Azər Bağırov: "Qarabağ" bizdən qat-qat üstün idi"

18:34 - 20 Mart 2026

"Kəpəz" Misli Premyer Liqasının 25-ci turunda Yevlax şəhər stadionunda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Danışmaq çətindir. Azərbaycan çempionuna qarşı mübarizə aparırdıq. Çətin olacağını bilirdik. Bu gün daha çox qaçdıq, əziyyət çəkdik və istədiyimiz qələbəni qazandıq. Əlbəttə ki, "Qarabağ" dominant idi, daha çox topa yiyələnmişdi. Uşaqların hər birinə təşəkkür edirəm ki, bu mübarizədən qalib kimi çıxdıq.

- Yusif İmanovu oyunun qəhrəmanı hesab etmək olar?

- Heç kimi seçmək istəmirəm. Qapıçı həmişə komandanın yarısıdır. Amma bu gün hər futbolçu qələbənin həzzini dadmaq istəyirdi. Hamısına "5" düşür.

- Bu mövsüm "Qarabağ"a ikinci dəfə qalib gəldiz. Onlar üçün keçilməz sədd olduğunuzu demək olar?

- Mən elə deməzdim. Bəzi situasiyalarda bəxtimiz gətirdi. Dirəkdən qayıdan top oldu. "Qarabağ" bizdən qat-qat üstün idi. Qismətdə bu gün qələbə qazanmağımız var idi.

- Demək olar ki, "Kəpəz" Premyer Liqada qalmağı təmin etdi?

- Hələ ki deməzdim. Sona qədər mübarizə aparacağıq. Qarşıda çox oyun var. Milli fasilədən sonra daha çətin olacaq.

- Rəhbərliklə yeni mövsümün planları ilə bağlı söhbətiniz olub?

- Bu yaxınlarda detallı danışacağıq. İndidən nələrisə etməliyik ki, sabahımız daha yaxşı olsun. Bəzi məsələləri danışmışıq.

- Mövsümün sonunda "Neftçi" ilə oyunun Gəncədə keçiriləcəyi ilə bağlı xəbərlər var. Bu, nə dərəcədə realdır?

- Mütəmadi olaraq stadiona baxırıq. Mənim səlahiyyətimdə olan bir şey deyil. Hava şəraitinin meydançanın hazır olmasına təsiri var. Onlar öz işlərini bilirlər. Düşünürəm ki, meydança mayın sonuna kimi hazır olar. Ümid edirəm ki, azarkeşlərimizin qarşısında oynayıb onları sevindirərik.

Elçin Əlixan

Xəbər xətti