“Bakı Kuboku” beynəlxalq turnirinə start verildi

19:41 - 19 Mart 2026

“Neftçi” PFK və Moskva “Dinamo”sunun birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəsi, unudulmaz “9 nömrə” Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş “Bakı Kuboku” beynəlxalq turnirinə start verilib.

Sportal.az xəbər verir ki, 2015-ci ilədək təvəllüdlü futbolçular arasında “Palms Sports” Futbol Mərkəzində keçirilən turnirin ilk günündə 8 oyun baş tutub.

“B” qrupunda yer alan “Neftçi” əvvəlcə Voronej “Dinamo”su ilə qarşılaşıb. Azərbaycan təmsilçisi Salman Səlimovun vurduğu qolla hesabı açsa da, sonda məğlub olub – 1:6. “Ağ-qaralar” günün ikinci matçında “Qarabağ”a 1:4 hesabı ilə uduzub. “Neftçi”nin heyətində yenə Salman Səlimov fərqlənib.

“B” qrupunda digər oyunlar belə nəticələnib:
“Qarabağ” – “Göztepe” 5:5
“Göztepe” – “Dinamo” (Voronej) 0:6

“A” qrupunun ilk oyunlarında Moskva “Dinamo”su “Kayrat”a 1:0, “Beşiktaş” isə “Ulduz”a 3:1 hesabı ilə qalib gəlib. İkinci matçlarda “Kayrat” “Ulduz” üzərində 2:1 hesablı qələbə qazanıb, “Beşiktaş”la “Dinamo” isə xalları yarı bölüblər – 1:1.

Bununla da “A” qrupunda 2 oyundan 4 xal toplayan “Beşiktaş” və “Dinamo” (Moskva) 1-2-ci yerləri bölüşürlər. “Kayrat” 3 xalla 3-cü, xalsız qalan “Ulduz” isə sonuncudur.

“B” qrupunda maksimum nəticə göstərən “Dinamo” (Voronej) 6 xalla liderdir. “Qarabağ” 4 xalla 2-ci, “Göztepe” 1 xalla 3-cü, “Neftçi” isə 0 xalla 4-cüdür.

"Neftçi" sabah qrupdakı son matçını “Göztepe”yə qarşı keçirəcək. Bundan başqa, “Dinamo” (Voronej) “Qarabağ”la, “Dinamo” (Moskva) “Ulduz”la, “Kayrat” isə “Beşiktaş”la yarışacaq.

Daha sonra “A” qrupunun qalibi “B” qrupunun 2-cisi ilə, “B” qrupunun qalibi isə “A” qrupunun 2-cisi ilə qarşılaşacaq. Qruplarda 3-cü və 4-cü yeri tutanlar da eyni qaydada mübarizə aparacaqlar.

Turnirin sonuncu günü – martın 21-də 7-ci, 5-ci, 3-cü yerlər uğrunda oyunlar və final matçı keçiriləcək. Həlledici görüşdən sonra mükafatlandırma mərasimi təşkil olunacaq.

Qeyd edək ki, “Bakı Kuboku” beynəlxalq turniri “Neftçi TV” vasitəsilə canlı yayımlanır.

Xəbər xətti