“Qəbələ”nin müdafiəçisi Natan Monzanqo Sportal.az saytına açıqlama verib. Konqolu futbolçu komandasının fasilə zamanı keçirdiyi hazırlıq prosesindən və yeni təyin edilmiş baş məşqçidən danışıb:
“Bəli, fasilə çox uzun çəkdi. Çempionat oyunlarına qayıtmağı səbirsizliklə gözləyirdik və çempionatın nəhayət yenidən başlamasına çox sevinirik.
Yeni baş məşqçi bir neçə həftə əvvəl gəlib. Ünsiyyət yaxşı idi və o, bizə çox inam və qətiyyət verib. Düşünürəm ki, baş məşqçimizin gözləntilərini qarşılaya bilərik. Əlbəttə ki, bu, bizdən çox diqqət və sədaqət tələb edəcək. Ancaq biz çətinliyi qəbul etməyə hazırıq. İndi bunu liqa oyunları zamanı meydanda göstərməliyik”.
Natan komandasının bu gün Misli Premyer Liqasının 7-ci turunda “Sumqayıt”a qarşı keçirəcəyi görüşlə bağlı pozitiv düşündüyünü deyib:
“Düşünürəm ki, qələbəyə ehtiyacı olan iki komanda arasında yaxşı oyun olacaq. Necə ki, bizim xallarımız əsl səviyyəmizi tam əks etdirmir, "Sumqayıt"ın xalları da onların səviyyəsini mütləq şəkildə əks etdirmir. Bu oyunu səbirsizliklə gözləyirəm. Çempionatın qalan hissəsində onlara uğurlar arzulayıram, amma ümid edirəm ki, bu gün "Qəbələ" meydandan qalib ayrılacaq.
Bəli, dediyim kimi, biz iddialıyıq. Bu, kiməsə qarşı hörmətsizlik kimi qəbul edilməməlidir, lakin mən hesab edirəm ki, xal ehtiyatımız əsl səviyyəmizi əks etdirmir. Bununla belə, bunu dilə gətirmək başqa, meydanda sübut etmək isə tamamilə başqa məsələdir. Ümid edirəm ki, bu proses bu gün güclü komanda oyunu və hər şeydən əvvəl qələbə ilə başlayacaq”.
Mirbağırağa
