Azərbaycan klubunda “üsyan”: “Bezmişik, borcu bağlamasalar, oyuna çıxmayacağıq!”

17:32 - 4 May 2026

Sabah I Liqada 25-ci tura start veriləcək.

İlk oyun günündə "Şahdağ"la "Mingəçevir" üz-üzə gəlməlidir.

Sportal.az xəbər verir ki, Şamaxı Olimpiya Kompleksində keçirilməsi nəzərdə tutulan qarşılaşma baş tutmaya bilər.

Bu barədə "Sportinfo.az" saytına "Mingəçevir"in futbolçuları məlumat verib.

Redaksiya ilə əlaqə saxlayan oyunçular artıq 3 gündür məşqləri boykot etdiklərini bildiriblər:

"Rəhbərlik bizi aldadır. Üçüncü aydır ki, əməkhaqqı almırıq.

Ötən aylarda da bu problem var idi: bəzimiz maaş alırdıq, bəzimiz yox. Belə komanda saxlamırlar.

Maaş verilirsə, hamımıza verilməlidir. Hər birimiz ailə-uşaq sahibiyik.

Niyə biz pul almalıyıq, komanda yoldaşımız yox? Əksəriyyətimiz "Mingəçevir"ə oradan-buradan gəlmişik, evdəkilər bizdən pul gözləyir.

Gah yeddi-səkkiz nəfərə pul verirlər, gah beş-on nəfərə. Hər ay vəd verirlər, deyirlər ki, gələn ay vəziyyət düzələcək.

İndiyə qədər məşqçilərə görə səbrimizi basmışıq, dözmüşük. Ramiz Məmmədova, Elnar Kərimova, Məqsəd Yaqubəliyevə görə səsimizi çıxarmamışıq, gözləmişik ki, işlər qaydasına düşər.

Bu gün onların da əlindən heç nə gəlmir. Rəhbərlik telefon zənglərinə, mesajlara cavab vermir.

Son oyunların mükafatları da yığılıb qalıb. Bezmişik artıq.

Sözü bir yerə qoyub, məşqlərə çıxmırıq. Şamaxıya getmək fikrimiz də yoxdur.

Üçüncü yerdə gedən, Premyer Liqaya çıxmaq şansı olan komandaya belə pis münasibət göstərməzlər.

Rəhbərlər maraqlanmır ki, mənim futbolçum, mənim məşqçim nə yeyir, nə içir. Elə isə biz niyə onları fikirləşək?

Çıxsınlar üzə, gətirib maaş borcunu bağlasınlar. Bu dəfə elə olmayacaq ki, kimsə alsın, kimsə qalsın.

Bircə nəfərimizin pulu qalsa, heç birimiz meydançaya ayaq basan deyilik".

Xəbər xətti