"Suma ilə hər gün danışıram, hələlik "Zirə"yə qayıtmaq ehtimalının olduğunu düşünmürəm" - MÜSAHİBƏ

13:47 - 18 Noyabr 2025

"Zirə"nin təcrübəli futbolçusu Stefan Akka Sportal.az saytına müsahibə verib.

- “Zirə” Misli Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”la heç-heçə oynadı. Həmin görüşdə qalib gələ bilməməyinizi necə qiymətləndirirsiniz? Sizcə, bir xal yaxşı idi?

Təbii ki, bir xal kifayət deyil. Amma istənilən halda, xal qazanmağımız yaxşıdır. Biz bu görüşdə qələbə qazanmaq istəyirdik. Lakin “Turan Tovuz” çox yaxşı müdafiə olunan komandadır. Üstəlik, meydanda 10 nəfərlə qalıblarsa, daha da kompakt müdafiə olunurlar. 

- Matçın demək olar ki, 30 dəqiqəsini rəqib 10 nəfərlə oynadı. Amma qol vurmağınız alınmadı. “Turan Tovuz”un müdafiəsini yarmaq bu qədər çətin idi?

⁠Bəli, “Turan Tovuz” müdafiəsində boş zona tapmaq çətin idi. Onlar çox kompakt idilər. Üstəlik, əks-hücumlar etməyə çalışırdılar.

- “Zirə” hazırda turnir cədvəlində 20 xalla 5-ci pillədədir. Amma lider "Qarabağ"dan cəmi 3 xal geridəsiniz. Hazırkı vəziyyətdən razısınız?

Turnir cədvəlində daha da yaxşı mövqedə olmaq istəyərdik. Lakin hələ də qarşıda oynayacağımız çox matç var. Mövsümü daha yüksək yerlərdə başa vurmaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün gücümüz var.

- Futbol camiəsində olanların əksəriyyət deyir ki, bu mövsüm daha çətindir. Bu mövsüm əvvəlki mövsümlərdən nə ilə fərqlənir?

Bəlkə də daha çətindir. Çünki Premyer Liqada daha çox komanda mübarizə aparır, komandalarda daha çox əcnəbilər oynayır. Hər bir klubda da yaxşı oyunçular var və liqadakı istənilən kollektiv hər xal uğrunda sona qədər mübarizə aparır.

- “Zirə” bu mövsüm daha güclüdür? Mövsümün sonunda avrokuboklara vəsiqəni əldə edə biləcəksiz?

Düşünürəm ki, keyfiyyətli oyunçulardan ibarət yaxşı komandaya sahibik. Yeni mövsüm avrokuboklarda oynamaq hüququ əldə etmək üçün bu mövsümün gedişində hər bir matçda uğur qazanmaq istəyirik. 

- Milli komandaların oyunlarına görə çempionata fasilə verilmişdi. Bu fasilə sizin üçün necə alındı?

⁠Yaxşı idi. Çünki bəzi detallar var ki, onlar üzərində işlədik. İndi də, hazırlıqlarımız davam edir. Daha yaxşı olmaq üçün çalışdıq. 

- Bilirəm ki, Salifu Suma “Zirə”də oynayarkən onunla münasibətiniz yaxşı idi, dəstək olurdunuz ona. Onunla indi necə, söhbət edirsiz, “Malmö”dəki vəziyyəti hansı yerdədir? Sumanın "Zirə"yə geri qayıtmaq ehtimalı var?

⁠Əlbəttə, demək olar ki, hər gün Salifu ilə danışıram. O, yeni klubunda özünü yaxşı hiss edir. Hələlik onun “Zirə”yə qayıtmaq ehtimalının olduğunu düşünmürəm. Bəlkə də gələcəkdə bu cür ola bilər. 

Mirbağırağa
 

Xəbər xətti