"Fənərbaxça"dan FIFA-nın transfer qadağası ilə bağlı açıqlama

21:23 - 26 Sentyabr 2026

"Fənərbaxça" FIFA tərəfindən tətbiq edilən üç transfer pəncərəsi müddətində transfer qadağası ilə bağlı mətbuatda yayılan xəbərlərə rəsmi saytı vasitəsilə cavab verib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi qadağanın müvəqqəti xarakter daşıdığını qeyd edib:

"Mətbuatda klubumuzla bağlı FIFA-nın transfer qadağası barədə yaranan xəbərlərə cavab olaraq azarkeşlərimizi və ictimaiyyəti məlumatlandırmaq istəyirik.

Klubumuza tətbiq edilən üç dönəmlik transfer qadağası müvəqqətidir və 2024/25 mövsümündə komandamıza qoşulan Yussef En-Nesirinin transfer haqqı ilə bağlıdır.

​2026-cı il aprelin 30-dək ödənilməli olan transfer ödənişinin vaxtında ödənilməməsi səbəbindən müvafiq klub FIFA-ya müraciət edib və rəhbərliyimiz gecikdirilmiş ödənişi edib. Müvafiq klubun FIFA-ya təqdim etdiyi iddiada həmçinin növbəti ödənişin edilməsi tələbi də var idi və biz FIFA-nın ödənişlə bağlı qərarını gözləyirik.

​Klubumuz FIFA-nın qərarı ilə təklif olunan ödənişi ilk iş günündə (bazar ertəsi) həyata keçirəcək və bürokratik prosedurlar başa çatdıqdan sonra transfer qadağası aradan qaldırılacaq.

​Bundan əlavə, bütün maliyyə hesabatları və keçmiş dövrün öhdəlikləri sabah, sentyabrın 27-də keçiriləcək növbəti ümumi yığıncağımızda Konqresimizin üzvlərinə və ictimaiyyətə şəffaf şəkildə təqdim olunacaq".

​Hazırda En-Nesiri Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda çıxış edir. Mərakeşli hücumçu 2024-cü ilin yayında "Sevilya"dan 19,5 milyon avroya "Fənərbaxça"ya transfer olunmuşdu. O, Türkiyə klubunun heyətində 79 matç keçirib, 38 qol vurub və 8 məhsuldar ötürmə edib.

Xəbər xətti