FIFA yeni kommersiya layihəsinin həyata keçirilməsini sürətləndirir və artıq oktyabr ayınadək özəl investorlardan 4,2 milyard dollar cəlb etməyi gözləyir.
Sportal.az xəbər verir ki, söhbət dəyəri 20 milyard dollar olaraq qiymətləndirilən "FIFA Forward Enterprise" (FFE) törəmə şirkətinin yaradılmasından gedir. Təşkilat sonrakı inkişaf üçün zəruri maliyyələşməni əldə edərək yeni strukturun səhmlərinin 20 faizini satmaq niyyətindədir.
Vəsaitin yaxın 100 gün ərzində cəlb edilməsinin planlaşdırıldığı bildirilir. Eyni zamanda, FIFA prezidenti Canni İnfantino əvvəllər milli assosiasiyalara bəyan etmişdi ki, layihə ilə bağlı məsləhətləşmələr hələ yeni başlayıb.
Həmçinin FIFA özünün 211 assosiasiyasına yeni təşəbbüsü dəstəkləməyi təklif edib. Arqumentlərdən biri əməkdaşların əməkhaqlarının artırılmasının maliyyələşdirilməsi və kadr siyasətinin inkişafı üçün 86 milyon dollardan istifadə etmək imkanı olub.
"Sky Sports News" agentliyinin məlumatına görə, assosiasiyalar sentyabrın 19-dək öz mövqelərini müəyyənləşdirməlidirlər. Əks təqdirdə, onlar növbəti 12 il üçün nəzərdə tutulmuş maliyyələşməyə çıxışı itirə bilərlər.
Gözlənilir ki, "FIFA Forward Enterprise" təkcə kommersiya fəaliyyətinə deyil, həm də beynəlxalq turnirlərin inkişafına cavabdeh olacaq. Layihənin təqdimatında, həmçinin yarışların mümkün genişləndirilməsi qeyd olunur.
saytlarin hazirlanmasi
