Uesli Fofana agentlərinin maddi səbəblərə görə onu futbolçu karyerasını başa vurmamaq üçün razı saldıqlarını açıqlayıb.

Sportal.az xəbər verir ki, “Çelsi”nin müdafiəçisi "ZackNaniTV"yə müsahibəsində bunları qeyd edib:

“Çarpaz bağ və menisk zədələrindən sağaldıqdan sonra Mareskanın rəhbərliyi altında iki dəfə bud nahiyəmdən zədə aldım. Həmin vaxt futbolu tərk etmək istəyirdim. Həqiqətən, bunu çox istəyirdim. Artıq özümü xoşbəxt hiss etmədiyim bir həddə çatmışdım.

Məsələ yalnız zədələrdə və ya oynamamağımda deyildi. Sadəcə, tamamilə başqa insana çevrilmişdim. Bütün bunlar mənə çox ağır təsir etmiş, böyük ağrılar yaşatmışdı. Əslində, mən sınmışdım. Zədələrin daim məni izləyəcəyinə inanırdım. Düşünürdüm ki, hər şey bitib, görünür, futbol mənim üçün deyil.

Məsələn, Abu Diabini götürək. Düşündüm ki, deməli, mən öz nəslimin Diabisiyəm. Axı kimsə onun taleyini yaşamalıdır... Bu, taledir, başa düşürsünüz? Bununla barışmağa qərar verdim. Çox ağrılı idi, özümü mənəvi cəhətdən tükənmiş hiss edirdim. Axı futbol mənim həyatım idi, arzumu gerçəkləşdirirdim.

Agentlərimlə görüşüb onlara futbolçu karyeramı bitirmək istədiyimi dedim. Onlar isə müqaviləmdən və digər məsələlərdən danışmağa başladılar.

Dedilər ki, hər şey sadədir: müqavilənin bitməsinə hələ uzun illər var və çox pul qazana bilərsən. Futbolu tərk etmək qərarına gəlsən belə, müalicə aldığın müddətdə hər gün məşq bazasına gələ, gülümsəyə və meydanın kənarında otura bilərsən. Əvəzində müqavilən qüvvədə qalacaq. Heç olmasa, gələcəyin naminə sona qədər davam etməlisən. Bilirsiniz, bu fikirdə də müəyyən məntiq var”.