Azərbaycanlı futbolçular ölkə xaricində davamlı/uğurlu karyera sahibi ola bilmir. Son illərdə tək-tük də olsa xarici ölkələrə yollananlar var. Ancaq yarım mövsüm, bir mövsüm qaldıqdan sonra müxtəlif səbəblərlə/bəhanələrlə çoxu geri qayıdır. Azərbaycan çempionatının elə “cazibəsi” var ki, hətta digər ölkələrdə yetişib milliləşdirilən Emin Mahmudov, Ramil Şeydayev kimi oyunçular da oxşar aqibəti yaşadı. Bir vaxtlar “Den Boş”un gələcəyi hesab edilən Ziya Əzizov indi heç “Keşlə”yə də lazım deyil...
Nədi səbəb? Azərbaycanlı futbolçular niyə uğurlu legioner ola bilmir?
Son illərdə bir neçə gənc oyunçunu xarici klublara aparması ilə diqqət çəkən menecer Vaqif Heydərli mental dəyişikliyin olmasını vacib sayır:
“Ümumiləşdirsək, bu, xarakter problemidi. Futbolçu olsun, ya yox, istənilən şəxs ölkə xaricində yaşayanda bir müddət çətinlikləri olur. Bizim oyunçuların 90 faizi fikirləşir ki, futbolçu karyerası qısadı və biz pul qazanmalıyıq. Səbr etmək istəmirlər. Avropada uğurlu karyera qurmaq üçün azərbaycanlı futbolçu 2-3, hətta 4 il az maaşa qane olub, peşəkarlaşmağı, inkişafı düşünməlidi. Braziliya, Argentina kimi ölkələrdən gənc oyunçular hazır gəlirlər, Azərbaycan kimi həm çempionatı aşağı olan, həm uşaq futbolu inkişaf etməyən ölkələrdən gedən futbolçular üçün isə daha uzun müddət lazımdı. Bizim oyunçuların əksəriyyəti xarakter göstərib qala bilmirlər. Bu, problemin ümumi təsviridi. Hər futbolçuda fərqli səbəb ola bilər. Biri dil problemi yaşayır, biri ailəsi üçün darıxır, birinin hansısa vərdişləri var, orda edə bilmir, digəri məşq proseslərinin gərginliyinə, həyat şəraitinə uyğunlaşmır və s. Kənardan yaxın adam, agenti, valideyni – kim nə qədər yardım göstərsə belə, orda yaşayan futbolçunun özüdü. Özündə olmayandan sonra qıraqdan təsirlə əmələ gəlməsi çox çətindi.
Problemin həlli üçün əsasən mental dəyişikliyə ehtiyac var. Bunu 16-17 yaşda etməyə çalışırıq. Ancaq uşaq vaxtından başlamaq, həmin yaşlarda hazır olmaq lazımdı. Bizdə uşaqları çox nəzarətdə böyüdürlər: tək qalmasın, başqa yerdə qalmasın, anası mütləq gecə 2 dəfə üstünü örtməlidi, atası başını sığallamalıdı və s. Şüuraltı olaraq onlar asılı vəziyyətdə böyüyür. Bu, hamımızın günahıdı. İnsan uşaq vaxtından müstəqil yaşasa, belə problemlər yaşanmaz.
Çox geniş mövzudu, mən hələ futbol hissəsindən danışmadım. Ona yaxın durmuram ki, bacarıq hansı səviyyədə olmalıdı, gediriksə, yerlilərdən nə qədər üstün olmalıyıq və s. İlk olaraq düşüncəni dəyişməliyik”.
Həm futbolçu kimi legioner həyatı yaşamış, həm ölkə xaricində məşqçilik etmiş Şahin Diniyev əsas səbəblərin futbolçularımızın səviyyəcə aşağı olması, Azərbaycanda kifayət qədər yaxşı qazanması və xarakterlərindəki zəiflik olduğunu düşünür:
“Futbolumuz Avropada və dünyada aşağı səviyyədə sayılır. İlk növbədə bizə tələbat azdı. Digər tərəfdən, futbolçularımız Azərbaycanda qazandıqları pulu orda ala bilmirlər. Maliyyə cəhətdən problemləri olmadıqları üçün çıxmağı sərfəli saymırlar. Üçüncüsü, ora düşdükdən sonra yerli şəraitə uyğunlaşmaq problem olur. Böyüdüyün, öyrəşdiyin yerdən başqa bir ölkəyə düşürsən, mentalitet fərqlidi, dostların, tanışların, qohumların, ailən orda deyil. Belədə özünü, davranışlarını buna uyğun dəyişməlisən. Ancaq bunu etmək də asan olmur. Hər futbolçunun dönüşündə səbəb fərqlidi. Birində xarakterin güclü olmaması, birində formadan düşməsi, birində digər oyunçuların onu üstələməsi və s. Xarakter zəif olduğu üçün bir dəfə ehtiyatda qalır, artıq həvəsdən düşür, başlayır Azərbaycana qayıtmağı düşünməyə. Çünki möhkəm deyil. Müxtəlif məsələlər var ki, yekunda bu nəticəni yaradır.
Problemi necə həll etmək olar? Deyək ki, burdakı maliyyəni azaltsaq, futbolçular kənara qaçacaq – bu, düzgün fikir deyil. Bizim futbolçulara tələbat aşağıdı. İlk olaraq səviyyədə uduzuruq. Daha yaxşı olar ki, oyunçularımız nisbətən gənc yaşlarda ölkə xaricinə çıxsınlar. Bu zaman onların uyğunlaşması da asan olar, maliyyəni yox, məhz karyeranı, inkişafı düşünərlər. Azərbaycanlılarda ailəyə, evə bağlılıq çoxdu. Bu xarakteri dəyişmək lazımdı, bir qədər irəlini görməliyik. Bu gün yox, sabah üçün düşünmək, stereotipləri qırmaq lazımdı”.
Uzun illər klub idarəçiliyində çalışmış malik, hazırda menecerlik edən Səbuhi Səfiyarlı həm mentalitet, həm futbol baxımından ciddi problemlərin olduğunu və bunu düzəltmək üçün aşağı yaşlardan başlamağın vacibliyini bildirdi:
“Bu mövzuda bir gün səhərdən axşamacan danışa bilərəm. Ona görə ki, həddən artıq çox səbəb var. Futbolçunun səviyyəsindən tutmuş Azərbaycanın Avropa futbolundakı imicinə, futbolçularımızın bir neçə dəfə gedib-qayıtması ilə inamsızlıq yaratmasına qədər idman səbəbləri mövcuddu. Bir də bunun mentalitet tərəflərini sadalamaq olar. Biz o qədər ailəyə, evə öyrəşmişik ki... Adi qohum-əqrəbada oğlan uşaqlarının necə böyüdülməsinə baxın – necə əzizlənirlər, valideynlər istəmir ki, əziyyət çəksinlər. Öz təcrübəmdən belə fikrə gəlmişəm ki, bizdə hələ də xaricə yollanıb futbol oynamaq insanların təfəkküründə Rusiyaya işləmək üçün getmək çərçivəsindədi. Bir futbolçunun valideyni mənə deyəndən sonra ki, oğlumu didərgin saldız, ondan sonra digər səbəblər 2-3-cü dərəcəlidi. Oxuduğum, gördüyüm yox, şəxsi təcrübələrim olduğu üçün belə konkret qənaətə gəlmişəm. Futbolçu olmasın, azərbaycanlıların əksəriyyətini hər şeylə təmin olunmuş şəkildə, məsələn, Lissabona göndərsən, əminəm ki, onların 90 faizi orda yaşaya bilməyəcək. Tək darıxırlar, dili bilmədikləri üçün münasibət qurmaqda çətinlik çəkirlər, sosial həyata uyğunlaşa bilmirlər.
İdman tərəfi isə budu ki, uşaq futbolunda onlara düzgün idman tərbiyəsi verilmir. Futbolçuların istirahəti, qidalanması, ümumi həyat tərzi adi insanla eyni ola bilməz. Təəssüf ki, bizdə əksəriyyəti eyni həyatı yaşayır. Bu da müəyyən yerdə özünü hiss etdirir. Deyək ki, xaricdə nədənsə imtina etməlidi, bunu bacarmır, darıxanda nə edəcəyini, bu vəziyyətdən necə çıxacağını bilmir, sanki özünü səhrada tək adam kimi hiss edir. Onlar üçün dil öyrənmək çox çətindi. Çünki baza yoxu, qavrama, uyğunlaşma bacarığı aşağıdı. 18-19 yaşdan sonra bunu yaratmaq çox çətindi.
Menecerləri günahlandırırlar ki, futbolçuları ölkə xaricinə çıxarmırlar. Amma dostlarımız son illərdə xeyli oyunçuya imkan yaratdılar, onları yuxularında gördükləri klublara apardılar. Ancaq menecer onun əvəzinə futbol oynamayacaq. Artıq o futbolçu rəqiblərindən üstün olmalıdı. Bəli, Ruslan Qurbanov qeyd edirdi ki, “Hayduk”da mənimlə eyni səviyyədə xorvat futbolçu var idi, ancaq onu oynadırdılar. Çünki legioner bir baş üstün olmalıdı. Bizim özümüzdə də xaricdən gələn üstün olmursa, hamı tənqid edir ki, niyə gətiriblər. Fərid Nəbiyev keçən mövsüm Çexiyada Gənclər Liqasının bombardir oldu, bu mövsüm də yaxşı çıxış edir. Ancaq hələ də şübhə edirlər ki, səviyyəli futbolçu olacaq, ya yox.
Burdan gedən futbolçular xarici klublarda aşağı maliyyə şərtlərinə çıxış edirlər. Əksəriyyəti bu şərtlərlə getmək istəmir. Bu gün Azərbaycanda 6-7 min alan futbolçu Avropada o qədər qazana bilmir. Tutaq ki, burda 50 futbolçudan biridi, orda 5000 nəfərlə rəqabətdə seçilməlidi, şərtlər daha amansızdı. Avropada bir az futbol oynayan kimi pul vermirlər, əziyyətlərdən keçmək lazımdı, özünü təsdiqləməlisən. Futbolçularımız da bunu istəmir, gəlib rahat pul qazanmağı seçirlər. Avropada böyük perspektiv, aşağı maaş var, bizdə isə əksinə. Futbolçular perspektivi yox, pulu seçirlər. Burda uşağın özündən çox valideynin təzyiqi rol oynayır. Deyirlər ki, orda qazandığın burda da var, biz burdayıq, sən getmisən və s.
Biz hələ ki, getmək istəyən, o çətinliklərə dözəcək uşaqları tapmalıyıq. Yavaş-yavaş axtarırıq, göndəririk. Bir neçəsi gedib və pis də davam etmirlər. Ən azı sosial tərəfdən göstərməliyik ki, bizim gənclər Avropada yaşaya bilirlər. Futbolu da yavaş-yavaş öyrənəcəklər. İnsanların mentaliteti dəyişməlidi. Çox uşaq xaricdə oynamaq istədiyini deyir. Amma getmək vaxtı çatanda fikirləşir ki, darıxacam, orda necə yaşayacam və imtina edir. Akademiyalarda uşaqları oeşəkar futbolçu kimi yetişdirməli və ondan sonra digər problemləri həll etməliyik. Futbol təsərrüfatımız Avropadan o qədər geri qalır ki, problem 1-2 deyil. Həlli mərhələ-mərhələ olmalıdı. Sayca o qədər güclü futbolçu yetişmir ki, həm öz klublarımızda çıxış etsinlər, həm də xaricdə oynasınlar. Bəlkə də, bu müqayisə düzgün olmaz, Azərbaycanı Xorvatiyaya bənzətmək olar. Onların klubları ən yaxşı halda avrokubokların qrupunda son pilləni tuturlar, amma yığma komanda dünya ikincisi oldu. Xorvatiya da balaca ölkədi, o qədər böyük futbolçu sayı yoxdu. Yaxşı oynayanlar hamısı gedir xaricə, öz klublarının səviyyəsi aşağı olur. Müqayisə etsək, aşağı-yuxarı bizdə də eyni cürdü, amma tərsinə. Klublarımız həmin oyunçulara yaxşı pul ödəməklə özləri üçün saxlayırlar. Nəticədə xaricdə oynayan oyunçumuz olmadığına görə zəif yığmaya malik oluruq”.
Menecer Tural Əsgərov isə başqa fikirdədi. O, əsas səbəbi futbolçularımızın Avropada oynayacaq qədər yüksək səviyyədə olmasında görür:
“Futbolçularımızın legioner həyatı yaşamamasında böyük səbəblər axtarmaq lazım deyil. Sadəcə, onların bacarığı Azərbaycan çempionatında oynamaq üçün kifayət edir. Bunun menatlitetlə bağlı olduğu fikriylə razı deyiləm. Milyon cür azərbaycanlı var. Sadəcə, futbolçularımızn səviyyəsi legioner olmağa imkan vermir. Elə ölkələr var ki, bizim oyunçular orda yerli futbolçu statusu daşıyırlar. Məsələn, İspaniyada futbolçularımız legioner sayılmır. Ancaq səviyyə çatmadığı üçün ora gedib möhkəmlənə bilmirlər. Səviyyə kifayət edən yerdə də maaş qane etmir, Azərbaycanda daha çox qazanmaq imkanı olduğu üçün qayıdıb burda oynayırlar. Bu qədər sadədi. Nələrsə axtarmaq lazım deyil. Tutaq ki, Kamran Ağayevin Portuqaliyada darıxmaq söhbətinə inana bilərəm. Hərçənd ki, bundan da dəqiq məlumatım yoxdu, inanmaq olar. Ancaq məsələn, Şeydayevin, Eminin Rusiyada darıxdığını düşünmürəm. Emin Rusiyada niyə darıxsın? Orda oynaya bilmədi, getdi Portuqaliyaya, orda da oynaya bilmədi, gəldi “Neftçi”yə. Elə bir təklif aldı ki, Avropada oynaya biləcəyi yerdə o qədər qazanmazdı. Bu qədər bəsitdi”.
Futbol mütəxəssisi Tahir Süleymanov bu problemi həll etmək üçün sistematik yanaşmanın vacibliyini, futbolçuların xaricə çıxması üçün ölkə daxilində rəqabətin maksimuma çatdırılmasının gərəkliliyini vurğuladı:
“İllərdi futbolumuzda geniş müzakirə olunan mövzulardan biridi. Fərqli yanaşmalar olur. Milli mentalitetdən tutmuş futbol təsərrüfatında olan durum öz təsirini göstərir. Səbəblər kompleks şəkildə araşdırılmalıdı.
Tarixən evə, ailəyə, ocağa bağlı xalqıq, bələkdən bu ruhda tərbiyə alırıq. Sir deyil, ağsaqqallar üçün 30, 40, hətta 50 yaşına çatmış övlad da belə “uşaq” sayılır. Tək futbolda deyil, azərbaycanlı böyük ölçüdə ölkəni o vaxt tərk edir ki, “çörək tapa” bilmir və ya böyük bir rəqabətlə üzləşir. Qazanc, rahatlıq varsa, əziyyətə qatlanmaq istənilmir. Digər tərəfdən açıq bildirmək lazımdı, nəsil-kök arasında qazancı, ruzisi olanların da uzaqda olması istənilmir. Çünki, belədə “əl çatmır”. “Çörək ağacını” isə heç kim itirmək istəmir, hamını dolandırmaq lazımdı. Üstəgəl, son onilliklərin ümumi təhsil problemləri...
Azərbaycanda istedadlar hər zaman olub, bu gün də var. Elə gecə-gündüz geridönüş təbliğatı gedən Prosineçki Azərbaycana ilk gəlişindən sonra ölkədə bacarıqlı, istedadlı gənclərin, futbolçuların olmasını xüsusi vurğulayırdı. Bu, hələ bölgə futbolunun dağılmış vəziyyətində deyilmiş sözlər idi...
Müxtəlif vaxtlarda AFFA tərəfindən yerli gənc futbolçuların maaşlarının azaldılması ilə bağlı qərar verildi, heç bir effekt vermədi. Bunun əksi olaraq, limitlə bağlı gənclərə əlavə imtiyazlar verildi, bu da yetərli olmadı, futbolçuların inkişafını təmin etmədi. Şeydayev, Mahmudov böyük pullar müqabilində Azərbaycana gəliblər və bunu edən də klublar olmadı.
Məsələyə ayrı-ayrılıqda deyil, sistemli halda baxılmalı, həll edilməlidir. Bunun üçün Azərbaycan futbolu konveyer kimi çalışmalıdır. Səviyyəni, keyfiyyəti təmin etmək şərtilə infrastruktur, uşaq-gənclər futbolu, klublar, yarışlar, yığma/milli, legioner həyatı... Ardıcıl olaraq o qədər keyfiyyətli futbolçu yetişməlidir ki, rəqabət pik nöqtəyə çatsın. Bunun üçün bölgə klubları bərpa edilməli, ümumi futbola, təşkilinə münasibət kökündən dəyişməlidi. Kütləvillik, həvəskar səviyyə ilə peşəkarlıq fərqli anlayışlardır. Təəssüf ki, bu sədd aradan götürülüb. 3-5 istedadlı futbolçunu xaricə göndərmək çıxış yolu deyil. İlk olaraq ölkə futbolunda futbol təsərrüfatı tam işlək mexanizmə çevrilməlidir. Rəqabət o səviyyəyə qalxmalıdır ki, futbolçu bacarığına uyğun məhsul dili ilə desək, keyfiyyətli bolluq yaransın. Onda daxili bazarda da məhsul yetərincə olacaq, ən yaxşıları da ixrac ediləcək və hətta keyfiyyətsiz idxal “məhsul”-legionerlərin də qarşısı alınacaq. Azərbaycan futbolunda bu konveyeri yaratmaq mümkündür. Şərait, imkanlar, xammal yetərincədir. Yetər ki, peşəkar yanaşma ilə kompleks halda işlək mexanizm yaradılsın. Ancaq bu halda futbolçular həqiqi rəqabətdən keçərək, peşəkar futbolun bütün komponentlərini uşaqlıqdan mənimsəyərək, futbol təhsilini alaraq, sirlərini öyrənərək xaricə üz tuta bilərlər və buna məcbur olarlar... Çünki, ardıcıllıq, keyfiyyət təmin ediləndə, istedadların ardı kəsilmir, əksinə, yeniləri üzə çıxır və səviyyə ildən-ilə artır.
Əks halda, ölkədə futbolu 20 il əvvəl olduğu kimi 1-2-illik dayandırmaq lazımdı ki, o vaxt İrana kütləvi axın olduğu kimi, indi də futbolçularımız Dadaşov kimi Vyetnamda, Banqladeşdə, Laosda özlərinə klub tapa bilsinlər...”
Menecer Erkin İbrahimov da mentaliteti başlıca səbəb sayır. O, problemin həlli üçün artıq real addımın atıldığını söylədi:
“Daha çox yerli mentalitetlə bağlıdı. Bir neçə futbolçunu ölkə xaricinə aparmışam, uyğunlaşa bilməyib. Bəzən də əksinə olur. Bu ilin yanvarında Arzuman Rizvanova Çexiyaya getməkdə kömək etdim. Orda pis oynamadı, Ukraynadan təklif gəldi və indi ordadı. Bu adam ümumiyyətlə qayıtmaq istəmir. Yəni, baxır futbolçunun xasiyyətinə. Ən çox mentalitet, dünyagörüşlə bağlıdı. Digər tərəfdən, mentalitet deyiriksə, Emin Mahmudov bura gəlmələliydi, amma gəldi. Hər bir hal individualdı, hamıya şamil etmək olmaz. Ancaq böyük əksəriyyət dözmədiyindən qayıdır.
Burda yaxşı qazandıqları üçün getmirlər? Hamını qova bilmərik ki... O gün “CBC Sport”da verilişdə deyirdilər ki, ödənişlərə limit qoymaq lazımdı. Bu, Çində olur. Yeni qərara görə, yerli futbolçu 1 milyon 300 mindən çox maaş almamalıdı. Kommunizmdə belə qaydalar keçir. Ancaq bizdə olmaz. UEFA-nın qaydaları var, futbol onların əsasında tənzimlənir. Bir neçə il əvvəl belə bir limit tətbiq edilmişdi, ancaq bunu reallaşdırmaq mümkün olmadı. Bəlkə də, belə limit olsa, futbolçuları daha çox getməyə vadar edəcək, ancaq praktikada real deyil.
Əslində, problemin həlli üçün ciddi addım atılıb. Bu il AFFA İcraiyyə Komitəsi qərar qəbul etdi ki, xaricə gedən futbolçulara maliyyə, loqistika cəhətdən kpmək ediləcək. Mən özüm də uzun müddətdi bunun reallaşmasını gözləyirdim. Məsələn, Baltikyanı ölkələrə futbolçu aparıram, orda 500-600 avro alacaq. Necəsə tənzimləmək lazımdı ki, gedəndə burdakı pulu itirməsin. Elə futbolçu var, artıq bu hüquqdan istifadə edib. AFFA-nın son illərdə qəbul etdiyi ən düzgün qərarlardan biridi. Bu yöndə də davam etmək lazımdı”.
Futbolpress.az