Uroş Matiçin "Qarabağ"a transferi bir andaca qardaşı Nemaniya Matiçin Ermənistanda çəkilən fotosunu ölkəmizdə gündəmə çevirdi. Hətta məlum fotodakı futbolçunu Uroşa oxşadanlar da oldu.
Mövzu ilə bağlı məşhur teleşərhçi Gündüz Abbaszadənin öz feysbuk hesabında paylaşdığı "Nemanya Matiçin 6 il əvvəl çəkilmiş şəkilinə zamanında biganə qalmayan oğlanlar olub.
Özü də o dığalar təkcə Matiçlə deyil, Branislav İvanoviçlə də şəkil çəkdirmişdi..." paylaşımı isə diqqətimi daha çox çəkdi.
Düşündüm ki, 6 il əvvəl baş vermiş hadisə haqda daha detallı məlumat əldə etmək şansım var. Vaxt itirmədən Abbaszadə ilə danışmaq qərarına gəldim.
Açıqlama almağı düşünsəm də, söhbət müsahibəyə kimi gedib çıxdı.
- Matiçlə bağlı paylaşımınızdan belə məlum olur ki, hadisə ilə bağlı tam detallı məlumatlısınız. Sizi bu hadisəyə bağlayan nədir?
- O şəkilin tarixçəsi ona görə yadımda qalıb ki, 2014-cü il mən "Neftçi"də çalışırdım və o dönəmdə bizim "Partizan"la oyunumuz var idi. Oyundan əvvəl bizim azarkeş səhifələrindən birinin etdiyi paylaşım serbiyalı, ələlxüsus da "Partizan" azarkeşlərinin etirazına səbəb olmuşdu. Təbii ki, bu bir azarkeş paylaşımı idi. Dərhal paylaşım aradan qaldırıldı. Azarkeşin etdiyi bir iş idi deyə məsələnin üzərində çox dayanmadılar. Başa düşülən idi ki, bu rəsmi mövqe deyildi. Daha sonra bizim Serbiyadakı oyun ərəfəsində "Partizan" azarkeşlərinin təxribat cəhdləri olmuşdu. Biz bu təxribatın qarşısını almışdıq. Bunda ölkəmizin Serbiyada olan səfirliyinin də əməyi olmuşdu. O dönəmdə bir gərginlik yaranmışdı. Ancaq bu azarkeşlər arasında olan məsələ idi. Bununla bağlı Serbiya tərəfinin rəsmi məktubu da olmuşdu. Cavabında məlum oldu ki, bu rəsmi mövqe yox, hansısa azarkeşin paylaşımıdır. Bu məsələ bizim nəzarətimizdə idi. 2014-cü il oktyabr ayında İrəvanda ermənilər seçmə mərhələ oyunları çərçivəsində Serbiyanı qəbul edirdi. Oyunun ertəsi gün internet resurslarında iki şəkil mənim diqqətimi cəlb etdi. O şəkillərdən birində Branislav İvanoviç, digərində Nemaniya Matiç idi. Necəki onlar azarkeş paylaşımına reaksiya vermişdilərsə, eynilə mən də dərhal reaksiya verməli olduğumuzu düşünərək aidiyyatı qrumları məlumatlandırdım. Şifahi olaraq Azərbaycanın Serbiyada olan səfirliyinə və Xarici İşlər Nazirliyinə məlumat verdim. XİN-nin nümayəndəsi bu məsələnin daha çox Serbiya ilə bağlı olduğu üçün Serbiya səfirliyinə müraciət etməli olduğumuzu bildirdi. Mən də dərhal həmin şəkilləri Səfirliyin əməkdaşlarına göndərdim. Bildirdilər ki, məsələyə dərhal reaksiya veriləcək. Çox yaxşı xatırlayıram ki, mən hadisələrin sonrakı inkişafını bir müddət sonra səfirlikdən soruşdum. Dedilər ki, bəli, biz bununla bağlı müraciət etmişik və qarşı tərəf münasibət bildirib. Səhv etmirəmsə, Serbiya Futbol Federasiyası üzrxahlıq məktubu göndərmişdi. Məktubda təxminən belə yazılmışdı: "Bu oyundan sonra baş vermiş hadisədi. Futbolçular stadiondan çıxıb avtobusa getdikləri anda yaxınlaşanlar özlərini "Çelsi" fan klubunun nümayəndələri kimi təqdim ediblər. Məhz "Çelsi" azarkeşləri olduğu üçün futbolçularımız onlara yaxınlaşıblar. Ayaqüstü və tələsik azarkeşlərlə çəkilmiş bir şəkildi. Azarkeşlərin belə bir təxribata əl atacağını futbolçularımız düşünməyiblər. Təbii ki, oyunçular bu haqda diqqətli olmalıydılar. Biz məsələyə həssaslıqla yanaşırıq və Serbiya Azərbaycanın ərazi bütövlüyün tanıyır. Bu məsələ sizin üçün həssas məqamdısa, biz anlayışla qarşılayırıq və başverənlərə görə sizdən üzr istəyirik".
- Səncə, bu məktub Matiç üçün bir bəraət ola bilərmi?
- Məktubda yazılanlara görə deyirəm ki, orada başverənlər erməni azarkeşlərinin təxribatı idi. Həmin oyunda Serbiya vacib xal itirmişdi. Oyunsonrası ab-hava başqa cür olub. Mən onları müdafiə etmək fikrindən uzağam. Açığı, niyyətlərini bilmirəm. Amma məsələyə soyuq başla yanaşanda görünür ki, həqiqətən də erməni azarkeşlərin təxribat etdiyini, sadəcə futbolçuların diqqətsizliyi ucubatından belə bir mənzərənin yarandığı ortaya çıxır. Mən hesab etmirəm ki, bu onların fikiridir. Məncə, bu məsələdə futbolçular o qədər ağılsızlıq edib, bu təxribata bilərəkdən getməzdilər.
- O zamanlar Saşa Stamenkoviçin də məlum foto ilə bağlı açıqlaması olmuşdu. Həmin dövr "Neftçi"də olduğunu nəzərə alsaq, düşünmək olarmı ki, bunda da sizin yaxşı mənada əməyiniz olub?
- Bəli, mən o zaman "Neftçi"nin mətbuat xidmətindən çalışırdım. Təkcə o şəkillə bağlı yox, həm də azarkeşlərlə bağlı gərginliyə görə Saşanın müdaxiləsi olmuşdu. Dərhal öz şəxsi əlaqələrindən istifadə edərək başverənlərlə bağlı ölkəsinin mətbuatına açıqlamalar vermişdi. Saşa ölkəmizə həqiqətən bağlı biridir. Hətta özünü azərbaycanlılar qədər azərbaycanlı sayan biridi. Dəfələrlə buna şahid olmuşuq.
- Azarkeşlərin paylaşımı o dönəm üçün bir gərginlik yaratsa da, düşünmürsən ki, Matiçlə bağlı vəziyyətə aydınlıq gətirmək istəyinə həm də bir növ o gərginlik səbəb olmuşdu?
- Yox, sadəcə, bu, Serbiyada "Partizan"la oyun öncəsi bir neçə səviyyəsiz azarkeşin təxribat cəhdləri idi. Bunu təbii ki, klubun və ya Serbiyanın rəsmi mövqeyi kimi dəyərləndirmək olmaz. Təxribat cəhdlərinə həssas yanaşmaq səbəbi bu idi. Bizim üçün dəyərlərimiz, vətənimiz və dövlət atributlarımız hər şeydən önəmlidir. Buna görə də biz buna biganə qala bilməzdik.
- Məlum şəkilə görə Matiçi qınamaq nə dərəcədə doğrudur?
- Bu istənilən futbolçunun başına gələ biləcək situasiyadı. Ələlxüsus da vəziyyəti nəzərə alsaq. Bir daha deyirəm ki, həmin oyunda Serbiya xal itirmişdi. 90-cı dəqiqədə buraxılan qola görə oyun bərabərliklə başa çatmışdı. Təbii ki, qələbə dalınca gəlmişdilər. Bunların fonunda oyundan sonra gərginliyin olmasını mən başa düşürəm. Söhbət təkcə Matiç və ya İvanoviçdən getmir. Məsələn, deyək ki, hansısa azərbaycanlı futbolçu oyundan çıxıb gedir klubun avtobusuna tərəf. Yolustü hansısa rəqib azarkeş əlində klubuna məxsus atributla gedib onunla qucaqlaşıb, şəkil çəkdirir. Əlində isə kiçik yazı olan nəyisə tutur. Futbolçu bunu haradan bilsin? Bəli, bu, futbolçunun böyük səhvidir. Diqqət etməlidi, amma o demək deyil ki, azarkeş əlində hansısa tutduğu yazı, həm də o futbolçunun mövqeyidir. Xeyir, bu belə deyil. Bu futbolçunun mövqeyi deyil. Belə qələmə verilməsinin tərəfdarı deyiləm. Hə, öz sosial şəbəkə hesabında həmin şəkili paylaşıbsa, əlbəttə, qınanmalıdır.
- Matiç o dönəmdə belə bir paylaşım etmişdimi?
- Mən bir balaca araşdırma elədim. Matiçin İnstaqram hesabı, səhv etmirəmsə, 2017-dən var. İlk paylaşımı o tarixdədir. Əgər bu futbolçu nəyisə paylaşırsa, hə, bu artıq onun mövqeydir. Mən bildiyim qədəri ilə bu, baş verməyib.
- Hansısa futbolçunun hərəkətinə görə, qardaşı məsuliyyət daşımalıdırmı? Bu barədə düşüncən necədir?
- Məsələn Ermənistan çempionatında çıxış edən serbiyalı futbolçu formasını qaldırıb təxribatçı şuar göstərsə, Azərbaycanda ona yer yoxdu. Nəinki ona, hətta hesab edirəm ki, qohum-əqrəbasına da Azərbaycanda yer olmamalıdır. Çünki bu öncədən planlaşdırılmış təxribatdır. Amma Nemaniya Matiçdə belə olmayıb.
- Məktubda yazılanlar Serbiya tərəfinin rəsmi münasibəti idi. Özün o dönəmdə Serbiyada olmusan və rəsmi şəxslərlə münasibətin olub. Bəs qeyri-rəsmi söhbətlərdə serblərin ölkəmizə münasibəti necə idi?
- Futbol və azarkeşlik səviyyəsində gərginlikdən başqa heç bir şey olmayıb. Azarkeşlər arasındakı gərginliyi yaradan da elə Saşa Stamenkoviç olub. Çünki uzun illər "Partizan"ın əzəli rəqibi "Srvena Zvezda"nın qapısını qoruyub. Başqa məsələlərdə qarşılaşdığımız məqamlarda bizə qarşı mübasibətləri pis olmayıb. Mən gördüyüm belə olub.
- Matiçin "Qarabağ"a transferindən sonra 6 il əvvəlki hadisə sanki yenidən alovlandı. Ümumiyyətlə, buna ehtiyac vardımı?
- Bu məsələdə mən insanların həssaslığını başa düşürəm. Hazırda elə dönəmdəyik ki, verilən reaksiya başdüşüləndi.Çox gözəl başa düşürəm. Məsələnin məğzindən xəbərdar olmasam, əmin olsam ki, bu Nemaniya Matiçin mövqeyidir. Mən də məsələyə belə həssaslıqla yanaşardım. Amma başverənlərdən xəbərdar olduğum üçün əminəm ki, bu Matiçin mövqeyi deyil. 6 il əvvəli çox yaxşı xatırlayaraq bunu deyirəm. Məsələnin məğzini biləndən sonra anlayırsan ki, bu futbolçunun mövqeyi deyil və sadəcə 2-3 dığanın təxribat cəhdidir (sportinfo.az).
saytlarin hazirlanmasi