanı daha uzunmüddətli əməkdaşlıq edəcək namizədin üzərində dayanarlar.
Ortaya sual çıxır - bəs, Azərbaycan futbolunda mətbuat katibi tapmaq niyə get-gedə çətinləşir? Cavabın konkret AFFA və "Qarabağ"la əlaqəsi yoxdur. Ümumi nəzəriyyə belədir ki, mətbuat katibi qurumun/klubun ideoloji rəhbəri, danışan dili, siması olmalıdır. Təmsil etdiyi yerlə mətbuat və ictimaiyyət arasında körpü rolunu oynamalıdır. İşlər qaydasında getməyəndə belə, məsələləri "tatlıya bağlamağı" bacarmalıdır. Bütün bunlar üçün təcrübə, nüfuz və bu kimi vacib keyfiyyətlərə ehtiyac var.
Mətbuat nümayəndələri arasında belələri yoxdurmu? Əlbəttə ki var! Amma belə adamların klub işinə cəlb olunması üçün həm münasibət fərqli olmalıdır, həm də şərtlər. Təəssüf ki, əksər yerlərdə mətbuat katibinin personasına baxış yumşaq desək, o deyil. Sanki vəzifə boş qalmasın deyə təyinat edirlər. Məhz bu səbəbdəndir ki, bir neçə ildən sonra bu posta da sanballı kadr tapmaq müşkülə çevriləcək.
Fikrət
saytlarin hazirlanmasi
