Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

00:34 - 27 Sentyabr 2026

Futbol üzrə Azərbaycanın üçqat çempionu “Kəpəz” PFK son 5 mövsümdə ən uğurlu starta məhz cari çempionatda nail olub.

Sportal.az xəbər verir ki, “sarı-göylər” Premyer Liqaya qayıtdıqdan sonra, yəni 2022/23 mövsümündən bəri ən yüksək göstəricilərə imza atıblar.

Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv yarışda 2 qələbə və 1 heç-heçə sayəsində 7 xal toplayıb və 7-ci pillədə qərarlaşıb. Son 5 çempionatın ilk 6 turunda Gəncə təmsilçisi maksimum 4 xal toplamağı bacarmışdı. Bu müddət ərzində bir qayda olaraq autsayderlər arasında yer alan komanda hətta 10 klubun iştirak etdiyi yarışda 9-cu pillədən yuxarı qalxa bilməyib.

Həmçinin “Kəpəz”in müdafiə xətti bu mövsüm etibarlı təsir bağışlayır. “Sarı-göylər” hazırda davam edən çempionatın ilk 5 görüşündə cəmi 7 qol buraxıblar. Halbuki əvvəlki 4 çempionatın startında adətən böyük hesablı məğlubiyyətlərə düçar olan komanda 17, 19 dəfə topu qapısından çıxarmalı olub. Təbii ki, Azər Məmmədovun yetirmələrinin əvvəlki illərlə müqayisədə belə uğurlu çıxışının əsas səbəblərindən biri doğma meydança amili və Gəncə Şəhər Stadionunun tribunalarını dolduran sadiq azarkeş ordusudur.

Xəbər xətti