Vadim Abdullayev: "Səbail"lə matçda meydana yalnız qələbə üçün çıxacağıq"

15:15 - 10 Oktyabr 2017

"Oyun çətin keçdi. Komanda yoldaşlarımda əzmkarlıq var idi. Əzmkarlığın, mübarizənin hesabına layiqli qələbə qazandıq. Oyundan əvvəl söz verdik ki, əlimizdən gələni edib, qələbə qazanaq".

 

Bu fikirləri Sportal.az-a açıqlamasında "Şüvəlan"ın futbolçusu Vadim Abdullayev səsləndirib.

 

Paytaxt təmsilçisi I Dİvizionun 2-ci turu çərçivəsində doğma meydanda "Ağsu"nu 3:0 hesabı ilə məğlub edib.

 

Matçda ilkqolun müəllifi olan gənc yarımmüdafiəçi vurduğu qol haqda danışıb: "Qolu kimin vurması o qədər də vacib deyil. Əsas komandamızın qələbəsidir. Zərbə vuranda niyyətim o idi ki, top qapıya getsin. Zərbə vuran hər futbolçu istəyir ki, qol olsun. Mən də ofikirlə top yaxınlaşdım. Sevinirəm ki, ayağıma yaxşı oturdu və baxımlı qol alındı".

 

Abdullayev qırmızı vərəqə aldığı epizodla bağlı da fikirlərini bildirib. O, həmin epizodda topa oynadığını deyib: "Ola bilsin ki, kənardan çox kobud oynadığın görünüb. Amma mənə elə gəlir ki, orada topa oynamışdım. Mənim fikrimcə qırmızı vərəqə yox idi. Amma hakimin qərarına da hörmətlə yanaşıram".

 

İstedadlı futbolçu Azərbaycan kubokunun 1/8 final mərhələsində "Səbail"ə qarşı keçirəcəkləri oyun haqda da danışıb: "İnanıram ki, "Səbail"lə oyunda yaxşı mübarizə aparacağıq. Oyunumuzla həm özümüzə hörmət qazanmaq, həm də nəyə qadir olduğumuzu sübut etmək istəyirik. Heç kəsdən zəif rəqib deyilik.Meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq. Başqa heç bir nəticə haqda düşünmürük".

Xəbər xətti