"Klublarımız buna hazır deyi" - "İmişli"dən çıxan mütəxəssis

12:09 - 9 Oktyabr 2026

“İmişli”də şef-skaut Rəsul Allahverdiyev vəzifəsindən ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sportal.az xəbər verir ki, Funksioner “Futbolpress.az“a açıqlamasında postunu tərk etməsinin səbəbini söylədi:

- Ayrılığınız nə ilə bağlı oldu?
- Klub açıqlama verib. Qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq.

- Ötən mövsüm bu posta təyinat almışdınız. Fəaliyyətinizin qısa çəkməsinin səbəbi nədir?
- Özüm ayrılmaq istəyirdim. Qarşı tərəf də buna hörmətlə yanaşdı, yolları ayırdıq. Klub ciddi bir liqada oynayır. Orada əziyyət çəkən yaxşı niyyətli adamlar var. Subyektiv səbəblərdən danışıb motivasiyalarına təsir etmək istəmirəm. İşlədiyimiz qısa zamanda əlimdən gələni etdim ki, klub üçün faydalı işlər görək. Bundan sonrakı dövrdə də orada davam edən peşəkar düşüncənin, inkişaf niyyətinin daşıyıcısı olan dostlarıma uğurlar arzu edirəm. Ümid edirəm ki, onlar bizim dəyişdirə  bilmədiklərimizi edəcək və futbol üçün faydalı işlər görə biləcəklər.

- Bundan sonra yenidən menecer kimi fəaliyyətinizə davam edəcəksiniz?
-  Siz “menecer” deyəndə “futbolçu agenti” kimi anlaşılır. Mənim heç vaxt belə bir fəaliyyətim, oyunçu təmsilçisi lisenziya statusum olmayıb. Bununla bağlı bir yanlış anlaşılma var. Bunu elə bu fürsətdən istifadə edib düzəltmək istədim. Mən illərdir futbol idarəçiliyi və skautinqdə ixtisaslaşmışam. Əvvəl də fəaliyyətlərim oyunçuları kəşf etmək, seçmək, onları mütəxəssislərimiz vasitəsi ilə hazırlayıb müasir Avropa futboluna adaptasiya etmək olub. İndi də o işlər davam edir. ‘İmişli”yə gələrkən futbol etikası normalarına uyğun olaraq beynəlxalq oyunçu skautinqi və adaptasiya mərkəzi olan “Pelikan”ın CEO postundan istefa vermişdim. İndi orada başqa dostumuz bu vəzifəni icra edir. Mənim planlarım isə fərqlidir. Çox böyük ehtimalla yenə ölkə xaricinə gedəsi olacam. Təssüf ki, Azərbaycanda skautinqin özünün ciddi mənada işləməsi üçün xeyli mərhələlər keçilməlidir, maariflənmə prosesinə ehtiyac var. “Komanda mühəndisliyi” məsələsində primitiv anlayışlarımız hələ yoxdur.

- Azərbaycanda skautinq sisteminin yaxşı inkişaf etməməsinin səbəbləri nələrdir?
- Skautinqin nə olduğu, normaları və faydaları barədə məlumatın az olması ilə bağlıdır. Skautinq oyunçu inkişafının növbəti mərhələsini müəyyənləşdirən elmdir. Klublarımız buna hazır deyil. Söhbət təkcə mənim ayrıldığım komandadan getmir.

- Bu sahədə ixtisaslaşmış kadrsınız. Yeni İnkişaf Strategiyasında skautinq üzrə planlar var. AFFA-ya bu istiqamətdə hansısa təklifləriniz olubmu?
- AFFA-ya bu barədə sonuncu təklifimi 2024-cü ilin martında etmişəm. Belçikalıların yazdığı proqrama tövsiyyələr ilə bağlı, baş katibin müavini Kamran Vəliyev dəvət etmişdi, ona futbol təmayüllü litsey ideyasında geniş layihə verdim. Səs-səmir çıxmadı. Həmin layihəni möhürlü və imzalı şəkildə e-poçtla da göndərmişdim. Sonra ilin axırında gördüm ki, layihənin adını və təqdimat formasını dəyişərək belçikalıların proqramına daxil edib təqdim edirlər. Bu keçən müddətdə heç olmasa, çağırıb fikrimi almadılar ki, siz bu ideyanın Ukraynada, Türkiyədə həyata keçirilməsində iştirak etmisiniz, bəlkə, hansısa detallarda təcrübəçi kimi köməyiniz dəyər. O vaxtdan təklif verməyi dayandırmışam.

Xəbər xətti