"Millidən mənimlə maraqlanan yoxdur, diqqətsiz qalmaq insanı üzür" - Avropada oynayan azərbaycanlı

17:34 - 26 Sentyabr 2026

Albaniyanın “Eqnatiya” klubunun futbolçusu Zamiq Əliyev Sportal.az saytına müsahibə verib.

- Son turda "Partizani" ilə görüşdə qələbə qazana bildiniz. Hazırda komanda 2-ci pillədədir. Milli fasiləyə qədər olan komandanın performansını necə dəyərləndirirsən?

- Performansımız yaxşıdır. Mövsümə avrokuboklara görə erkən başladıq və hər gün performans olaraq daha da yaxşıya doğru gedirik.

- Bu mövsüm Albaniya çempionatını ötən mövsümkündən nə ilə fərqlənir? Liqa daha da güclənib?

- Liqanın səviyyəsi hər il bir az daha yaxşı olur. Bu il fərqli olan bizim hegemonluğumuz son qoymaq istəyən komandaların sayının daha da çoxalmasıdır. Çünki son illərin çempionu olan komandanı dayandırmaq üçün bizə qarşı əlavə motivasiya və aqressiya ilə oynayırlar. Bu da bu mövsümün bizim üçün daha çətin və ağır keçəcəyinin göstəricisidir.

- Həm də avrokuboklarda, Konfrans Liqasında mübarizə aparacaqsız. Rəqibləriniz "Midtülland", "Orhus", "Universitatya Krayova", "Linkoln", "Kauno Jalqris", "Braqa" klublarıdır. Şanslarınızı necə dəyərləndirirsən?

- Şansımızın nə dərəcədə çox və ya az olmasını dəyərləndirmək çətindir. Çünki burada zəif rəqib yoxdur. Hər oyun çətindir. Biz də heç kim üçün asan rəqib deyilik. Ona görə də indidən nəsə demək çətindir. Əlimizdən gələnin ən yaxşısını edib, maksimum çox xal toplayaraq növbəti mərhələyə çıxmaq istəyirik. Ümidvaram ki, bu da bizdə alınacaq.

- Bir ara ölkədən çıxa bilmədin və komandanın düşərgəsinə gec qoşuldun. İddialara görə klub buna görə sizi cəzalandırmışdı. Bunlar doğrudur, yoxsa klub sizi anlayışla qarşıladı? Ümumiyyətlə, bunun oynamağına təsiri oldu?

- Bu mövsüm mənim üçün yaxşı başlamadı. Təlim-məşq toplanışını buraxdım və yalnız bir ay sonra komandaya qoşuldum. Mövsümöncəsi hazırlığın futbolda nə qədər vacib olduğunu hər kəs bilir. Təbii ki, bunun da öz təsiri oldu. Çünki komanda yoldaşlarım məndən daha hazırlıqlı idilər. Amma öz üzərimdə çalışaraq, əlavə məşqlər edərək bu çatışmazlığı 80-90% aradan qaldırmışam. Üstəlik, bizim komandada rəqabət səviyyəsi çox yüksəkdir. Son illərdə əldə olunan nəticələr və qazanılan çempionluqlar da bunun göstəricisidir.

- ⁠Azərbaycan milli komandasına dəvət edilməməyini ehtimal edirdin? Yoxsa, düşünürdün ki, milliyə dəvət olunacaqsan?

- Düzünü desəm, bəli, bunu ehtimal edirdim. Bu dəfə çağırılmayacağımı bilirdim. Çünki mənimlə maraqlanan yox idi və belə olan halda çağırılmayacağım mənim tərəfimdən gözlənilən idi.

- Ümumiyyətlə, Azərbaycan millisinin baş məşqçisi və ya köməkçiləri sizinlə danışmır?

- Bir az əvvəl dediyim kimi, mənimlə maraqlanan yoxdur və heç kimlə əlaqə saxlamamışam. Sonuncu dəfə Fernando Santuşun vaxtında mənimlə maraqlanıb əlaqə saxlamışdılar. Son illərin çempion komandasında çıxış edirəm. Bu il əlavə olaraq, avrokuboklarda liqa mərhələsində iştirak etmək hüququ qazandıq və mən də komandaya gec qoşulmağıma baxmayaraq, bu oyunlarda meydana çıxmışam. Belə olan halda diqqətdən kənarda qalmaq, istər-istəməz, insanı üzür. Amma verilən hər bir qərara hörmətlə yanaşıram. Öz üzərimdə çalışaraq performansımı daha da yüksəldəcəyəm və yenidən milli komandaya qayıdacağıma ümid edirəm. Qarşıdakı oyunlarda millimizə uğurlar arzulayıram.

- Maraqlıdır, klubunda milliyə dəvət olunmamağının səbəbini səndən soruşurlar? Çünki legionerlərimiz çox deyil. Növbəti toplanışlara dəvət olunacağına inanırsan?

- Bəli, məşqçinizlə bu haqda danışığımız oldu. Mənə həvəsdən düşməməyimi, daha çox çalışaraq milli komandaya dəvət alacağımı dedi və mənə inandığını söylədi.

- Qışda və ya yayda komandanı dəyişmək fikrin var? Hər dəfə təkliflərin olsa da, “Eqnatiya”da qalmağa üstünlük verirsən...

- Bu barədə heç nə deyə bilmərəm. Transfer haqqında heç düşünmürəm, hazırda qarşıdakı oyunlara köklənmişəm. Özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm və bunun üçün çalışıram. Transfer pəncərəsi açıldıqda menecerim transferlə bağlı məlumat verəcək.

Mirbağırağa
 

Xəbər xətti